Nazirlər Kabinetinin yeni qərarı hansı məhsulları bahalaşdıracaq? - İqtisadçıdan detallı araşdırma

img

23-01-2018 [10:47]


Ötən ilin son günləri Azərbaycan Respublikası baş nazirinin iş günləri çox məhsuldar olub. Yalnız dekabrın 21-də Artur Rasi-zadə Nazirlər Kabinetinin18 qərarını imzalayıb. 

Onlardan biri də "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli qərarında dəyişiklik edilməsi barədə 574 saylı qərardır. 

Qərar aksiz vergisinə cəlb edilən idxala mallarının aksiz dərəcələrinin dəyişdirilməsi və bu dəyişikliyin bu sahədə fəaliyyət göstərən sahibkarların işinə təsiri olduğuna görə 30 gündən sonra, yəni yanvarın 23-dən qüvvəyə minib. Bu ona görə edilir ki, həmin müddət ərzində sahibkarlar fəaliyyətlərini yeni qərarın tələblərinə uyğunlaşdırsınlar. 

Maraqlıdır, qərarın istehlak bazarında qiymətlərin səviyyəsinə təsiri hansı formada olacaq?

Mia.az xəbər verir ki, iqtisadçı alim Qubad İbadoğlu bildirib ki, 21 yanvar 2017-cii il tarixli, 574 saylı qərarla edilən dəyişiklik yalnız idxal mallarına şamil olunur. Onun sözlərinə görə, bu qərar ölkəyə xaricdən gətirilən yalnız 1 növ benzin markasına (tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, oktan ədədi 95-dən az olan) və tərkibində tütün olan siqaret və siqarların qiymətinin bahalaşmasına təsir edir: 

"Bu qərarın digər növ benzin markalarına təsiri yoxdur. Belə ki, 92 markalı benzin idxal malı deyil, onun qiymətini yalnız Tarif Şurası artıra bilər. Super -95 və premium – 98 markalı benzin markaları idxal olunsa da bu qərarla onlara tətbiq edilən aksiz dərəcələri qaldırılmayıb. Amma bu o demək deyil ki, həmin markalı benzinin qiyməti bahalaşmayacaq. Çünki, onların qiyməti neftin dünya bazar qiymətlərindən asılı olduğuna görə hər an bahalaşa bilər.

İkincisi, siqaretlərə və siqarlara gəlincə, qiymət artımı labüddür, lakin ilk növbədə xaricdən hazır məhsul kimi gətirilən siqaret və siqarlar, sonra isə bazarların qarşılıqlı təsiri ilə daxildə istehsal olunan tütün məmulatları bahalaşacaq".



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA