"Elm arenası günbəgün böyüyür və elmin inkizafı gənclərin elmə təzviqinə də ciddi təkan verir"

img

27-09-2010 [05:53]


[b]Elçin Babayev: "Elm yolunda əziyyətə qatlaşanlara, çətinliklərə baxmayaraq elmdə qalıb "külüng vuranlar"a və öz fəaliyyətlərini davam etdirən şəxslərə daim diqqət və qayğı olmalıdır"[/b] Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun elmi-tədqiqat proqramlarının, layihələrinin və digər elmi tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə 2010-cu il üçün elan etdiyi müsabiqəyə sənəd qəbulu artıq başa çatıb. Sentyabrın 15-də bitən sənəd qəbulundan sonra təqdim olunan layihələrin ekspertizasına və qiymətləndirilməsinə başlanılıb. Elmin İnkişafı Fondunun icraçı direktoru cənab Elçin Babayevin müsahibəsinə də elə müsabiqənin nəticələri ilə bağlı sualla başladıq. [b]- Elan olunan müsabiqəyə layihələrin qəbulu artıq başa çatıb. Öncə təqdim olunan layihələrlə bağlı ilkin qənaətinizi öyrənmək istərdik. [/b] - Layihələrlə bağlı rəy söyləmək üçün müəyyən qədər vaxt lazımdır. Çünki layihələr əvvəl texniki, sonra isə elmi ekspertizadan keçməlidir. İcraçı direksiya layihələrin idarə olunması işini təşkil edir, rəylər isə ekspertlər tərəfindən verilir. Yəni, müstəqil ekspertlər tərəfindən verilən rəylər ümumiləşdirildikdən sonra müsabiqənin yekunları və təqdim olunmuş layihələrin səviyyəsi haqqında daha konkret fikir bildirmək mümkündür. [b]- Bəs müsabiqənin nəticələri, yəni, qalib olan layihələr nə zaman elan olunacaq? [/b] - Biz qısa bir zamanda, yəni, sentyabr ayının sonuna qədər və mərhələ ilə Fonda daxil olmuş layihələrin əsas elmi məzmununu internet saytımızda yerləşdirəcəyik. Orada layihə rəhbərinin, iştirakçılarının adları və müəyyən detallar göstərilməyəcək. Bu addımın məqsədi şəffaflığa maksimum dərəcədə nail olmaqdır. Qrant layihələri müsabiqəsində iştirak etmək üçün sanballı elmi ideyaya, hipotezə malik olmaq lazımdır. Hər bir iddiaçı qrant müsabiqəsinin qalibi ola bilməz. Əksəriiyətin qrant müsabiqəsində iştirak etməyə həvəslə və ümidlə qoşulması bizi də sevindirir, lakin müsabiqədən "yaxşıların yaxşısı" keçə bilər. Ola bilsin ki, müsabiqədən keçə bilməyənlər subyektiv səbəblərə görə, narazı da qalsınlar. Məhz bu tip subyektivlik faktorlarını aradan qaldırmaq üçün biz Fondda işimizi şəffaflıq üzərində qururuq. Bu addımlardan biri də daxil olan layihələrin internet səhifəmizdə elmi-ictimai müzakirəsinin təşkilidir. Hər bir kəs internet səhifəmizə daxil olaraq həmin layihələrlə tanış olduqdan sonra öz elmi rəy və iradlarını, fikirlərini yaza bilər. Sonuncular da, elmi ekspertlərin rəyləri ilə yanaşı (ekspertin adı göstərilmədən!), həmin səhifədə açıq ad göstərilməklə və ya anonim şəkildə yerləşdiriləcək. Təbii ki, etika da gözləniləcək və moderator bu işə cavabdeh olacaq. Bir əsas məqamı da qeyd etmək istəyirəm ki, Fonda daxil olan layihələrin hamısının müəlliflik hüquqlarının qorunması ilə bağlı da ciddi addımlar atılır. Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin direktoru, hörmətli professor Kamran İmanovla görüşərək bu məsələni dəfələrlə müzakirə etmişik və müsabiqəyə daxil olan layihələrin elmi ideyalarının həm müsabiqə müddətində, həm də müsabiqədən sonrakı dövrdə müəlliflik hüqularının qorunması məsələsinin rəsmiləşdirilməsi haqqında razılığa gəlmişik. Müəlliflər elmi ideyalarının qanunvericiliyə uyğun olaraq qorunacağına əmin ola bilərlər. [b]- Elçin müəllim, layihə təqdim edən iddiaçıların yaş həddi necədir, daha çox yaşlı nəslin nümayəndələridir, yoxsa gənclər çoxluq təşkil edir? [/b] - Bildiyiniz kimi, layihələrin qəbulu bir-iki gündür başa çatıb. Ona görə də bu barədə konkret rəqəm söyləmək tezdir. Hazırda intensiv şəkildə statistik araşdırmalar da aparılır. Bir faktı qeyd edək ki, müsabiqəyə təqdim olunan layihələrin iştirakçılarının yaşları ilə bağlı ciddi məhdudiyyət qoyulmur. Elmi dərəcə, elmi adla və ya təşkilati tabeçiliklə bağlı da hər hansı bir maneə yoxdur. Ona görə də hesab edirik ki, daxil olan layihələrin iştirakçıları arasında hər yaş həddindən olan insanlar vardır. Bir qayda olaraq, layihə rəhbərləri qismində elmdə püxtələşmiş şəxslər çıxış edir. Keçirdiyimiz məsləhət seminarlarında iştirak edənlərin siyahısı, Fonda edilən zənglər və gələn məktublar, həmçinin layihələrə ilkin baxışların analizi göstərir ki, birinci müsabiqədə müxtəlif yaş həddinə malik insanlar iştirak edirlər. Yaş spektrinin müxtəlif olması öz-özlüyündə çox müsbət cəhətdir və ən müxtəlif təbəqələrdə inamın olmasına dəlalət edir. [b]- Rəsmi sənədlərdə, elmlə bağlı verilən rəsmi açıqlamalarda elmdə qocalma tendensiyasının olduğu bildirilir. Bu fikirlərlə razısınızmı? [/b] - Mən bu söz birləşməsinin özü ilə razı deyiləm. Yəni, insan beyninin, idrakının potensialı nə qədər imkan verirsə, o qədər də insan elmlə fəal surətdə məşğul olur. Hətta 90 yaşlı alimlərimiz də var ki, effektiv şəkildə öz beyinlərinin məhsulunu ortaya qoyurlar. Gənclər də elm sahəsində kifayət qədər özlərini göstərirlər. Fikrimizcə, elmdə püxtələşməklə, istedadı qarışdırmaq lazım deyil. İstedad hətta uşaqlıqdan belə özünü göstərə bilər və adətən insanı ömrü boyu müşaiyət edir. Amma elmdə kamil şəkildə püxtələşmək müəyyən vaxt və daimi səylər tələb edir. Bunun üçün isə müvafiq elmi mühit olmalıdır. Söhbət elmi meyarlara cavab verən, elmi tutumlu layihələrdən gedirsə, bu halda təbii ki, yaş üzərində çox da dayanmaq düzgün deyil. Digər məsələ isə gənclərin elm aləminə həvəslə gəlməsidir. Önəmli olan bu gənclər selinin, axınının kəsilməməsi, davamlı olmasıdır. Ölkədaxili və qlobal maştabda gedən sosial-iqtisadi və digər proseslər də bu məsələlərə öz güclü təsirini göstərir. Azərbaycanda da elə dövr olub ki, elmə maraq nisbətən azalıb və ya elmin hansı sahəsilə məşğul olanların sayı azalıb və ya artıb. Lakin son illərdə ölkədə sosial rifahın yüksək səviyyədə yaxşılaşması, keçid dövrünü başa vurub inkişaf dövrünə qədəm qoymuş Respublikamızda müşahidə olunan davamlı inkişaf gənclərə də öz təsirini göstərib. Hazırda gənclərin elmə axını yeni vüsətlə başlayıb. Aspiranturaya (doktoranturaya) daxil olanların sayı kifayət qədər artıb. Elm arenası günbəgün böyüyür və elmin inkişafı gənclərin elmə təşviqinə də ciddi təkan verir. Ona görə də elmdə qocalma tendensiyasının olduğunu demək, o qədər də düzgün olmazdı. Gənclər artıq elmə həvəslə gəlir və öz seçdikləri sahələrdə tədricən püxtələşirlər. Ümid edirik ki, Elmin İnkişafı Fondu da bu işdə önəmli rol oynayan qurumlardan biri olacaq. [b]- Gənclərin elmə təşviqi və bu sahədə çalışmaları üçün Elmin İnkişafı Fondu hansı addımları atır? [/b] - Gənclərlə bağlı fəaliyyət proqramımız həm Fondun ?izamnaməsində, həm də qrant müsabiqələrinin keçirilməsi qaydalarında nəzərdə tutulub. 35 yaşına qədər olan gənc alimlər üçün xüsusi müsabiqələrin keçirilməsi də nəzərdədir. Bu cür müsabiqələr gənc alimlərin potenisalının aşkar edilməsinə və onların daha da inkişaf etməsinə yardımçı olacaq. Birinci müsabiqə ölkədə elmin inkişafı sahəsindəki vəziyyətlə tanış olmaq, gizli potensialı araşdırmaq imkanı verəcəkdir. Bundan sonra əldə olunmuş təcrübələrin ümumiləşdirilməsi əsasında daha geniş və əhatəli proqramlar həyata keçirəcə biləcəyik. Elmin İnkişafı Fondunun "qapıları" isə gənclərin üzünə həmişə açıqdır. [b]- Növbəti müsabiqələrdə gənclərə hansısa güzəştlər nəzərdə tutulurmu? Yəni, şərtlər bir qədər yumşaldılar, yaxud sədd kimi görünən tələblər azaldıla bilərmi? [/b] - Elmin İnkişafı Fondu fəaliyyətə başlayandan və müsabiqəni elan edəndən bəri elə bir mövqe tutulub ki, ənənəvi sədlər minimuma endirilsin. Digər fondlarla müqayisədə, Elmin İnkişafı Fondunda qrant iddiaçılarına qarşı ciddi tələblər qoyulmaqla yanaşı, kifayət qədər sərbəstlik də verilir. Fond üçün layihə rəhbəri inanılan, güvənilən şəxsdir. Layihə rəhbəri həm maliyyə, həm elmi, həm də texniki məsələləri həll etməyə qadir olan bir şəxs olmalıdır. Qurum və təşkilatlardan asılılığı isə demək olar ki, aradan qaldırmışıq. Qrant iddiaçıları fərdi qaydada, yəni, fiziki şəxs kimi də layihələr təqdim edə bilərlər. İştirakçılara ən optimal variant kimi müvəqqəti yaradıcı kollektiv yaratmaqla həmin kollektivin adından layihələrlə müraciət etməyi tövsiyə edirik. Gənclərə gəlincə, qeyd etdiyimiz kimi, biz ciddi ayrı-seçkilik qoymuruq, lakin gənclər üçün elan ediləcək müsabiqənin özünəməxsusluqları da olacaq, şərtlərin nisbətən yumşaq olmasına çalışacağıq. Bir az əvvəl qeyd etdiyim "püxtələşmə mərhələsi"ni tam keçməyən gənc insanların elmi potensialının üzə çıxarılması üçün onlara bu cür güzəştlərin tətbiq olunması çox effektli olardı. Ümumilikdə isə, Elmin İnkişafı Fondu gənclərin elmə təşviqi üçün bütün səylərini göstərəcək, yeni-yeni yollar arayacaq və öz fəaliyyətində tətbiq edəcək. [b]- Müsabiqənin şərtlərindən biri də təqdim olunan layihənin xarici dildə olmasıdır. Bu da bəzilərinə müəyyən problemlər yaradır. Bu məsələdə hər hansı bir güzəşt ola bilərmi? [/b] - Layihənin hansı dildə tərtib olunması məsələsi Fondun müsabiqə qaydalarında təsbit olunub. Kiçik maliyyə həcmli layihələr üçün ikinci dil ingilis və ya rus dili seçilə bilər, amma 10 min manatdan yuxarı, yəni, orta və böyük həcmli layihələr üçün ikinci dil kimi ingilis dilində təqdim olunma mütləq şərtdir. Şəffaflığa, elmi quymətləndirmənin ədalətliliyi prinsipinə riayət etmək üçün layihələri həm Azərbaycandan olan ekspertlərin, həm də xaricdən olan alim və mütəxəssislərin elmi mühakiməsinə verəcəyik. Ona görə də layihələrin xarici dildə təqdim olunması labüddür. İngilis dili isə dünyada "universal elm dili" kimi qəbul olunur. Digər tərəfdən bu tələb, hər bir alim və ya mütəxəssisi ingilis dilini öyrənməyə sövq edən bir stimuldur. Razılaşmaq lazımdır ki, Elmin İnkişafı Fondunun qrantını almağa iddialı olan şəxs xarici dillərdən birini bilməlidir; dünya miqyasında elmi yenilikləri bilmədən fəal alim statusunda qalmaq olmaz. Qrantlar məhz bu cür fəal alimlər üçün stimul olmalıdır. Qrant iddiaçısı müasir elmin fövqündə dayanmalı, dünyada gedən proseslərdən xəbərdar olmalıdır. Xarici dil bilmədən ətraflı informasiyaya necə malik olmaq olar? Alim və mütəxəssis hərtərəfli, fəal olmalı, ortaya sanballı elmi işlər və nəticələr qoymalı, ciddi elmi jurnallarda çap olunan səviyyəli məqalələri ilə özünü tanıtmalı, onların elmi işlərinə daima istinadlar olmalıdır. Məhz belə alimləri Fondumuzun qrant müsabiqəsində iştirak edənlər sırasında görmək istərdik və onlara daim dəstək olmağa hazırıq. Fondumuz elm insanlarının, yaradıcı şəxslərin elmi fəaliyyətinə əlavə stimul vermək üçün ölkə başçımız tərəfindən təsis olunmuş bir qurumdur. Ali məqsədimiz isə ölkədə elmin inkişafına xidmət etməkdir. Bunun üçün Elmin İnkaşafı Fondunun icraçı direksiyası göstərilən etimadı doğrultmalı və işini yüksək səviyyədə qurmalıdır. Yeni başlanan iş isə daima təkmilləşmə tələb edir. Biz də öyrənirik və fəaliyyətimizdə müntəzəm olaraq lazımi düzəlişlər edirik. [b]- Elçin müəllim, Fondun fəaliyyəti yalnız müsabiqə elan etməklə məhdudlaşacaq, yoxsa qarşıdakı dövrdə başqa proqramlar da həyata keçirəcək? [/b] - Fondun əsas fəaliyyəti müsabiqəyə təqdim olunan layihələri dövlət tərəfindən ayrılan büdcə hesabına qrantlar vasitəsi ilə maliyyələşdirməkdir. Digər tərəfdən, Fond xüsusi elmi proqramların (elmi əsərlərin nəşri, Azərbaycanda elmi tədbirlərin təşkili, xaricdə elmi tədbirlərdə iştirak, ekspedisiya və çöl işləri, qısamüddətli təcrübəartırma və s.) həyata keçirilməsini də maliyyələşdirəcək. Fəaliyyət zamanı əldə ediləcək informasiya və təcrübə analiz olunacaq və Azərbaycanda elmin inkişafı ilə bağlı təkliflər formalaşdırılmaqla ölkə rəhbərliyinə təqdim ediləcək. Bizim əsas məqsədimiz Azərbaycanda elmin inkişafına və daha sanballı elmi ideyaların və nəticələrin ortaya çıxmarılmasına və dünya səviyyəsində tanıdılmasına nail olmaqdır. [b]- Artıq bir mərhələ demək olar ki, başa çatıb. Növbəti müsabiqənin nə zaman keçirilməsi nəzərdə tutulub? [/b] - Biz nəzərdə tutmuşuq ki, ildə iki dəfə müsabiqə elan edək. Hətta bunların tarixləri haqqında da qərarımız var - 10 may və 10 noyabr. Ən azı altı ay vaxt lazımdır ki, həm sənədlər hazırlansın, layihələr təqdim olunsun, onların ekspertizaları keçirilsin, müzakirə olunsun və qaliblər müəyyənləşdirilsin və digər zəruri işlər həyata keçirilsin. Hesab edirik ki, 2011-ci ildən biz bu tarixlərə uyğun şəkildə fəaliyyətimizi quracağıq. 2010-cu ildə bir qədər gecikdik. Bunun səbəbi həm Fondun bir yeni qurum kimi təşkilatlanması, hüquqi-normativ sənədlərin hazırlanması, həm də digər texniki məsələlər idi. Amma bu gecikmə əslində qrant iddiaçılarının xeyrinə oldu, bir çox yeni müsabiqə növləri əlavə olundu. Sonda qeyd etmək istərdim ki, elm yolunda əziyyətə qatlaşanlara, çətinliklərə baxmayaraq elmdə qalıb "külüng vuranlar"a və öz fəaliyyətlərini davam etdirən şəxslərə daim diqqət və qayğı olmalıdır. Elmdən uzaqlaşanları da başa düşürük. Güman edirik ki, Elmin İnkişafı Fondu həm birincilər, həm də ikincilər üçün ümid yeri olacaq. Elmin inkişafı isə Vətənə xidmətə, rifahımıza və gələcəyimizə istiqamətlənməlidir. [b]Zaur ƏHMƏD [/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA