ETSN əhalini bir daha odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır

img

27-07-2010 [12:35]


Son günlər respublika ərazisində havaların isti və küləkli keçməsi ilə əlaqədar meşələrdə və meşə fonduna daxil olmayan yaşıllıq ərazilərdə yanğınların baş vermə təhlükəsi artıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, iyulun 25-i saat 21:50 radələrində Ələt-Hacıqabul magistral avtomobil yolunun 40-cı kilometrliyində yanğın hadisəsi baş verib. Yanğına avtomobildən atılan söndürülməmiş siqaret kötüyü səbəb olub. Yanğın təbii və alaq otlarından ibarət olan 30 hektar ərazini, o cümlədən magistral yolun kənarında uzun illər çılpaq vəziyyətdə qalmış və ölkə prezidentinin tapşırığına əsasən, ETSN-in əməkdaşları tərəfindən yetişdirilmiş meşə ərazisindən 1,2 hektar sahəni əhatə edib. Yanğın ETSN-in yerli qurumları, Hacıqabul rayon İcra Hakimiyyəti, habelə Fövqəladə Hallar Nazirliyinin Hacıqabul rayon dövlət yanğından mühafizə hissəsinin əməkdaşlarının səyləri nəticəsində söndürülüb. Yanğın nəticəsində ağaclara ciddi ziyan dəyməyib. Daha bir yanğın hadisəsi isə Qusar rayonu ərazisində qeydə alınıb. İyulun 26-sı saat 13:00 radələrində Qusar rayonunun Ləcət bələdiyyəsinə aid torpaq fondunda mal-qara saxlayanların tonqal yandırması nəticəsində 1 hektar ərazini əhatə edən yanğın hadisəsi baş verib. Yanğın ETSN-in yerli qurumları və Qusar rayon dövlət yanğından mühafizə hissəsinin əməkdaşlarının səyi ilə söndürülüb. İyulun 26-sı saat 14:30 radələrində isə Oğuz rayonunun Böyük Söyüdlü bələdiyyəsinə aid 2,1 hektar kollu örüş sahəsində sönməmiş siqaret kötüyündən quru otlara od düşməsi nəticəsində yanğın hadisəsi baş verib, küləkli hava şəraiti səbəbindən yanğın 0,9 hektar meşə fondu ərazisinə keçib. Yanğın ETSN-in yerli qurumları və Oğuz rayon dövlət yanğından mühafizə hissəsinin əməkdaşlarının köməkliyi ilə qısa müddət ərzində söndürüldüyündən meşə fonduna ziyan dəyməyib. ETSN havaların isti və küləkli keçməsi ilə əlaqədar əhalini bir daha təbiətdə olarkən odla ehtiyatlı olmağa, söndürülməmiş siqaret kötüklərini atmamağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə və milli sərvətimiz olan meşələri qorumağa çağırır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA