"Azərbaycanın təhlükəsizliyini öz təhlükəsizliyimiz hesab edirik..." - Ruhanidən mühüm mesaj

img

28-03-2018 [22:53]


"Biz Azərbaycanın təhlükəsizliyini və suverenliyini öz təhlükəsizliyimiz və suverenliyimiz hesab edirik. İki dövlət, iki millət və iki xalqın iradəsi ilə biz bu əlaqələri daha da inkişaf etdirəcəyik".

Bunu martın 28-də Bakıda rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyev təkbətək görüşü zamanı İranın dövlət başçısı Həsən Ruhani deyib.

İran prezidenti bildirib ki, Biz bu Novruz bayramı günlərində sizin ölkənizin və xalqınızın qonağıyıq:

"Regionun iki böyük milləti, iki böyük xalqı ortaq tarix və mədəniyyətə sahibdir. Eyni zamanda, ortaq məqsədlər də müəyyənləşdirilib ki, qarşıdakı hədəflərə nail olunsun. Çox sevinirəm ki, hər dəfə Sizinlə görüşürük. Bunun şahidi oluruq ki, iki ölkənin əlaqələrində inkişaf əldə etmişik. Ötən bir neçə ildə biz on dəfə görüşmüşük, yəni, üzbəüz görüşmüşük. Bu da göstərir ki, iki ölkənin əlaqələri səmimiyyətə söykənir. Keçmişdə razılaşdığımız məsələlər bu gün öz töhfəsini verir və sabah da biz bir neçə açılışın şahidi olacağıq. Budəfəki səfərimizdə də əldə edəcəyimiz razılaşmalar qətiyyətlə deyə bilərəm ki, iki ölkənin əlaqələrinin inkişafına xidmət edəcək.

Sizin dövlətinizə və bütün Azərbaycan xalqına uğurlar arzulayıram. İnşallah, iki böyük İran və Azərbaycan xalqlarını qarşıda xoş günlər və aylar gözləyir. Çox şadam ki, ötən illər ərzində Sizinlə birlikdə keçirdiyimiz görüşlərin, habelə nazirlərin, müştərək komissiyanın və səfirlərin gördüyü işlərin səmərəli nəticələrinin şahidiyik. Əməkdaşlığımız təkcə iki ölkənin deyil, həm də bütün bölgənin xeyrinədir. Şimal-Cənub dəhlizi çərçivəsində Rəşt-Astara dəmir yolunun çəkilişi istiqamətində tərəfdaşlığımız qiymətcə sərfəli, rahat və qısa yol olmaqla hər iki dövlət və həm də bölgənin ölkələri, hətta Afrika, Asiya qitələri üçün faydalı olacaq. Bu, onun göstəricisidir ki, əməkdaşlığımız bölgənin və dünyanın mənafeyinə xidmət edir".

Həsən Ruhani çıxışı zamanı Xəzər dənizi ilə bağlı məsələyə də toxunub: "Xəzər dənizində başladığımız yeni əməkdaşlıq o mənanı daşıyır ki, Allahın verdiyi bu nemətdən, yəni, Xəzər dənizinin sahilyanı ölkələrə verdiyi töhfəsindən maksimum dərəcədə bəhrələnək.

Əslində, qərarın qəbul edilməməsinin nəticəsidir ki, böyük bir sərvət istifadəsiz qalıb. Biz ya əmək resurslarının, ya pulun, ya sərmayənin, ya da sərvətin istifadəsiz qalmasının tərəfdarı deyilik. Biz qarşılıqlı səylər və əməkdaşlıq yolu ilə bu sərmayədən yararlana bilərik və hər iki xalq onun şahidi ola bilər ki, Xəzər dənizi inkişaf, sülh və dostluq dənizidir. Bu dəniz qardaşlıq əlaqələrimizi daha da gücləndirir. Qarşılıqlı sərmayə qoyuluşu və sabah açılışı olacaq bəzi layihələr onu göstərir ki, hər iki dövlət münasibətlərimizin genişləndirilməsi istiqamətində addımların atılmasında, ikitərəfli və çoxtərəfli əlaqələrimizin inkişaf etməsində qərarlıdır. İki ölkə arasında elm, mədəniyyət, ali təhsil sahələrində əlaqələrin genişləndirilməsinin və turizmin inkişafının tərəfdarıyıq".

İran prezidenti iki ölkənin bölgədə və dünyada sülhün və təhlükəsizliyin təmin olunmasına dair baxışlarının oxşar olduğunu qeyd edib:

"Bölgədə və dünyada sülhün və təhlükəsizliyin təmin olunmasında oxşar və yaxın baxışlarımız vardır. Biz bu baxışlardan istifadə etmək və bölgədə, həmçinin dünyada möhkəm sülhün və təhlükəsizliyin bərqərar olduğunu görmək arzusundayıq. Arzu edirəm ki, siyasət, iqtisadiyyat, mədəniyyət sahələrində, eləcə də regional və beynəlxalq əlaqələr müstəvisində günbəgün münasibətlərimizin inkişafının şahidi olaq".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA