ETSN növbəti monitorinqin nəticələrini açıqlayıb; Kür və Arazın çirkləndirilməsi davam edir

img

24-08-2010 [12:15]


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə avqust ayının II ongünlüyü üçün növbəti monitorinq həyata keçirib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, avqust ayının II ongünlüyündə Kür çayında suyun sərfi avqust ayının I ongünlüyünə nisbətən 25,3 m3/san azalaraq 72 m3/san təşkil edib. Monitorinqin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib. Belə ki, Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 3, mis birləşmələri 2, Ağstafaçayda mis birləşmələri və fenollar 3, Ağstafaçay su anbarında isə fenollar 2, mis birləşmələri 3 dəfə YVQH-ni keçib. Aparılan monitorinqin nəticələrinə görə Ermənistan ilə transsərhəd olan Araz çayında suyun sərfi 10,2 m3/san olub. Belə ki, Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 3, mis birləşmələri 4, I Şahsevən məntəqəsində mis birləşmələri və fenollar 3, Bəhramtəpədə isə mis birləşmələri 3, fenollar 2 dəfə YVQH-ni keçib. Suyun oksigen rejimi bütün məntəqələrdə 5,14-5,72 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA