Nazilər Kabineti təhsil müəssisələrinin yeni akkreditasiyası qaydalarını təsdiqləyib

img

30-09-2010 [03:24]


Nazirlər Kabineti "Təhsil müəssisələrinin akkreditasiyası qaydaları"nı təsdiqləyib. Nazirlər Kabinetindən verilən məlumata görə, təhsil müəssisəsinin akkreditasiyası təhsil prosesinin təşkilinin, müəssisənin maddi-texniki bazasının, təhsil proqramlarının, kadr potensialının, maliyyə resurslarının və təhsil infrastrukturunun qəbul olunmuş dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədilə aparılır. Bu akkreditasiya təhsil müəssisəsinin statusunun müəyyən edilməsi, onun fəaliyyətinin növbəti 5 il müddətinə (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər tərəfindən təsis edilmiş təhsil müəssisələrinə 3 il müddətinə) uzadılması üçün hüquqi təminat yaradır. Akkreditasiya Təhsil Nazirliyi tərəfindən həyata keçirilməlidir. Təhsil müəssisəsinin akkreditasiyası hər 5 ildə (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər tərəfindən təsis edilmiş təhsil müəssisələrinin akkreditasiyası 3 ildə) bir dəfə həyata keçirilir. Bu proses tədris ili üzrə hazırlanmış və aprel ayından gec olmayaraq Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş qrafik üzrə aparılmalıdır. Akkreditasiyanın vaxtı barədə məlumat təhsil müəssisəsinə rəsmi qaydada onun keçirilməsinə ən azı 6 ay qalmış bildirilir. Akkreditə olunmuş təhsil müəssisəsinə müvafiq keyfiyyət sənədi - sertifikat verilir. Akkreditasiyadan keçməyən təhsil müəssisəsi və ya onun ayrı-ayrı təhsil proqramları 1 ildən sonra təkrar akkreditasiyadan keçə bilər. Təhsil müəssisəsi və ya onun ayrı-ayrı təhsil proqramları təkrar akkreditasiyadan keçmədikdə onun təhsil fəaliyyəti dayandırılır və təhsil alanların digər təhsil müəssisələrində təhsilinin davam etdirilməsi üçün müvafiq tədbirlər həyata keçirilir. Akkreditasiyadan keçməyən təhsil müəssisəsinin əvvəllər verdiyi təhsil haqqında dövlət sənədi öz qüvvəsində qalır. Təhsil müəssisəsi Akkreditasiya Şurasının onun akkreditasiyası barədə çıxardığı mənfi qərarla bağlı qanunvericiliyə uyğun olaraq məhkəmə qarşısında iddia qaldıra bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA