Azərbaycan FHN-nin Rusiyada yanğınsöndürmə əməliyyatlarında iztirak edən heyəti Bakıya qayıdıb

img

19-08-2010 [01:02]


Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyinin (FHN) iki helikopteri Rusiyada meşə yanğınlarının söndürülməsinə kömək etmək üçün avqustun 4-də bu qonşu ölkəyə göndərilmişdi. FHN-in Rusiyada yanğınsöndürmə əməliyyatlarında iştirak edən 19 nəfərlik heyəti Bakıya qayıdıb. Azərbaycana məxsus iki helikopter Rusiyada yanğından ən çox əziyyət çəkən vilayətlərdən biri - Ryazanda yanğının söndürülməsində iştirak edib. Heyət üzvləri yanğınların söndürülməsində fəal iştirak etdiklərinə görə Rusiya hökumətinin qiymətli hədiyyələri və ölkənin Fövqəladə Hallar Nazirliyinin medalı ilə təltif ediliblər. Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxin yanğınsöndürmə əməliyyatlarında göstərdikləri köməyə görə, azərbaycanlı yanğınsöndürənlərə təşəkkür edibdir. Fövqəladə Hallar Nazirliyinin aviasiya dəstəsinin rəisi, polkovnik Əşrəf Qasımov jurnalistlərə bildirib ki, FHN heyəti yanğınsöndürmə əməliyyatlarına avqustun 5-də vəziyyətin gərgin olduğu Ryazan vilayətində başlayıb və Azərbaycan pilotları orada yüksək fədakarlıq nümayiş etdiriblər. Ryazanda olduqları müddətdə Azərbaycan pilotları 49 uçuş keçirmiş, bu uçuşlarda 850 tondan artıq su daşınaraq yanğın nöqtələrinə səpilibdir. İstər Ryazan vilayətinin rəhbərliyi, istərsə də Rusiya hökuməti Azərbaycan yanğınsöndürənlərinin işini yüksək qiymətləndiribdir. Ryazan qubernatoru bizi yola salmağa şəxsən özü gəlmişdi. Həmçinin Rusiyanın fövqəladə hallar naziri və Baş naziri bölgədə bizimlə görüşüb və təşəkkürlərini bildiriblər. Əşrəf Qasımov bildirib ki, avqustun 17-də Moskvada yanğınsöndürmə əməliyyatlarında iştirak etmiş xarici heyətlə görüş keçirilib. Əməliyyatlarda iştirak etmiş şəxslər ?Fövqəladə halların nəticələrinin aradan qaldırılmasına görə? medalı ilə təltif olunublar. Rusiyanın Baş naziri Vladimir Putin də azərbaycanlı heyətə təşəkkürünü bildirib və 3 nəfərə hədiyyələr təqdim etdirib. Hava şəraiti yaxşı olduqda azərbaycanlı pilotların səhər saat 7.00-dan 21.00-dək işlədiyini deyən Əşrəf Qasımov vurğulayıb ki, işlərimizə əsasən tüstü mane olurdu. Tüstü imkan verən kimi uçuşlara başlayırdıq. Azərbaycan heyəti əvvəllər də yanğınsöndürmə əməliyyatlarında iştirak etmələrinə baxmayaraq, Rusiyadakı şərait fərqli idi və heyət kifayət qədər təcrübə qazanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA