Keçmiş rektorun sahibsiz qalan mülkləri... - Komitə "Universitetin binası da şəxsi mülkdür" deyir + FOTOLAR

img

27-02-2018 [14:52]


2010-cu ildə Azərbaycan Beynəxalq Universitetinin lisenziyası ləğv edilər-edilməz qalmaqallı rektor Elşad Abdullayev Fransaya qaçaraq orada məskunlaşdı. 

Keçmiş rektorun hazırki taleyi məlum olsa da, onun Bakıda qoyub getdiyi mülklər sual altındadır. Hazırda paytaxtda E.Abdullayevin istifadəsiz qalan kifayət qədər şəxsi mülkü var.

Mia.az Axar.az-a istinadən xəbər verir ki, Bakı şəhəri, Xəzər rayonu, Dübəndi qəsəbəsində yerləşən 26 saylı bağ sahəsi, Səbail rayonu, Ş.Şamil küçəsində yerləşən 11 saylı evin 8 saylı mənzili, Binəqədi rayonu, Novxanı qəsəbəsi ərazisində yerləşən 609 saylı bağ sahəsi, Azmap MMC, ABU İdman Klubu İB, Beynəlxalq Məktəbəqədər Tərbiyə Məktəbi, Beynəlxalq Kollec, Beynəlxalq Ümumtəhsil Məktəbi, ERA Hüquqi Xidmət MMC, ERA-XTM MMC E.Abdullayevin hazırda Bakıda istifadəsiz qalan mülkləri və şirkətləridir.

Əlbəttə, bu mülklər və şirkətlər içərisində ən qabarıq görünəni keçmiş ABU-dur. Böyük bir ərazini əhatə edən ABU yaxınlıqda yerləşən xidmət obyektlərinin də fəaliyyətini iflic edib. Belə ki, universitet kimi fəaliyyətdə olduğu zaman ətrafda açılan çoxsaylı kafe, dönərxana, çayxana və s. xidmət sahələri hazırda istifadəsiz vəziyyətdir: müştərinin olmaması o obyektlərin də fəaliyyətini dondurmasına səbəb olub.

Keçmiş ABU-nun binaları və zəbt etdiyi ərazi xarabaya çevrilməkdənsə, daha uyğun məqsədlər üçün istifadə edilə bilməzmi?

Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov Axar.az-a açıqlamasında bildirib ki, Elşad Abdullayevin hazırda istifadəsiz qalan mülkləri dövlət əmlakı hesab edilmir: "Azərbaycan Beynəlxalq Universitetinin binası da şəxsi mülkdür. Özəl mülkün toxunulmazlığı var. Hər hansısa iş üçün əmlak sahibinin icazəsi mütləqdir”.

Maraqlıdır, barəsində ciddi ittihamlar irəli sürülən və CM-nin bir neçə, xüsusilə, rüşvətalma və rüşvətvermə maddəsi ilə suçlanan E.Abdullayevin əmlaklarının müsadirə olunması gündəmdədirmi?

E.Abdullayevə Cinayət Məcəlləsinin 213.2.2-ci (vergi ödəməkdən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1 (rüşvət alma), 311.3.2, 311.3.3 və 29,312.2 (rüşvət vermə) maddələri ilə cinayət işi açılıb. Məsələyə hüquqi qiymət verən hüquqşünaslar hesab edirdi ki, bu maddələrlə bağlı onun işinə məhkəmədə baxılsa, hazırda Bakıda istifadəsiz qalan mülklərinə qarşı da xüsusi müsadirə tətbiq olunmalı idi.

Hüquqşünasların fikrincə, cinayət işinin istintaqı zamanı əmlakın üzərinə həbs qoyulması üçün müstəntiq vəsatətlə prokurora, prokuror da təqdimatla məhkəməyə müraciət etməlidir. Yalnız məhkəmənin qərarı ilə Elşad Abdullayevə məxsus mülklərin üzərinə həbs qoyula bilərdi.

Ancaq indiyə qədər bununla bağlı hər hansı addım atılmayıb. E.Abdullayevin Fransaya sığındığını və ölkəyə qayıtma ehtimalının olmadığını nəzərə alsaq, belə çıxır ki, paytaxtın görməli yerlərindən birinə çevrilən, xüsusi abadlıqlar aparılan 7-ci mikrorayonda göz önündə olan hektarlarla sahə və bir neçə bina göz görəsi xarabalığa çevrilməlidir?






Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA