Naxçıvan Resurs Mərkəzində ciddi maliyyə mənimsəmələrinin olduğu bildirilir

img

22-07-2010 [04:27]


"Naxçıvan Muxtar Respublikasında vətəndaş cəmiyyəti və qeyri-hökumət təşkilatlarının inkişafına xidmət etmək məqsədiylə ABŞ səfirliyindən maliyyə dəstəyi alan "Demokratiya və QHT-nin İnkişaf Resurs Mərkəzi" İctimai Birliyində ciddi maliyyə mənimsəmələri var". Naxçıvandan Müstəqil İnformasiya Agentliyinə göndərilən məktublarda belə qeyd edilir və bildirilir ki, birliyin sədri Məlahət Nəsibova həyat yoldaşı İlqar Nəsibovu özünə müavin təyin etdikdən sonra, sözügedən birlikdə vəziyyət mənfiyə doğru dəyişib: "İlk vaxtlar bu QHT-nin ətrafında xeyli sayda QHT-lər (30-a yaxın) və fəal insanlar cəmləşmişdilər. Lakin Nəsibovların "kapriz"ləri səbəbindən hazırda mərkəzin ətrafında bir nəfər belə yoxdur. Bu məqsədli olub, çünki çoxluğun sərf etməyəcəyini başa düşərək onları sürətlə və müxtəlif bəhanələrlə Resurs Mərkəzindən uzaqlaşdırıblar ki, ayrılan maliyyə vəsaitlərini rahatlıqla mənimsəyə bilsinlər". Şikayətçilərin bildirdiyinə görə, son 7 ildə fəaliyyət göstərən Resurs Mərkəzinə bir neçə beynəlxalq təşkilat tərəfindən maliyyə yardımları ayrılıb. Bu təşkilatlar elə hesab edib ki, ayırdıqları vəsaitlər Naxçıvan kimi bir bölgədə vətəndaş cəmiyyətinin inkişafına xidmət edəcək: "Lakin bu təşkilat nəinki bölgədə vətəndaş cəmiyyətini inkişaf etdirmiş, əksinə, təşkilata ayrılan vəsaitlərin böyük hissəsi mənimsənilib. Bunu bu yaxınlarda Naxçıvan MR Vergilər Nazirliyinin bu təşkilatda apardığı yoxlamaların nəticələri də təsdiqləyir. Son üç illik maliyyə araşdırmaları zamanı məlum olub ki, təşkilatın hesabına müxtəlif donorlar tərəfindən 95000 manata qədər vəsait daxil olub. Lakin bu vəsaitin hansı istiqamətlərə xərclənməsinə dair sənədlər tələb olunan zaman təqribən 60000 manata qədər vəsaitin xərclərinə dair bir dənə də olsun sənəd təqdim edilməyib. Çox maraqlıdır ki, Naxçıvan MR Vergilər Nazirliyi nəinki bu faktları ciddi araşdırır, əksinə, bu faktları ört-basdır etməyə cəhd göstərir". Məlumata görə, araşdırma zamanı məlum olub ki, bu insanlar ayrılan vəsaitləri özlərinə, uşaqlarına əmək haqqı olaraq silmiş, Məlahət Nəsibovanın guya atasına aid olan (əslində qrant hesabına alınmış), hazırda isə özlərinin yaşadıqları mənzil ofis kimi göstərilmiş və külli məbləğdə maliyyə vəsaiti bu və ya digər yollarla mənimsənilmişdir: "İndi vəziyyətdən çıxmaq üçün Nəsibovlar maliyyə sənədlərinin guya polislər tərəfindən oğurlandığını bildirirlər. Əslində isə bu, həqiqətə uyğun deyil. Əgər onların əlində xərclərə dair sənəd olmasa belə, bunu hesabat verdikləri donorlardan da istəyə və surətlərini əldə edə bilərlər. "örünür, bu onlara sərf etmir". Onu da qeyd edək ki, hesabatı verilməyən maliyyə vəsaitinin hamısı Soros Fonduna aiddir. Yoxlamalar zamanı bu fonda müraciət edilmiş və onlarda olan sənədlərin təqdim olunması xahiş edilsə də, nəticəsi olmamışdır. "Bütün bunlara baxmayaraq, adi bir vergi pozuntusunu olduqca ciddi şəkildə araşdıran Naxçıvan MR Vergilər Nazirliyi bu faktlara göz yumur". Şikayətçilər öz müşahidələrinə və digər mətbu orqanlarda qeyd edilənlərə əsaslanıb həm də bildirirlər ki, mərkəz rəhbərliyi son illər hakimiyyətyönlü mövqe sərgiləyir: "Məsələn, bu ilin əvvəllərində Culfa rayonunun Bənəniyar kəndində polislərlə kənd sakinləri arasında baş verən insident zamanı onlarla insanın həbsinə nədənsə Nəsibovlar etiraz etmədilər. Hətta onlar yalan məlumatlar yayaraq guya kəndlə telefon əlaqəsi yarada bilmədiklərini deməklə kifayətləndilər. Halbuki o zaman Bakıdakı KİV nümayəndələri kəndə zəng edərək hadisələrdən xəbər tuturdular...".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA