Sürüşmə nəticəsində 4 ev dağıldı, çatlarda dərinləşmə 6 metrə çatdı - Bayılda fövqəladə vəziyyət + FOTO

img

10-02-2018 [17:19]


Bayıl yamacında baş verən sürüşmə nəticəsində 4 ev tamamilə dağılıb.

APA-nın xəbərinə gərə, bunu Səbail rayon İcra Hakimiyyəti başçısının müavini, Fövqəladə hallar komissiyasının sədri Abid Əliyev deyib.
 
O bildirib ki, dağıntılar yola tökülüb: 

"Hadisə nəticəsində xəsarət alan yoxdur. Çünki 15 gün əvvəl bütün evlər boşladılmışdı.  Ərazidə yaşayış yoxdur. Bura təhlükəli ərazi kimi müəyyənləşdirilib və  sürüşmə aktivləşən gündən ərazinin sakinləri köçürülüb, qaz, işıq, su  verilməsi dayandırılıb”.

A.Əliyev deyib ki, yağış yağan günlərdə həmin ərazidə mütəxəssislər tərəfindən tədqiqatlar aparılırdı: 

"Bu proses daimi nəzarətdədir. Yağışlar yağdıqdan sonra ərazidə təhlükə artıb, artıq sürüşmə aktivləşib. Proses davam edir.  FHN əməkdaşları, seysmoloqlar, aidiyyatı mütəxəssislər ərazidə  işləyir, məsələni aydınlaşdırır.  

Gündüzlər sakinlər evlərinə gəlib baxırlar. Gecələr ümumiyyətlə, yaşamağa icazə verilmir. Polis əməkdaşları tərəfindən bu ərazi nəzarətə götürülüb. 90-a yaxın ailəni siyahıya almışıq. Siyahı Nazirlər Kabinetinə təqdim olunub. Qərar qəbul olunsa ki, burda yaşamaq təhlükəlidir, evlərinə qayıda bilməzlər, o halda onlara yaşamaq üçün dövlət tərəfindən kirayə haqqının ödənilməsi məsələsi qaldırılacaq”. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya bildirib ki, Bayıl yamacında sürüşmə sahəsi aktiv fazadadır.

 Onun sözlərinə görə, hazırda əraziyə baxış keçirilir: "Çatlarda  dərinləşmə 5-6 metrə çatıb. Əlavə məlumat veriləcək”.

****

"Bayıl yamacında sürüşmə prosesində aktivlik müşahidə edilir”.

 Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

R.Həsənov bildirib ki, hazırda aidiyyatı qurumların, o cümlədən Fövqəladə Hallar Nazirliyinin, Səbail Rayon İcra Hakimiyyətinin nümayəndələri ərazidədir: "Ciddi problem olduğunu deyə bilərik. Əraziyə baxış keçirildiksən sonra hadisənin detalları ilə bağlı əlavə məlumat veriləcək”.
 

***

 14:45 

Bakıda Bayıl yamacında sürüşmə baş verib.

 Bu barədə APA-ya  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib.

 Ə.Qaralov bildirib ki, hazırda ekspedisiyanın əməkdaşları sürüşmə ərazisinə yollanıb: "Əlavə məlumat veriləcək”.

Yerli sakinlər APA-ya bildirblər ki,  sürüşmə nəticəsində 5-6 evə ziyan dəyib, işıq dirəkləri aşıb. Ərazidə sürüşmə prosesi davam edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA