Bakıda müxalifətin mitinqində terror planlaşdıran şəxslər məhv edildi: DTX-dan əməliyyat

img

25-10-2017 [23:19]


Bakıda terror aktlarının qarşısı alınıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsindən Mia.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının hüdudlarından kənarda fəaliyyət göstərən dini ekstremist terror təşkilatının tabeçiliyini qəbul etmiş bir qrup şəxs Bakı şəhəri, Qaradağ rayonunun Lökbatan qəsəbəsində "Abdullah” ləqəbli Azərbaycan Respublikasının vətəndaşı Ələkbərov Bəxtiyar Məmmədsadıq oğlunun yaşadığı evdə toplaşaraq sonuncunu qeyd olunan cinayətkar birliyin tərkibində özlərindən ibarət dəstənin "əmir”i seçiblər.

Müəyyən edilib ki, həmin şəxslər ardıcıl terror aktları törətmək məqsədi ilə əldə etdikləri maddə və ləvazimatlarla kustar üsulla partlayıcı-yandırıcı predmetlər hazırlayıb, 2017-ci il oktyabrın 22-də Bakı şəhəri, Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində seçdikləri məkanda sınaqdan keçiriblər. Həmin şəxslərin əməliyyat-texniki yolla ətraflı qeydə alınmış görüşlərində onlar ölkədə sabitliyi və təhlükəsizliyi pozmaq, ictimai-siyasi qarışıqlıq yaratmaq məqsədilə 2017-ci il oktyabrın 28-də Bakı şəhərində keçiriləcək mitinqdə terror aktı törətmək barədə razılığa gəliblər.

Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar çıxarılmış şəxslərin saxlanılması üçün 2017-ci il oktyabrın 25-də kompleks əməliyyat tədbirləri keçirilib.

Əməliyyat zamanı cinayətkar dəstənin üzvləri - Azərbaycan Respublikasının vətəndaşları Ələkbərov Bəxtiyar Məmmədsadıq oğlu, "Əbu-Yunis” ləqəbli Məsimli Anar Mehman oğlu və "Əbu-Vakkaz” ləqəbli Hüseynli Cavid Hüseyn oğlu odlu silahlardan atəş açmaqla birgə silahlı müqavimət göstərərkən xüsusi əməliyyat qrupu tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada cavab tədbiri olaraq xidməti silahdan istifadə olunmaqla məhv ediliblər.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, Milli Şura oktyabrın 28-də Yasamal rayonu ərazisindəki keçmiş "Məhsul" stadionunda mitinq keçirəcək. Aksiya Bakı Şəhər İcra Hakimyyəti ilə razılaşdırılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA