Prezidentdən akademik Əhəd Yaqubovla bağlı - Sərəncam

img

29-03-2018 [18:05]


Bu gün Prezident İlham Əliyev sərəncam verib.

Mia.az-ın məlumatına görə, sərəncamda bildirilib ki, 2018-ci ilin may ayında görkəmli Azərbaycan alimi, iki dəfə SSRİ Dövlət mükafatı laureatı, geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Əhəd Ələkbər oğlu Yaqubovun anadan olmasının 110 illiyi tamam olacaq.

Qeyd olunub ki, neft-qaz geologiyası və vulkanologiya sahəsi üzrə qiymətli tədqiqatlar müəllifi akademik Əhəd Yaqubov Azərbaycanın palçıq vulkanlarının kompleks öyrənilməsinin təşkilatçısı kimi şöhrət tapmış, onların ilk atlası və xəritələrinin tərtibinə rəhbərlik edib. Xəzər dənizi neft yataqlarından bir çoxunun kəşfi alimin adı ilə bağlıdır.

Bütün bunlar nəzərə alınaraq, ölkədə geologiya elminin inkişafına mühüm töhfələr vermiş və yüksəkixtisaslı kadrların hazırlanmasında təqdirəlayiq xidmətlər göstərmiş akademik Əhəd Yaqubovun anadan olmasının 110-cu ildönümünün qeyd olunmasını təmin etmək məqsədi ilə belə qərar alınıb:

1. Azərbaycan Milli Elmlər Akademiyası akademik Əhəd Yaqubovun 110 illiyi ilə bağlı tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA