Ərdoğan İraqa böyük dəstək vəd etdi, İbadi isə "daxili işlərimizə müdaxiləni istəmirik" dedi - Birgə mətbuat konfransı

img

25-10-2017 [17:55]


Xəbər verdiyimiz kimi, bu gün İraqın baş naziri Heydər əl-İbadi Türkiyəyə gəlib.

Mia.az xəbər verir ki, o, prezident Ərdoğanla görüşüb. 

Görüşdən sonra  tərəflər ortaq mətbuat konfransı keçiriblər.

Konfransda çxış edən Ərdoğan deyib ki, Ankara, Tehran və Bağdadın İraqın şimalındakı vəziyyətlə bağlı atdığı birgə addımlar öz nəticəsini verməkdədir:

"Iraqla Türkiyənin ticarət həcmi 9 milyard dollardır. İstədiyimiz budur ki, bu rəqəmi daha yüksəklərə daşıyaq. Bizim hər mənada qonşuluq və qardaşlıq bağlarımız var. Eyni mədəniyyət dəyərlərini daşıyan ölkələrik. 

Nə yazıq ki, İraq çox böyük zərbələr aldı.  Xüsusi ilə Mosulun vəziyyəti ortadadır. Kərkük belə, Telafer belə. Eyni şeylər Anbarda da yaşandı. Hardasa Bağdada qədər İŞİD terror təşkilatı hər yeri yandırıb, yaxdı. Təbii, mərkəzi hakimiyyət qərarlı addımları ilə demək olar ölkəni bunlardan təmizləyib. İnanıram ki, qalan qismi də təmizlənəcək.  

Bu durumu fürsət bilən PKK terror təşkilatının da eyni formada İraqda təşkilatlandığını bilirik. Qandil, Sincarda bu terrorçular təşkilatlanıb. Biz buralarda ortaq mücadiləyə hazırıq. Arzum budur ki, Iraqda dağıdılan bölgələr tezliklə bərpa olunsun. Biz də əlimizdən gələn dəstəyi verəcəyik".

Ərdoğan İraqdan gələn neft xəttinin də işlək vəziyyətə gətirilməsi üçün hər cür dəstəyi verməyə hazır olduqlarını da bildirib.

İbadi isə deyib ki, İŞİD-ə qarşı zəfər qazanmağı bacarıblar və bundan sonra ölkəsində heç bir qrupun fəaliyyətinə imkan verilməyəcək: 

"Iraq qanunlarına görə, qanunsuz fəaliyyətdə olan bütün silahlı şəxslərin cəzası verilir. Ordumuzun, "Haşdi Şabi"nın sıralarında savaşan övladlarımız var. Bizim görəvimiz Iraqın topraq bütünlüyümüzü təmin etmək və terror qruplarına qarşı mübarizə aparmaqdır.

Təəssüf ki, kürd liderləri Iraqın bölünməzliyini diqqətə almadan referendum keçirdi. Bəzilərı bu referendumla torpağımızı parçalamaq və sərhədlərimizi yenidən müəyyənləşdirmək istədilər. Bizlər irqi, məzhəbi nə olursa olsun, Iraq Mərkəzi Hökuməti olaraq, bütün vətəndaşlarımızı  qorumağa cavabdeh və məsuluq. Hazırkı İraq qüvvələri  Səddam dövrünə bənzəmir. Bütün ordununu hədəfi vətəndaşları qorumaq, onların təhlükəsizliyini təmin etməkdir. Orduya bu istiqamətdə qəti təlimat vermişik".

İbadi deyib ki, bölgədə sabitliyin təmin olunması qarşıda duran ən böyük vəzifələridir: 

"Bölgəmizdə müharibə əvəzinə, iqtisadi yüksəlişi təmin edəcək addımlar atmalıyıq. Türkiyə ilə ikili əlaqələrimizin daha güclü formada davam etməsini istəyirik və heç bir ökənin daxili işlərimizə müdaxilə etməsini istəmirik".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA