Penitensiar Xidmətin 11 əməkdaşı məhbusların qaçmasına görə işdən qovuldu - ADLAR

img

25-10-2017 [15:21]


Bakıda məhbusların qaçması faktı ilə bağlı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 əməkdaşı işdən çıxarılıb.

Mia.az "Report"a istinadən xəbər verir ki, Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonda məhbuslara nəzarət edən Penitensiar Xidmətin əməkdaşları Elvin Namazov, İlkin Emilov, Vüsal Məmmədov, Tehran Musayevvə adı hələ açıqlanmayan daha 4 nəfər işdən qovulub.

Bundan başqa, bu gün barələrində məhkəmə qərarı iləhəbs qətimkan tədbiri seçilmiş qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanovda ədliyyə orqanlarından xaric edilib.

Bu gün Nəsimi Rayon Məhkəməsində Bakıda məhbusların qaçması faktı ilə bağlı Penitensiar Xidmətinin üç əməkdaşı - qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının verdiyi vəsatətə baxılıb. M
əhkəmə vəsatəti təmin edib. 
Qərara əsasən, hər üç şəxs barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.


Xatırladaq ki, Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonla paytaxtda gətirilən məhbuslar Əli Ağami və Etibar Məmmədov qaçıblar. Qəsdən adam öldürmədə təqsirləndirilən Ə.Ağami və E.Məmmədovun cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılır.

Ötən həftə dövlət ittihamçısı onların hər birinin ayrı-ayrılıqda 19 il müddətə azadlıqdan məhrum edilməsini istəyib. Hər iki şəxs oktyabrın 22-də gecə Lənkərandan Bakıya qatarla gətirilib. Oktyabrın 23-də səhər saatlarında Biləcəri stansiyasında E.Məmmədovla Ə.Ağami qatardan düşürülən zaman qaçıblar.
Təqsirləndirilən şəxslər Bakı İstintaq Təcridxanasına aparılırmış.

Kriminal aləmdə tanınan Ə.Ağaminin hazırda həbsdə olan "Lotu Quli”yə yaxın şəxslərdən olduğu bildirilir. "Qoca” ləqəbli E.Məmmədov isə daha çox Etibar Hacıqabulski kimi tanınır.

Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 304.2-ci (azadlıqdan məhrum etmə yerindən, həbsdən və ya mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda başlanmış cinayət işi üzrə və qaçan məhbusların tutulması istiqamətində istintaq əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, həbs edilənlərdən qarovul rəisi Ceyhun Səmədov Penitensiar Xidmətin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanovun bacısı oğludur.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA