Azərbaycan sərhədçiləri Xəzərdə genişmiqyaslı təlim keçirdi - FOTOLAR

img

15-08-2017 [10:57]


Azərbaycan Respublikasının Prezidenti Ilham Əliyevin 11 sent­yabr 2013-cü il  tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azər­bay­can Respublikasının dəniz təhlükə­sizliyi strategiyası”na əsasən Dövlət Sərhəd Xidməti dəniz sərhədlərinin etibarlı mü­hafizəsi, Xəzər dənizi­nin Azərbaycan Respublikasına mənsub böl­məsində təhdid­lərə qarşı effektiv mübarizə fəaliyyətinin təmin edilməsi və dənizdəki şəraitdən müfəssəl şəkildə xəbərdar olma, müasir texniki imkan­lardan istifadə et­məklə döyüş hazırlığının daim yüksək səviyyədə saxlanıl­ması isti­qa­mətində zəruri tədbirləri davam etdirməkdə­dir.

Mia.az DSX-nın saytına istinadən xəbər verir ki, 2017-ci il 12-14 avqust tarixlərində "Xəzər dənizinin Azərbaycan Respub­likasına mənsub bölməsində qaçaqmalçılıq, qeyri-qanuni ticarət, mütəşəkkil cinayətkarlıq və enerji infrastrukturuna qarşı terror-təxribat aktlarının qarşısının alınması zamanı Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən axtarış əməliy­yatları keçirməklə terror­çu qrupların zərərsizləş­dirilməsi və dəniz təhlükəsizliyinin təmin olunması mövzu­sun­da taktiki təlim keçirilb:

"Taktiki təlimə cəlb olunmuş gəmilərin əksəriyyəti Azərbaycan Respub­likasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab Ilham Əliyevin tapşırığı əsasında yaradılmış Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində inşa edilmişdir. Itisürətli və yüksək üzmə qabi­liyyətinə malik, mükəmməl naviqasiya və radiotexniki avadanlıq­larla, müasir silahlarla təchiz edilmiş sərhəd gözətçi gəmiləri taktiki təlimdə yüksək manevr imkanları və döyüş qabiliyyəti nümayiş etdiriblər.

Taktiki təlimin əsas məqsədi Xəzər dənizində neft-qaz yataqları, sualtı boru kəmərlərinin mühafizəsinin təşkili və döyüş əməliyyatlarının aparılması zamanı Dövlət Sərhəd Xidmətinin silahlı birləşmələrinin döyüş hazırlığının yüksəldilməsi, qarşılıqlı fəaliyyətdə komandir heyə­tinin idarəetmə bacarığının inkişaf etdirilməsi, dənizdə  sərhəd axtarı­şının aparıl­ması, helikopterlərin və gəmilərin raket-artilleriya qurğuların­dan atışların keçirilməsi üzrə praktiki vərdiş­lərin təkmilləş­diril­məsi olub.

Üç mər­hələdə on taktiki epizod üzrə keçirilən təlimlərdə neft-qazçı­xarma rayonlarının, plat­formaların, ixrac boru kəmər­ləri­nin mühafizəsi və mü­dafiəsi ilə bağlı Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin və Çevik Hərəkət Qüvvələrinin gündəlik xidməti şəraitdən fövqəladə şərai­tə keçirilməsi və birgə axtarış əməliy­yatlarının aparılması, sorğuya cavab verməyərək ərazidən uzaqlaşan gəminin dayandırılması üçün xəbərdarlıq atəşinin açılması, havadan çevik qru­pun helikopter vasitəsilə gəmiyə desantlaş­dırıl­ması, gəmidə şərti düş­mənin terror-təx­ribat qrupunun zərərsizləş­dirilməsi, dayan­dırılmış gəmiyə təlim keçmiş xidməti itlər və xüsusi ax­ta­rış vasitələri ilə baxış keçi­rilməsi, küt­ləvi qırğın silahlarının kom­ponentlərinin və narkotik vasi­tələ­rin aşkar edilməsi kimi təlim tapşırıqları uğurla icra edilib".

Məlumata görə, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gözətçi gə­milərinin, Çevik Hərəkət Qüvvələrinin helikopterlərinin raket kompleks­ləri və zenit-artilleriya qurğu­ların­­­dan suüstü, sahil və hava hədəflərinə döyüş atışları müvəffəqiyyətlə həyata keçirilmiş, neft platforması rayonunda kəşfiyyat fəaliyyəti ilə məşğul olan rəqibin pilotsuz uçuş apara­tının və tələblərə tabe olmayan üzmə vasitəsinin, şərti düşmənin sualtı təxribat qruplarının və sahildə düşərgə qurmuş şərti terrorçu qruplarının aşkarlanması və məhv edil­məsi üzrə tapşırıqlar yüksək dəqiqliklə icra olunub:

"Təlimdə qarşıya qo­yulan vəzifələr tam həcmdə icra olunmuş, şəxsi heyət möhkəm inti­zam, yüksək döyüş hazırlığı və peşəkarlıq nümayiş etdirilib.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Qu­liyev təlimlərin uğurlu yekunu və yüksək nəticələr münasibətilə şəxsi heyəti təbrik etmiş, Xəzər də­nizin­də dövlət sərhəd­lərinin etibarlı mü­hafizəsinin, döyüş hazırlığının daha da yüksəldilmə­si­nin, neft-qaz hasilatı və daşınması infrastruk­turunun təhlü­kə­siz­liyi­nin təmin edilmə­sinin Dövlət Sərhəd Xidmə­tinin əsas vəzifələrindən biri olmasını vurğulamış, Xəzər dənizində sərhəd mühafizə imkanlarının təkmilləş­dirilməsi və şəxsi heyətin peşəkar­lığının daha da artırılması üzrə tapşırıqlar verib".



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA