"Bu seçkilərdə ölkədə əsaslı siyasi dönüz yarana bilər"

img

19-09-2010 [05:29]


[b]Arif Hacılı: "Azərbaycan cəmiyyəti nəhayət ki, bu hakimiyyətdən qurtulmağın zamanının gəlib çatdığını anlamaqdadır" [/b] Artıq 7 noyabr parlament seçkilərində mübarizə aparacaq cinahlar, daha doğrusu, şəxslər bəllidir. Yeni Azərbaycan Partiyası (YAP) namizədlər siyahısını açıqlamaqla bütün qaranlıq məqamlara son qoydu. Müxalifət də kimlərlə mübarizə aparacağını müəyyənləşdirdi. Bəs görəsən, müxalifət opponentinin siyahısını necə qiymətləndirir? Bu və ya digər məsələlərlə bağlı qəzetimizə müsahibə verən Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arfi Hacılı YAP-ın namizəd korpusunu ciddiyə almadıqlarını bildirdi. - Əslində hakimiyyətin siyahısında ciddi dəyişikliklər baş verməyib. YAP-ın siyahısı çox zəifdir. Düşünürəm ki, "AXCP-Müsavat" seçki bloku üçün belə bir siyahı ilə seçkiyə qoşulan partiyaya qalib gəlmək problem deyil. [b]- Nəyə əsasən YAP-ın siyahısını zəif hesab edirsiniz? [/b] - Çünki siyahıda cəmiyyət arasında ciddi nüfuza malik olan, xalqın sevdiyi ciddi siyasi xadim kimi tanınmış adamlar həddindən artıq azdır. Siyahıda olanların əksəriyyəti Azərbaycan ictimaiyyətinə tanış olan, indiyə qədər - deputat olduqları dövrdə əslində hər hansı müsbət işlərə nail olmamış şəxslərdir. Xalq da çox gözəl bilir ki, YAP adından parlamentə düşənlərin böyük əksəriyyəti seçicilərin səsi ilə deyil, "təyinat"la mandata sahib olublar. Ona görə də hesab edirəm ki, bu siyahı seçici kütləsinin əksəriyyətini özünə cəlb edə bilməz. Bu baxımdan normal seçkidə siyahıdakıların əksəriyyəti kənarda qalar. [b]- Ancaq qeyd etdiyiniz həmin zəif namizədlər mandat sahibi olurlar... [/b] - Administrativ resursun dəstəyi və saxtakarlıq yolu ilə belə siyahısı olan partiya hansısa nəticələrə nail ola bilər. Əgər Seçki Məcəlləsində, Konstitusiya və qanunlarda nəzərdə tutulduğu kimi, bərabər təbliğat imkanları tanınarsa, belə bir siyahısı olan blokun "AXCP-Müsavat" blokuna qalib gəlmək imkanı ola bilməz. Məsələ ondadır ki, bu günə kimi keçirilən seçkilərdə hakimiyyət bütün inzibati resurslarını işə salır. Müxalifət isə yalnız seçkidən seçkiyə efirə buraxılır. O da çox məhdud zamanla. Amma hakimiyyət inzibati resurslarından istifadə edərək bütün ara zamanlarda yalnız birtərəfli kampaniya aparır. Seçki dövründə də bərabər təbliğat imkanları olmur. Amma bununla belə, hər seçkidə məğlub olur. ?əzarətində olan seçki komissiyalarının saxtakarlığı hesabına özünü qalib elan edir. Amma fakt odur ki, normal mühit yaranarsa və demokratik seçki keçirilərsə, hakimiyyət namizədlərinin böyük əksəriyyətinin məğlub olması qaçılmazdır. Ona görə də hakimiyyət dairələri mümkün qədər vəziyyəti müxalifətin əleyhinə dəyişməyə çalışır. Elə Seçki Məcəlləsinə edilən son dəyişikliklər də buna sübutdur. [b]- Hakimiyyətin hazırkı mövqeyini, ölkədəki seçkiöncəsi vəziyyəti və açıqlanan bu siyahını göz önünə aldıqda, seçki prosesindən nələri gözləyirsiniz? [/b] - YAP-ın namizədlərinin bəlkə də yarıdan çoxu tamamiylə nüfuzunu itirmiş, cəmiyyətdə heç bir hörməti olmayan insanlardan ibarətdir. Hətta normal seçki prosesi getsə, "AXCP-Müsavat" bloku normal təbliğat kampaniyası apara bilsə, bütün administrativ resursun xüsusi dəstəyinə baxmayaraq, YAP-ın namizədlərinə qalib gəlmək mümkündür. Ölkədə yeni siyasi prseslər gedə bilər. Mən gözləyirəm, Azərbaycan cəmiyyəti nəhayət ki, bu hakimiyyətdən qurtulmağın zamanının gəlib çatdığını anlamaqdadır. Seçki kampaniyası dövründə bu istiqamətdə mövqelər möhkəmlənsə və biz yaxşı seçki kampaniyası apara bilsək, bu seçkilərdə ölkədə əsaslı siyasi dönüş yarana bilər. [b]- Arif bəy, ancaq "AXCP-Müsavat" blokundan danışırsınız, heç digər müxalifət bloklarından söz açmırsınız, niyə? [/b] - Mənə elə gəlir ki, budəfəki parlament seçkilərində mübarizə "AXCP-Müsavat" bloku ilə administrativ resurs arasında gedəcək. Çünki həmişə olduğu kimi bu dəfə də hakim partiya əvəzinə administrativ resurslar bizim qarşımıza çıxıb. Ona görə bu blokun adını çəkirəm ki, administrativ resursun qarşısında tab gətirə biləcək qüvvə "AXCP-Müsavat" seçki blokudur. [b]- Digərlərinin gücü yoxdurmu? [/b] - Seçki prosesində onların hansısa rolunun olacağını düşünmürəm. "AXCP-Müsavat" seçki bloku dışında az-çox nəticələrə nail olmaq imkanına malik blok Demokratiya Uğrunda İttifaqdır. Hesab edirəm ki, bu üç qurum seçkilərdə müəyyən nəticələr əldə edəcək. Ancaq seçkilərin əsas favoriti "AXCP-Müsavat" bloku olacaq. [b]- Bu fikirləriniz polemikaya səbəb olacaq. Deyəcəklər ki, müxalifət bloklarını hakimiyyət əvəzinə Arif Hacılı aşağılayır, onları gücsüz göstərməyə çalışır... [/b] - Mən 20 ildən çoxdur ki, Azərbaycanda seçki işi ilə məşğul oluram və bilirəm ki, Yeni Azərbaycan Partiyasının arxasında hakimiyyətin resursu dayanmasa, bu blok "AXCP-Müsavat" blokunun topladığı səslərin heç onda birini toplaya bilməz. Müxalifət bloklarından ayrı-ayrı şəxslərin parlamentə düşməsi, hətta seçicilərin səsini alması da mümkündür. Ancaq hesab etmirəm ki, kimsə ölkədə "AXCP-Müsavat" seçki blokuna, yaxud DUİ-yə bərabər seçki kampaniyası aparmaq imkanına malik olan blokun olmasına iddia edə. [b]- Qarşı tərəf də iddia edə bilər ki, "AXCP-Müsavat" bloku güclə vahid namizəd müəyyənləşdirə bilib. Çünki həqiqətən də bəzi dairələrlə bağlı ciddi narazılıq yaranmışdı... [/b] [i]- (Sözümüzü kəsərək) [/i]Mən istəmirəm ki, söhbətimizin mövzusu bu istiqamətə yönəlsin. Bu seçkilərdə bizim hakimiyyət partiyasından başqa rəqibimiz yoxdur. Biz hakimiyyətdən başqa hər hansı bir qüvvəyə qarşı rəqabət aparmaq niyyətində deyilik. [b]- Arif bəy, başqa mövzuya keçək. Müsavatın MSK-ya nümayəndə göndərməsi məsələsi gündəmə gəlib. Bu məsələ nə yerdədir? [/b] - Məsələ müzakirə olunur. Biz MSK-da iki dairə və məntəqə seçki komissiyalarında bir müxalifətçi ilə bu məsələlərin həll olunmayacağı düşüncəsindəyik. MSK-ya namizəd irəli sürməməyimizin də səbəbi bundan ibarətdir. Seçki kampaniyası ərəfəsində bu mövzunun aktuallaşmasına təbii yanaşıram və hesab edirəm ki, bu məsələlər müzakirə olunmalıdır. Amma bizim irəli sürdüyümüz tələb, yəni, seçki komissiyalarının hakimiyyətin nəzarətindən çıxarılması hələlik qüvvədə qalır. [b]- Yəni, bu seçkilərə qədər MSK-ya nümayəndə göndərmək fikriniz yoxdur? [/b] - Bu məsələ müzakirə olunur. Düşünürəm ki, bu suala müzakirələr sona çatdıqdan sonra cavab vermək daha düzgün olar. [b]- Partiyadaşınız İbrahim İbrahimli MSK-ya nümayəndə kimi getmək istəyini açıqlamışdı. Müsavat rəhbərliyindəki bəzi şəxslər onun bu niyyətini müsbət qiymətləndirsələr də, Siz nədənsə, sıcaq yanaşmadınız. Bunun özəl bir səbəbi varmı? [/b] - Ümumiyyətlə, Müsavat Partiyası Mərkəzi Seçki Komissiyasına nümayəndə göndərmək barədə qərar qəbul etməyib. Belə bir qərar qəbul olunmadığı halda, kimlərinsə adlarının müzakirəyə çıxarılması lazımsız söhbətlərin əmələ gəlməsinə səbəb ola bilər. Ona görə də bu məsələlərə münasibət bildirməmişəm. Əgər real olaraq qərarlar qəbul olunsa və bu məsələnin müzakirəsi başlayacaqsa, təbii ki, mövqeyimi bildirəcəyəm. [b]- O fikirlər də səslənir ki, Sizin İbrahim İbrahimlinin MSK-ya göndərilməsinə sıcaq yanaşmamağınız onun Müsavat daxilindəki əks tərəfdə olması ilə bağlıdır. Doğrudurmu? [/b] [i]- (Tələsik)[/i] Tamamiylə yersiz, əsassız mövqelərdir. Bir daha qeyd edirəm ki, ümumiyyətlə, hər hansı məsələ müzakirə olunmayıbsa və bu müzakirələrdə mən heç nə deməmişəmsə, ordan da belə nəticə çıxarmaq düzgün deyil, Bu, belə nəticə çıxaranların fantaziyasından başqa bir şey deyil. Müsavat Partiyasının rəhbərliyi bütün məsələləri müzakirə edir və həll edir. ?ə Arif Hacılı, nə də İbrahim İbrahimli Müsavat Partiyasında hər hansı bir qruplaşmaya mənsub deyil. Müsavat Partiyasında qruplaşmalar yoxdur. Partiyada qruplaşmalar yaratmaq cəhdində bulunanlar zaman-zaman olub və onların bu cəhdləri özlərinin əleyhinə çevrilib, siyasi karyeralarına ciddi zərbə vurub. Hesab edirəm ki, məsələlərin bu kontekstdə müzakirəsi yalnız qərəzli münasibətin nəticəsidir. [b]- Bir məsələdə var ki, Məclisin son iclasında Tapdıq Abbasın məsələsi müzakirə olunarkən İbrahim İbrahimli Sizin əksinizə olaraq onu müdafiə etmişdi. [/b] - Qətiyyən! İbrahim İbrahimli Tapdıq Abbası müdafiə etməyib, dəstəkləməyib. Yəni, bu barədə deyilənlər əsassız və qərəzlidir. İbrahim İbrahimli ilə mənim mövqeyim Tapdıq Abbasın hərəkətləri ilə müzakirədə eyni olub. [b]- Arif bəy, seçki dövrü ilə bağlı nə edəcəyiniz bəllidir. Seçkidən sonrakı planlarınız nədən ibarətdir? [/b] - Biz peşəkar olaraq, siyasətlə məşğul olan adamlarıq. Müsavat Partiyası hər hansı bir seçki üçün qurulmuş partiya deyil. Təbii ki, seçkidən sonrakı dövr üçün fəaliyyət planımız var. Müsavat Partiyası hələ uzun illər Azərbaycanın əsas siyasi partiyası kimi fəaliyyətini davam etdirəcək. [b]- AXCP-Müsavat birliyi seçkidən sonra da davam edəcəkmi? [/b] - Mənə elə gəlir ki, bu suala seçkidən sonra cavab vermək daha doğru olar. Bir müddət əvvələ qədər Müsavatla AXCP-nin birliyinin baş tutmayacağı ilə bağlı verilən proqnozlar özünü doğrultmadı və bu blok baş tutdu. Hesab edirəm ki, bizim birliyimizin baş tutmayacağını düşünən insanlar hələ uzun müddət AXCP ilə Müsavatın birgə fəaliyyətinin şahidi olacaqlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA