Prezident ilham Əliyev Özbəkistana yola düzüb

img

27-09-2010 [10:47]


Bu gün Azərbaycan prezidenti İlham Əliyev Özbəkistana rəsmi səfərə yola düşüb. Dövlət başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasi-zadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar. Qeyd edək ki, səfər zamanı Azərbaycan-Özbəkistan əməkdaşlığının genişləndirilməsi və dərinləşdirilməsi məsələləri, qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq mahiyyətli aktual problemlər müzakirə olunacaq. Danışıqların yekunu üzrə iki dövlətin müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsinə yönəlmiş ikitərəfli sənədlərin imzalanması planlaşdırılır. Prezident səfər zamanı həmçinin Daşkənddə inşa edilən Azərbaycan Mədəniyyəti Mərkəzinin açılış mərasimində iştirak edəcək. Xatırladaq ki, dövlət başçısı İlham Əliyev sonuncu dəfə Özbəkistana 2004-cü ilin mart ayında səfər edib. 2008-ci ilin sentyabrında isə Özbəkistan prezidenti İslam Kərimov Bakıda olub. Azərbaycanla Özbəkistan arasında diplomatik əlaqələr 2 oktyabr 1995-ci ildə yaradılıb. 1996-cı ilin ortalarında Azərbaycan Respublikasının Özbəkistan Respublikasında, 1998-ci ilin may ayında Özbəkistan Respublikasının Azərbaycan Respublikasında səfirlikləri fəaliyyətə başlayıb. 2005-ci ilin 22 fevral tarixində İsmatulla Erqaşev Özbəkistan Respublikasının Azərbaycan Respublikasında yeni təyin edilmiş səfiri kimi etimadnaməsini ölkə Prezidentinə təqdim edib. 25 fevral 2005-ci ildə isə Namiq Abbasov Azərbaycanın Özbəkistana yeni təyin edilmiş Səfiri kimi etimadnaməsini ölkə Prezidentinə təqdim edib. 13 dekabr 2005-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb. İşçi qrupun rəhbəri Zahid Oruc, üzvləri Əli Əhmədov, Eldar İbrahimov, Yaqub Mahmudov, Həvva Məmmədova və Sabir Rüstəmxanlıdır. İki ölkə arasındakı əsas ikitərəfli müqavilə 26-27 may 1996-cı il tarixlərində Özbəkistan Respublikasının Prezidenti İ.Kərimovun Azərbaycana rəsmi səfəri zamanı imzalanmış ?Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə?dir. Ümumilikdə isə Azərbaycanla Özbəkistan arasında 83 dövlətlərarası və hökumətlərarası sənəd imzalanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA