Su təchizatı sistemi istifadəyə verildi - Qorxmaz Hüseynovdan Prezidentə hesabat

img

27-02-2018 [13:16]


Azərbaycan prezidenti İlham Əliyev Mingəçevir şəhərinin içməli su təchizatı sisteminin istismara verilməsi mərasimində iştirak edib.

"Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Mingəçevir şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində görülən işlər barədə dövlət başçısına məlumat verib.

Bildirilib ki, dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilən layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Mingəçevir şəhərində 151 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.

Qeyd olunub ki, layihə çərçivəsində Mingəçevir şəhərində 344 kilometr uzunluğunda içməli su şəbəkəsinin inşası tam başa çatdırılıb, 30 min 211 abonentin 14 mindən çoxu sayğacla təmin olunub. Şəhərdə layihələndirilmiş 236 kilometr uzunluğunda kanalizasiya şəbəkəsinin 103 kilometrlik hissəsi və 21 kilometr uzunluğunda kanalizasiya kollektoru inşa edilib.

Bildirilib ki, şəhərdə mövcud olmuş 175 kilometr uzunluğunda içməli su şəbəkəsi bütün istehlakçıları əhatə etmirdi və istismara yararsız vəziyyətə düşmüşdü, içməli su fasilələrlə verilirdi. Əhalinin qalan hissəsi tələbatını fərdi qaydada ödəyirdi. Mingəçevirdə mövcud olmuş kanalizasiya şəbəkəsi də şəhəri tam əhatə etmirdi və uzun müddət istismar olunaraq yararsız vəziyyətə düşmüşdü. Məhsuldarlığı sutkada 15 min 300 kubmetr olan tullantı sutəmizləyici qurğunun fəaliyyəti 1985-ci ildən dayandırılıb.

Prezident İlham Əliyev Mingəçevir şəhərinin içməli su təchizatı sisteminin istismara verilməsini bildirən düyməni basıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA