“Akif Əlizadə mənə zəng vurub, qadağa qoydu” – Jurnalistlərə “küçük” deyən akademik

img

02-04-2018 [11:02]


Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov KİV-lərdə jurnalistin "Azərbaycanda bir dənə savadsız jurnalistin olmadığını” söyləyib, onları "bezdarnı”, "savadsız”, "heç nəyə yaramayan” və sonda "küçük” adlandırması məsələsinə yenidən münasibət bildirib.

Mia.az xəbər verir ki, o, unikal.org-a məsələ ilə bağlı müsahibə verib.

- Ramiz müəllim, KİV rəhbərləri Sizdən üzrxahlıq gözləyir. Dediyiniz ifadələrin üzərində durursunuz?

-Xeyr. Mən əsəbi olub, bu fikirləri səsləndirmişəm. Əsəbi olmasaydım, deməzdim. Amma bu fikrimin üzərində dayanıram ki, bizim jurnalistlərin əksəriyyəti savadsızdır. Mən "küçük” ifadəsini də bir jurnalistə həvalə edirəm. O adam məni doğrudan da biabır edib. Guya mən demişəm ki, "Bakıda qar yağmayacaq”.

- Bəs, niyə bir nəfərə görə bütün jurnalistləri təhqir etdiniz?

-Bir daha deyirəm, əsəbi idim. Mən heç vaxt deməmişəm ki, Bakıda qar yağmayacaq. O adam mənim adımdan məqaləni yayımladıqdan sonra Qeyri-Hökumt Təşkilatının bir nümayəndəsi var, ondan da münasibət alıb. Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalovu yəqin ki, siz də tanıyırsınız. O adam həm ekologiya, həm də ginekologiyadan danışır. Ünvanıma deyib ki, "ölsün, yerə girsin belə akademik, gör nə deyib?!”.

Mən bu sözə görə, səhərə kimi yatmamışdım, mətbuata çox əsəbləşmişdim.

- Siz hansı savadlı jurnalistləri tanıyırsız?

- Əlbəttə, Azərbaycan mətbuatında savadlı jurnalistlər çoxdur. Onların bəziləri ilə də dostluq edirəm. Mirşahin, Qulu Məhərrəmli və digər jurnalistlərimiz var ki, onlara hörmətim var.

-Belə çıxır ki, cavan jurnalistlərə qarşı hörmətiniz yoxdur?

-(Gülür) Açığını deyim ki, cavan jurnalistlərə də hörmətim var. Niyə də olmasın?! Mən bütün jurnalistlərə açıq adamam. Təəssüflər olsun ki, əsəbi vaxtıma düşdüyü üçün xoşagəlməz ifadələr işlətdim. Fikirlərimin belə rezonans doğuracağını da gözləmirdim.

-Bu fikirlərinizə görə rəhbərlik tərəfindən cəzalandırıldınız?

- Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə mətbuatda gedən ifadələrimə görə mənə irad bildirdi. Dedi ki, siz gərək bu ifadələri işlətməyəydiniz. Mənə belə ifadələr səsləndirməyə qadağa qoydu.

- Bəs Siz nə dediniz?

- Akif müəllimə dedim ki, mən də sizin kimi akademikəm!...

- Sosial şəbəkələrdə Sizin bu fikrinizi başqa cür şərh edənlər də var. Bildirilir ki, Ramiz müəllim içkili olduğu üçün bu fikirləri səsləndirib. Bəlkə içkili olmusunuz?

-(Gülür) Mənim yaşım o yaş deyil. Son vaxtlar 50 – 100 qramdan artıq içmirəm.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA