Eldar Mahmudov BMT-nin rezident əlaqələndiricisini qəbul edib

img

28-07-2010 [04:49]


Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudov Birləşmiş Millətlər Təşkilatının (BMT) ölkəmizdə yeni təyin olunmuş Rezident Əlaqələndiricisi, BMT İnkişaf Proqramının Rezident Nümayəndəsi, səfir Fikrət Akçuranı qəbul edib. Milli Təhlükəsizlik Nazirliyinin Mətbuat Mərkəzindən verilən məlumata görə, nazir Eldar Mahmudov səfir Fikrət Akçuranı Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib. Nazir BMT ilə Azərbaycan Respublikası arasında münasibətlərin inkişafı yönümündə, habelə BMT İnkişaf Proqramı və ?Cənubi Qafqazda Narkotiklərə Nəzarət? (SCAD) Regional Yardım Proqramı üzrə həyata keçirilən layihələr çərçivəsində ölkəmizin hüquq-mühafizə orqanlarının, o cümlədən Milli Təhlükəsizlik Nazirliyinin texniki və metodiki baxımdan təchizatı və beynəlxalq təcrübə mübadiləsinin təşkili, narkotiklərin qaçaqmalçılığı ilə mübarizə sahəsində yardımları və önəmli səyləri yüksək qiymətləndirib. Milli təhlükəsizlik naziri görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun yaratdığı fəsadlara da toxunub. Nazir deyib ki, ölkəmizin problemin hamılıqla qəbul olunmuş beynəlxalq prinsip və hüquq normalarına uyğun ədalətli həlli uğrunda göstərdiyi səylər, Azərbaycanın işğal edilmiş ərazilərinin azad olunmasına dair BMT-nin müvafiq qətnamələrinin yerinə yetirilməsi və bu işdə aidiyyəti beynəlxalq strukturların ardıcıl çalışmaları zəruridir. Daha sonra, nazir Eldar Mahmudov beynəlxalq terrorçuluqla və transmilli mütəşəkkil cinayətkarlığın digər təhlükəli təzahürləri ilə aparılan mübarizə ilə bağlı məlumat verib. Səmimi qarşılandığına və təbrikə görə minnətdarlığını bildirən səfir Fikrət Akçura Azərbaycanda BMT Rezident Əlaqələndiricisi təyin olunmasından qürur duyduğunu, təmsil etdiyi beynəlxalq qurumun ölkəmizdə həyata keçirdiyi müvafiq proqramların xalqın rifahı və inkişafı naminə əhəmiyyətli töhvə verməsi üçün bundan sonra da hərtərəfli kömək göstəriləcəyini qeyd edib. Səfir Fikrət Akçura Azərbaycanın tərəqqisi üçün başlıca təminat olan mövcud ictimai-siyasi sabitliyi yüksək qiymətləndirib. Xarici diplomat bu işdə, eləcə də bütün sahələrdə hər cür təhdidlərin xəbərdar olunmasında və qarşısının alınmasında, həmçinin ölkədə fəaliyyət göstərən diplomatik korpusun təhlükəsizliyinin təmin olunmasında MTN-in rolunu xüsusi vurğulayıb. İşgüzar və qarışılıqlı anlaşma şəraitində keçən görüşdə tərəfləri maraqlandıran digər məsələlər üzrə də fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA