14 yaşı tamam olmayanlara dərman satılmayacaq - Qanun təsdiqləndi

img

01-02-2018 [13:56]


Milli Məclis Azərbaycanda 14 yaşı tamam olmayan şəxslərə dərman vasitələrinin satışını qadağan edən dəyişiklik layihəsini qəbul edib.

Parlamentin bu gün keçirilən plenar iclasında "Dərman vasitələri haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Qanunun hazırda qüvvədə olan 13-cü (Əhaliyə dərman vasitələrinin buraxılması) maddəsinə əsasən, əhaliyə dərman vasitələri yalnız aptek təşkilatları tərəfindən buraxılır. Aptek təşkilatlarında "Həyati vacib və təcili hallarda istifadə edilən dərman vasitələrinin siyahısı"na daxil edilmiş dərman vasitələrinin olması məcburidir. Optik ləvazimatlar, ətriyyat-kosmetika, uşaq yeməkləri, müalicəvi mineral sular, bioloji fəallığa malik qida əlavələri və şəxsi sanitariya-gigiyena malları istisna olmaqla, aptek təşkilatlarında digər malların satılması qadağandır. Həkim resepti əsasında buraxılan dərman vasitələrinin reseptsiz buraxılması qadağandır. Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddəyə yeni - 13.3-1 bənd əlavə edilir. Bəndə əsasən, 14 yaşı tamam olmamış şəxslərə dərman vasitələrinin buraxılması qadağan edilir.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA