Ermənilərin azərbaycanlılara qarşı soyqırımı... - Rəşid Məmmədov yazır

img

31-03-2018 [20:19]


Rəşid Məmmədov,
"QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri

***    

Hər il mart ayının 31-i respublikamızda və Vətənimizdən uzaqlarda  azərbaycanlıların soyqırımı günü kimi qeyd olunur, erməni ideoloqlarının dövlət səviyyəsində dəstəklədikləri soyqırımı və terror siyasətinin günahsız qurbanlarının xatirəsi dərin ehtiramla yad edilir. 

100 il əvvəl — 1918-ci ilin martında daşnak-bolşevik birləşmələrinin Azərbaycanın müxtəlif bölgələrində törətdikləri amansız qətliamların əsas məqsədi azərbaycanlıları milli etnos kimi yer üzündən silmək, onların tarixi torpaqlarına yiyələnmək olmuşdur. 1917-ci ilin dekabrında Osmanlı dövləti ilə bolşeviklərin Zaqafqaziya Komissarlığı arasında bağlanmış Ərzincan barışığına uyğun olaraq Qafqaz cəbhəsindən çıxarılan rus ordusunu əvəz edən erməni hərbi birləşmələri faktiki başıpozuqluq şəraitindən istifadə edərək yerli müsəlman əhalisinə qarşı soyqırımı siyasətinə başlamışlar. Nəticədə hələ 1918-ci ilin martına qədər İrəvan quberniyasında 199 azərbaycanlı kəndi dağıdılmış, 135 min azərbaycanlının böyük əksəriyyəti ermənilər tərəfindən qətlə yetirilmiş, sağ qalanları isə Osmanlı ordusunun nəzarət etdiyi ərazilərə qaçmağa məcbur olmuşlar. 



Ümumiyyətlə 1918-ci ilin mart-aprel aylarında Azərbaycanın müxtəlif bölgələrində ən müxtəlif cinayətlərə rəvac vermiş erməni qəsbkarları soyqırımı və terroru dövlət siyasətinə çevirdiklərini bir daha təsdiqləmişlər. 1998-ci il 26 mart tarixdə "Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalayan Heydər Əliyev gənclərin tarixi həqiqətlərlə tanışlığına daha geniş meydan açmış, onları mübarizə ruhunda kökləmişdir. 1918-ci ilin məlum mart hadisələrinin 80-ci ildönümündə imzalanmış fərman erməni millətçilərinin hərəkətlərinə verilən ilk dolğun və hərtərəfli hüquqi-siyasi qiymətdir.

Əsrlər boyu azərbaycanlılara qarşı aparılmış soyqırımı və deportasiya siyasətini geniş təhlil edən tarixi sənəd əsasında martın 31-i hər il Azərbaycanlıların soyqırımı günü kimi qeyd olunur.

S.Şaumyanın erməni-bolşevik dəstələri Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə etmiş, müsəlmanların bir çox ziyarətgahlarını dağıtmışdılar. 

Bədnam qonşularımız iki əsrdən artıq müddətdə əsassız iddialarını gerçəkləşdirməyə çalışmış, bu məqsədlə terrorizm, soyqırımı və deportasiya kimi dəhşətli beynəlxalq cinayətlərə əl atmış, azərbaycanlıları kütləvi qırğınlara məruz qoymuşlar.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA