"Ölkələrimizin həmişə bir-birinə qarşılıqlı dəstək verməsi önəmlidir" - Prezident İlham Əliyev

img

20-12-2017 [12:50]


Prezident İlham Əliyev dekabrın 20-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Mia.az xəbər verir ki, bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Qəbulda türkiyəli nazir ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsində çoxsaylı qarşılıqlı səfərlərin və görüşlərin önəmini vurğulayıb.

Prezident İlham Əliyevlə ötən görüşünü və bu il Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını məmnunluqla xatırlayan Mövlud Çavuşoğlu gələcək illərdə də dövlət başçılarının rəhbərliyi ilə önəmli layihələrin həyata keçiriləcəyinə ümidvar olduğunu bildirib. Azərbaycan-Türkiyə-İran xarici işlər nazirlərinin üçtərəfli görüşünün əhəmiyyətinə toxunan M. Çavuşoğlu bu görüşlərin gələcəkdə də davam etdiriləcəyinə əminliyini ifadə edib.

Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərinin ən yüksək səviyyədə olduğunu bildirən prezident İlham Əliyev əlaqələrimizin möhkəmləndirilməsində mütəmadi xarakter daşıyan yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb. Dövlət başçısı ölkələrimizin həmişə bir-birinə qarşılıqlı dəstək verməsinin və bir-birinin yanında olmasının önəmini qeyd edib. Prezident İlham Əliyev bu gün Bakıda keçirilən Azərbaycan-Türkiyə-İran xarici işlər nazirlərinin üçtərəfli görüşünün əməkdaşlığımızın möhkəmləndirilməsi baxımından əhəmiyyət daşıdığını deyib.

Bakı-Tbilisi-Qars dəmir yolunun açılışına toxunan dövlət başçısı bunu təkcə regional deyil, beynəlxalq səviyyəli mühüm tədbir kimi dəyərləndirib.

Görüşdə TANAP layihəsinin uğurla həyata keçirilməsinin əhəmiyyəti qeyd olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA