Rəsmi Ankara geri çəkilmədi, Almaniya ordusunu bu gündən çıxarmağa başladı - Gərginlik böyüyür

img

09-07-2017 [14:46]


Ötən il Almaniya Bundestaqın uydurma "erməni soyqırımı"nı tanımasından sonra Türkiyənin alman millət vəkillərinin "İncirlik"dəki alman əsgərlərini ziyarət etməsinə icazə verməməsi ilə davam edən gərginlik, nəhayət, rəsmi Berlini fərqli yol seçməyə məcbur edib.

Mia.az xarici mətbuata istinadən xəbər verir ki, bu gün Almaniya İncirlikdə yerləşən 260 nəfərdən ibarət əsgər və bombardmançı təyyərələrinin bir hissəsini Türkiyədən çıxarıb: "Artıq Almaniya ordusunun 260 nəfərdən ibarət şəxsi heyət və qırıcı təyyarələrinin bir hissəsi bu gün "İncirlik"dən İordaniyaya  - "Azraq" bazasına köçürülüb. Bu proses mərhələlərlə həyata keçiriləcək. Çox güman ki, proses qısa müddətə başa çatdırılacaq".

Xatırladaq ki, bir neçə ay əvvəl Almaniyanın müdafiə naziri Ursula von der Leyen "İncirlik"dəki alman hərbçilərinin köçürülməsi üçün İordaniya ilə rəsmi danışıqlar aparıb. O, bu məqsədlə İordaniyaya səfər edərək, kral Abdullahla görüşmüşdü. 

Görüşdən sonra həmin ölkədəki "Azraq" hərbi hava bazasına gedən alman nazir deyib ki, buraya heyran qalıb:

"Bu hərbi hava bazasının olduqca böyük potensialı var. Burada isti qarşılandıq, böyük dəstək gördük. Bundan çox şadıq. İraqla Suriyanın sərhədində yerləşən İordaniyanın ABŞ-ın liderliyində olan İŞİD-ə qarşı koalisiyaya daxil olması da "Azraq"ı Almaniya üçün cəlbedici edib".

Həmin vaxtı alman nazir "İncirlik" hərbi bazası ilə bağlı Türkiyə ilə aralarında yaranmış gərginliyə də toxunaraq, bildirmişdi ki, hələlik Almaniya son qərarını verməyib: "Türkiyə ilə danışıqlarımız davam edir. Ancaq eyni zamanda, hərbçilərimizin köçürülmə ehtimalına da hazır olmaq məcburiyyətindəyik. Bizim üçün alman deputatlarının xaricdəki hərbçilərimizi ziyarət edə bilmələri kritik əhəmiyyət daşıyır".

Görünür, bir neçə ay əvvəl verilən bu açıqlamadan sonra Almaniya rəsmi Ankara ilə uzlaşa bilmədi və bu gündən etibarən əsgər və texnikasını "İncirlik"dən çıxarmağa məcbur qalıb. Bəzi ekspertlər isə bu məsələnin iki ölkə arasında yaşanan gərginliyin bundan sonra daha fərqli müstəvilərdə böyüyəcəyini proqnozlaşdırırlar. Elə ötən gün G-20 sammitinin bağlanış mərasimində Merkelin "Türkiyə ilə fərqliliyimiz və bir çox məsələlərə bağlı fərq baxışlarımız var" deməsinin ardınca, Ərdoğanın yenə də "Almaniya siyasi intihar edir" cavabını təkrarlaması da gərginliyin qarşıdakı aylarda daha da yüksələcəyinin xəbərçisi saymaq olar...

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA