“MilliÖN”də qəpiklər “yoxa çıxır” - Yığılan pulları kim götürür?

img

07-09-2017 [17:42]


Bakıda şəhərdaxili sərnişin avtobuslarının əksəriyyəti "BakıKart”la işləyən sistemə keçiriləndən sonra pos-terminal problemi yaranıb.

"Bakıkart”a gediş yükləmək üçün lazım olan MilliÖN terminalları yalnız müəyyən dayanacaqlarda quraşdırılıb. Üstəlik, quraşdırılan, sayı məhdud olan bu aparatların bəziləri günün müəyyən vaxtlarında, bəziləri isə günlərlə işləmir.

Məsələn, "Azərbaycan” prospekti ilə "İstiqlaliyyət” küçəsinin kəsişdiyi ərazidəki dayanacaqda quraşdırılan 2 pos-terminal. Bu terminallarda ya "əməliyyatda səhv” yazılır, ya da terminalın monitoru heç nə göstərmir. Burada kartına pul yükləyə bilməyən sərnişin məcburdur ki, Xarici İşlər Nazirliyinə qədər piyada getsin, ya da avtobusa yaxınlaşıb kiməsə 20 qəpik uzadıb, onun "”balansından” xərcləsin.

Çünki pos-terminal quraşdırılan növbəti dayanacaq nə uzaq, nə yaxın, düz nazirliyin qarşısındadır.

MilliÖN terminallarıyla bağlı yaşanan problem təkcə bu deyil. Paytaxt sakinlərinin saytımıza verdiyi məlumatlarda daha maraqlı məqamlar yer alıb. Belə ki, əhalinin iddiasına görə, kartlara pul yükləmək istədikdə, qəbul olunmayan qəpiklər bəzi hallarda "yoxa çıxır”. Səbəb isə sadədir: küçədə quraşdırılan bu pos-terminalın qəpik yerinə qalın kağız parçası daxil edilir və "yoxa çıxan” qəpiklər məhz o boşluqda yığılıb qalır. Buna şahid olan sərnişinlər bildirirlər ki, həmin yerdən bu qalın kağız çıxarıldıqdan sonra post-terminalın qəbul edə bilmədiyi qəpiklər üzə çıxır. Kağız çıxarılmadıqda isə qəpiklər yığılır qalır, sonrakı taleyi isə məchuldur…

Sadalanan problemlərlə bağlı BakuPost.az-ın əməkdaşı MilliÖN-lə əlaqə saxlayıb. Şirkətin növbə rəisi Rəfiqə Əliyeva suallarımızı dinlədikdən sonra bildirib ki, onları cavablandıracaq şəxs şirkətdə yoxdur və sentyabrın 11-indən sonra gələcək.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev isə bildirib ki, yaranmış problemlə bağlı şirkətə məlumat veriləcək və əgər tədbir görülməzsə, adı çəkilən dayanacaqda "BakıKart” terminalı quraşdırılacaq:"Biz çalışırıq ki, sərnişinlər üçün hər bir şərait yaradılsın. Əgər "MilliÖN” yaranmış problemi aradan qaldırmazsa, həmin ərazidə "BakıKart” pos-terminalı istifadəyə veriləcək”.
BakuPost.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA