2010 dövlət büdcəsinə yenidən baxılması barədə Milli Məclis qarzısında məsələ qaldırıla bilər

img

16-07-2010 [05:57]


?2010-cu il dövlət büdcəsi haqqında qanununda dəyişikliklər edilməsi barədə? qanun 18 iyun 2010-cu il tarixdə Milli Məclisdə qəbul edilib, 3 iyul 2010-cu il tarixdə isə qüvvəyə minib. Dəyişikliklər nəticəsində 2010-cu ilin büdcə gəlirləri 1490 mln. manat (14,9%) artırılaraq 11505,0 mln. manata, büdcə xərcləri isə 1011,3 mln. manat (9,0%) artırılaraq 12275,3 mln. manata çatdırılıb. Həmçinin büdcənin gözlənilən kəsiri 478,7 milyon manat azaldılaraq 770,3 milyon manat müəyyən edilib. Bununla da dövlət büdcəsinin gözlənilən kəsirinin ümumi daxili məhsula (ÜDM) nisbəti 3,9%-dən 2,3%-ə düşüb. Hökumətin müvafiq izahatında dəyişikliklərə əsas kimi 2010-cu ilin ilk 4 ayında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) gəlirlərinin proqnozdan 1,9 mlrd. manat, vergi orqanları xətti ilə dövlət büdcəsinə daxil olan vəsaitlərin isə proqnozdan 151,8 mln. manat artıq olduğu göstərilir. MIA-nın xəbərinə görə, Milli Büdcə Qrupu 2010-cu il üçün təsdiq olunmuş dövlət büdcəsinə yenidən baxılması zərurətinin hüquqi və iqtisadi aspektlərini, dəyişikliklərin strukturunu araşdıraraq aşağıdakı qənaətə gəlib: 1. Dəyişikliklərin hüquqi, makroiqtisadi əsasları və proseduru Büdcəyə dəyişikliklərin edilməsi üçün qanuni əsaslar təqdim edilməyib. Azərbaycan Respublikasının Konstitusiyasının 96-cı maddədsinin 7-ci bəndində göstərilir ki, qanun və qərar layihələri əsaslandırılmalı və onların qəbul edilməsinin məqsədləri göstərilməlidir. Lakin, ?2010-cu il dövlət büdcəsi haqqında qanununda dəyişikliklər edilməsi barədə? qanuna dair hökumətin müvafiq izahatında və Hesablama Palatasının dəyişikliklərə verdiyi rəydə büdcəyə yenidən baxılmasının hüquqi əsasları göstərilməyib, ?Büdcə sistemi haqqında? qanunun hər hansı maddəsinə istinad olunmayıb. Qanunun 23.3-cü maddəsinə əsasən, dövlət büdcəsinin icrası prosesində gəlirlər və kəsirin maliyyələşdirilməsi üzrə faktiki daxilolmalar rüblük göstəricilərdən kənarlaşdıqda, dövlət büdcəsinin icrasında ahəngdarlığın, habelə onun gəlirləri və xərcləri arasında tarazlığın pozulması təhlükəsi yarandıqda və həmin halları müvafiq icra hakimiyyətinə verilən səlahiyyətlər çərçivəsində aradan qaldırmaq mümkün olmadıqda, qanunvericilik təşəbbüsü qaydasında və Konstitusiyanın 109-cu maddəsinin 2-ci bəndi nəzərə alınmaqla may ayının 15-dən tez və oktyabr ayının 15-dən gec olmayaraq cari ilin dövlət büdcəsinə yenidən baxılması barədə Milli Məclis qarşısında məsələ qaldırıla bilər. Qeyd etmək lazımdır ki, qanunvericilikdə büdcəyə yenidən baxılması yalnız büdcə gəlirlərinin gözləniləndən az yerinə yetirilməsi və büdcə kəsirinin artması hallarında nəzərdə tutulur və belə dəyişikliklər rüblük göstəricilər əsasında aparılır. Milli Məclis üzvlərinə isə 2010-cu ilin rübləri deyil, yalnız dörd ayı üzrə Azərbaycan Respublikası dövlət büdcəsinin icrasına dair operativ məlumat təqdim olunub. Ona görə də Milli Büdcə Qrupu hesab edir ki, son büdcə düzəlişləri zamanı qanunvericilikdə dəyişiklik üçün nəzərdə tutulan halların heç biri baş verməyib, büdcə gəlirləri proqnozdan cüzi fərqlənib, xərclər isə kəsirlə icra olunub, dövlət büdcəsinin icrasında ahəngdarlığın, gəlirlər və xərclər arasında tarazlığın pozulması təhlükəsi yaranmayıb. Makroiqtisadi göstəricilər də büdcə dəyişikliklərinə əsas vermirdi. Büdcəyə dəyişikliklər edilməsi səbəblərindən biri kimi 2010-cu ilin yanvar-aprel aylarında baş verən makroiqtisadi dəyişiklər və büdcə gəlirlərinin artması göstərilir. Əslində isə göstərilən müddətdə ÜDM-in artımı proqnozdan əhəmiyyətli dərəcədə fərqlənmir. Həmçinin büdcə gəlirləri proqnozla müqayisədə cəmi 0,5% artıq yerinə yetirilib. Belə ki, Vergilər Nazirliyi üzrə proqnozlar 11,7% artıq icra olunsa da, ARDNF-dən transfertlər 8,6% kəsirlə yerinə yetirilib. Eyni zamanda, 2010-cu ilin yanvar-aprel aylarında büdcə gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 1,6% az olub. Xərclərə gəldikdə isə, yanvar-aprel aylarında 15,1% kəsirlə yerinə yetirilib. Kəsir bütün bölmələri, həmçinin artırılması nəzərdə tutulan dövlət investisiya, iqtisadi fəaliyyət, səhiyyə və əsas bölmələrə aid edilməyən xidmətlər üzrə xərcləri əhatə edir. Bu halda haqlı sual ortaya çıxır ilin ilk 4 ayında 20%-i xərclənməmiş dövlət investisiya və iqtisadi fəaliyyət xərclərini artırmaq nə dərcədə məntiqə uyğundur? Həmçinin, o biri bölmələr üzrə ?lazım olan əlavə tədbirləri? qənaət hesabına reallaşdırmaq mümkün idi. Prosedur məsələlərinə gəlincə, Milli Məclis büdcə düzəlişlərini bir oxunuşda qəbul edib. 2010-cu ilin dövlət büdcəsinə dəyişiklər üzrə sənədlər Milli Məclisə 15 iyun 2010-cu il tarixdə daxil olub. Sənədlər millət vəkillərinə İqtisadi siyasət və Aqrar siyasət komitələrinin 16 iyun 2010-cu il tarixli iclasına 40 dəqiqə qalmış paylanıb. Dəyişikliklər Milli Məclisin 18 iyun 2010-cu il tarixli toplantısında bir oxunuşda qəbul edilib. Azərbaycan Respublikası Milli Məclisinin daxili nizamnaməsinin 16-cı maddəsində göstərilir ki, Milli Məclisdə qanun layihələrinə, bir qayda olaraq, üç oxunuşda baxılır. Parlament sədrinin qərarı ilə və ya Milli Məclisin protokol qaydasında qəbul etdiyi qərarla qanun layihəsinə bir oxunuşda baxıla bilər. MBQ-nin araşdırması zamanı belə bir qərarın mövcudluğu aşkara çıxmayıb. Eyni zamanda, nizamnamənin 8-ci maddəsində göstərilir ki, Milli Məclisin iclaslarında baxılacaq qanun layihələri iclasa azı 3 gün qalmış deputatlara paylanılır. Lakin Milli Məclis üzvlərinə həmin sənəd vaxtında deyil, 1 gün gecikdirilərək çatdırılıb. Odur ki, MQB hesab edir ki, ?2010-cu il dövlət büdcəsi haqqında qanununda dəyişikliklər edilməsi barədə? qanunun qəbulu zamanı prosedur pozuntularına yol verilib. 2. Büdcə gəlirləri Büdcə gəlirlərinin artımı 100% neft sektoru hesabına təmin edilir. Büdcə gəlirlərinin 1490 mln. manat (14,9%) artımının 490 mln. manatı büdcə gəlirlərinin, 1 mlrd. manatı isə ARDNF-dən əlavə transfert hesabına təmin edilməsi nəzərdə tutulur. Büdcə gəlirlərinin artımının 320 mln. manatı Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) üzrə mənfəət vergisininin, 120 mln. manatı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) üzrə ixrac vergisinin, 50 mln. manatı isə ARDNF-dən büdcəyə transfertlərin büdcə xərclərinə yönəlməsi nəticəsində yaranan ƏDV artımı hesabına təmin ediləcək. Neft Fondu büdcə gəlirlərinin yarıdan çoxunu verəcək. ARDNF-dən transfetrlərin 1 mlrd. manat artırılması nəticəsində fondun büdcə gəlirlərinin formalaşmasında payı 51,4%-ə çatacaq. Bu isə 2009-cu ildə qeydə alınmış mənfi tendensiyanın (Neft Fondundan birbaşa transfertlərin vergi gəlirlərini ötməsi) daha da dərinləşməsinə gətirib çıxarır. Eyni zamanda 2010-cu ildə ARDNF-ə daxil olması gözlənilən 8663,1 mln. manat vəsaitin 6428,4 mln. manatının xərclənməsi nəzərdə tutulur. Qeyd etmək lazımdır ki, bu il ərzində Fonda toplanmış vəsaitlərin 74,2%-i istifadə edilməli olacaq. Bu göstərici əvvəlki dövrlə müqayisədə nisbi mənada azalsa da, mütləq ifadədə artımı ifadə edir. Büdcənin neftdən asılılığı 71%-dən yuxarı olacaq. Büdcəyə son dəyişikliklər zamanı hökumət elan edib ki, 2010-cu il büdcə gəlirlərinin 3620 mln. manatı qeyri-neft, 7885 mln. manatı isə neft sektorunun payına düşəcək. Büdcə dəyişiklikləri zamanı ortaya çıxan məsələlərdən biri də ARDNF-dən ayrılacaq 1 mlrd. manat transfertin büdcə xərclərinə yönəldilməsi nəticəsində əlavə 50 mln. manat ƏDV-nin yaranmasıdır. Beləliklə, aydın olur ki, ARDNF-dən ayrılmış 5915 mln. manat həcmində transfert büdcə xərclərinə yönəldilərkən 295,75 mln. manat ƏDV yaradacaq. Bu isə onun göstəricidir ki, əslində büdcənin neftdən asılılığı hökumətin elan etdiyi kimi 68,5% deyil, 70 faizdən çoxdur. Yerli gəlirlərin dövlət büdcəsindəki payı yenə azalır. Büdcəyə edilmiş digər mühüm bir dəyişiklik isə, yerli gəlirlərin 30,8 mln. azaldılması və bunun müqabilində yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsaitlərin 30,7 mln. manat artırılmasıdır. Bu dəyişiklik bir sıra vergi ödəyicilərinin şəhər və rayon ərazi vergi orqanlarının uçotundan çıxarılaraq mərkəzləşdirilmiş şəkildə vergi ödəmələri ilə izah edilir və texniki xarakter daşıyır. Əslində isə, bu dəyişiklik büdcə resurslarının mərkəzləşdirilməsi, yerli büdcələrin dotasiyadan asılılığının artırılması siyasətinin tərkib hissəsidir. 2010-cu ilin təsdiq edilmiş büdcəsində yerli gəlirlərin payı 4,6%-ə enmişdi. MBQ 2010-cu ilin təsdiqlənmiş büdcəsinə rəyini açıqlayarkən bu problemi qeyd etmişdi. Dəyişikliklərdən sonra dövlət büdcəsində mərkəzləşdirilmiş və yerli gəlirlər arasındakı nisbət daha da dərinləşib. Belə ki, yerli gəlirlərin büdcədə payı 3,7% təşkil edəcək ki, bu da son illərdə ən aşağı səviyyədir. Neftin qiyməti üzrə proqnozların artırılması ARDNŞ-nin ixrac vergisi istisna olmaqla, başqa vergi ödənişlərinə təsir göstərməyəcək. Dövlət büdcəsinin hesablanmasında neftin qiymətinin 1 barelə görə 45 dollardan 60 dollaradək artırılmasına baxmayaraq dəyişikliklər ARDNŞ-nin vergi ödəmələrində ixrac vergisi istisna olmaqla, artım nəzərdə tutmur. Halbuki, neftin qiymətinin proqnozları üstələməsinin şirkətin ödədiyi mənfəət vergisinin və ƏDV-nin həcminə təsir göstərəcəyi şübhəsizdir. Belə görünür ki, ARDNŞ-nin vergi ödənişləri hələ də hesabatlar əsasında deyil, hökumətlə razılaşdırılmış qaydada müəyyən edilmiş öhdəliklər çərçivəsində ödənilməkdədir. 3. Büdcə xərcləri Selin vurduğu ziyanın aradan qaldırılması üçün ayrılmış vəsait dəqiq hesablamalara və müvafiq icra proqramlarına söykənmir. Büdcə xərclərinin nəzərdə tutulan 1011,3 mln. manatının 300 mln. manatı Kür, Araz və başqa çayların daşması nəticəsində bəzi regionlara dəymiş ziyanın aradan qaldırılmasına, 608,5 mln. manatı dövlət əsaslı vəsait qoyuluşuna, 99,3 mln. manatı bəzi səhiyyə proqramlarının, elmin maddi-texniki bazasının möhkəmləndirilməsi, kommunal sistemdə tədbirlər, xarici ölkələrdə səfirliklər və diplomatik nümayəndəliklər üçün binaların alınması və digər tədbirlər üçün nəzərdə tutulur. Kür və Araz çaylarının daşması nəticəsində Sabirabad və ona yaxın rayonların su altında qalması, fəlakətin nəticələrinin aradan qaldırılması üçün vəsaitlərin ayrılması gözlənilən idi. Hökumət nümayəndələri bu məqsəd üçün tələb olunan məbləğin 400 mln., hətta 500 mln. manat olması barədə fikirlər səsləndirmişdilər. Gözləmək olar ki, hökumət 2011-ci il büdcəsində də bu məqsəd üçün əlavə vəsait ayıracaq. Fəlakətin nəticələrinin aradan qaldırılması üçün 300 mln. manat ayrılsa da, ortada dəyən ziyanın miqyası və onun ləğvi ilə bağlı hökumətin hər hansı sənədi və layihəsi yoxdur. Ayrılmış vəsait dəqiq hesablamalara və müvafiq proqramlara söykənmədiyindən ondan qeyri-şəffaf və səmərəsiz istifadə halları müşahidə oluna bilər. Müdafiə sahəsinə investisiyalar çoxalacaq. Artımdan sonra 2010-cu il büdcəsində dövlət əsaslı vəsait qoyuluşlarının həcmi 4157,5 mln. manata çatır ki, bu da büdcə xərclərinin 33,9%-ni təşkil edir. Artırılmış vəsaitin 400 mln. manatı müdafiə və təhlükəsizlik istiqamətinə yönəldiləcək. Bunun da əsaslandırılması ?ölkəmizin yerləşdiyi bölgələrdə yaranmış geosiyasi vəziyyətə uyğun olaraq, onun müdafiə qabiliyyətinin daha da artırılması və təhlükəzsiliyin təmin edilməsindən? ibarətdir. İzahat o qədər aydın olmasa da, vəsaitlərin əsasən müdafiə sahəsinə investisiya qoyuluşuna yönəldiləcəyi məlumdur. Qeyd etmək lazımdır ki, son 2 ildə hökumət bu xərcləri gah müdafiə funksional bölməsinə, gah da dövlət investisiya xərclərinə daxil edir. Məsələn, 2009-cu ildə müdafiə xərcləri azaldılaraq bu sahədəki tikinti xərcləri dövlət investisiya xərclərinə daxil edilmişdi. Həmçinin 2010-cu ilin büdcəsi təsdiq olunarkən müdafiə sahəsinə yönəldiləcək investisiyalar 2009-cu illə müqayisədə 3 dəfə azaldılmışdı. Son dəyişikliklər bu ixtisarın bərpasını nəzərdə tutur. Beləliklə də, müvafiq dəyişikliklər müdafiə sənayesinə investisiya qoyuluşları məqsədi daşısa da, müdafiə xərclərinə deyil, investisiya xərc maddəsinə daxil edildiyindən müdafiə xərcləri bölməsinin büdcə xərclərindəki əvvəlki payı 10,7 faizdən 9,8 faizə qədər azalır. İnfrastruktur layihələrinə ayrılan vəsaitlər artırılacaq. Yuxarıda sadalananlardan artıq qalan vəsait elm, səhiyyə, təhsil, sosial-müdafiə sahəsində təxirəsalınmaz problemlərin həlli, Bakı şəhərinin elektrik enerjisi ilə təminatının etibarlılığının təmin edilməsi, nəqliyyat infrastrukturunda müəyyən layihələrin başa çatdırılmasına sərf ediləcək. Hökumətin büdcə siyasətində aydın görünən xətlərdən biri imkan düşən kimi infrastruktur layihələrinə ayrılan vəsaitlərin artırılmasıdır. Eyni zamanda, dövlət investisiya layihələrinin istiqamətləri və layihələrin dəyəri barədə məlumatlar yenə də Milli Məclis üzvlərinə, həmçinin ictimaiyyətə açıqlanmır. 2009-cu ildən başlayaraq Nazirlər Kabinetinin təsdiqlədiyi dövlət investisiya layihələrinin siyahısı heç bir hüquqi əsas olmadan ciddi-cəhdlə kütləvi informasiya vasitələrindən və vətəndaş cəmiyyəti təmsilçilərindən gizlədilir. Qeyd etmək lazımdır ki, dövlət investisiya xərclərinin səmərəliliyi, şəffaflığı və korrupsiya riskləri barədə vətəndaş cəmiyyətinin çoxsaylı sualları qalmaqdadır. Kommumal sektorda islahat xərcləri 109,5 mln. manata çatdırılıb. 2010-cu ilin təsdiqlənmiş büdcəsində ?İqtisadi fəaliyyət? bölməsində ?Kommunal və kommunikasiya xidmətləri sistemində islahatların aparılması ilə bağlı xərclər? kimi 50,0 mln. manat vəsait nəzərdə tutulurdu. Büdcədə dəyişikliklər zamanı bu xərclərə daha 59,5 milyon manat əlavə edilərək (yəni, 2 dəfədən çox artırılaraq) 109,5 mln. manata çatdırılmışdır. Bu vəsaitin nəyə istifadə ediləcəyi, bu sektorda hansı islahatların nəzərdə tutulması barədə həkumətin izahatında məlumat yoxdur. 4. Büdcə kəsiri Dəyişiklərdən biri də 2010-cu ilin dövlət büdcəsinin gözlənilən kəsirinin 478,7 mln. manat azaldılaraq 770,3 mln. manata endirilməsidir. 2010-cu ilin dövlət büdcəsinin qəbulu zamanı müəyyən edilmiş büdcə kəsirinin ÜDM-in 4%-i həcmində müəyyən edilməsi diqqət cəlb edirdi. 2007-2009-cu illərdə dövlət büdcəsi profisitlə icra olunduğu halda, 2010-cu ilin büdcəsində 1249 mln. manat büdcə kəsirinin nəzərdə tutulması narahatlıq doğururdu. Bununla belə, MBQ 2010-cu ilin təsdiq edilmiş büdcəsinə rəyində bildirmişdi ki, təsdiqlənmiş büdcə kəsirinin 701,4 mln. manatı beynəlxalq maliyyə qurumlarınının infrastruktur layihələri üçün ayırdığı kredit hesabına örtüləcəyindən, söhbət faktiki olaraq 547,6 mln. manat kəsirdən söhbət gedir. Dəyişikliklərdən sonra isə büdcənin faktiki kəsiri 68,9 mln. manat olacaq ki, onun da örtülməsində hər hansı problemin olması gözlənilmir. 5. Neftin qiyməti və proqnozlaşdırma Dövlət büdcəsi və icmal büdcənin hesablanmasında istifadə edilmiş neftin qiyməti 45 dollardan 60 dollara qaldırılıb. Dövlət büdcəsi və icmal büdcənin gəlirlərində proqnozların yenilənməsi də bununla bağlıdır. 2010-cu ilin büdcəsi qəbul edilərkən bu rəqəmin real olmadığı, 2010-cu ildə neftin qiymətinin azı 60-65 dollar olacağı qeyd olunurdu. Həmçinin, 2010-cu ilin büdcəsi təsdiqlənərkən neftin 1 barelinin qiyməti təxminən 70 dollar idi. Qeyd etmək lazımdır ki, bir il ondan əvvəl, 2009-cu ilin dövlət büdcəsi Milli Məclisdə təsdiqlənərkən neft dünya bazarında 50 dollar olduğu halda hökumət büdcənin hesablanmasında neftin qiymətini 70 dollar götürmüşdü. İstər neftin qiyməti, istərsə də büdcənin ayrı-ayrı gəlir və xərc istiqamətləri, habelə orta müddətə dövlət büdcəsi və icmal büdcəsinin gəlirləri və xərc istiqamətləri üzrə faktiki icranın proqnozlardan kəskin fərqlənməsi hökumətin bu sahədə problemlərinin olduğunu göstərir. Dövlət büdcəsinə hər il, may-iyun aylarında düzəlişlər edilməsinin bir səbəbi də bu problemlərlə, daha dəqiq desək proqnozlaşdırmadakı qeyri-dəqiqliklə bağlıdır. 5. Tövsiyələr Milli Büdcə Qrupu qeyd edilənləri nəzərə alaraq aşağıdakı tövsiyələri irəli sürür:  Büdcəyə yenidən baxılması üzrə normativ-hüquqi bazanın təkmilləşdirilməsi vacibdir. İndiki qanunvericilik yalnız gəlirlərin kəsirlə icrası halında dövlət büdcəsinə dəyişikliyin edilməsini nəzərdə tutur. Odur ki, təkmilləşdirmə izafi gəlirlərin yaranması hallarını da özündə ehtiva etməli və bu prosesi də reqlamentləşdirməlidir.  Büdcə dəyişikləri ilə bağlı hökumətin müvafiq hesabatında və Hesablama Palatasının rəyində bu dəyişikliklərin hüquqi əsasları və məqsədləri, qanunvericiliyə istinadlarin əks olunması vacibdir. Belə istinadlar dəyişikliklərin qanunvericiliyə uyğunluğunu göstərə bilər.  Dürüst büdcə proqnozlaşdırması işinin təşkili olduqca vacibdir. İstər neftin qiyməti, istərsə də büdcənin ayrı-ayrı gəlir və xərc istiqamətləri, habelə orta müddətə dövlət büdcəsi və icmal büdcənin gəlirləri və xərc istiqamətləri üzrə faktiki icranın proqnozlardan kəskin fərqlənməsi hökumətin bu sahədə problemlərinin olduğunu göstərir. Dövlət büdcəsinə hər il may-iyun aylarında düzəlişlər edilməsinin bir səbəbi də bu problemlərlə, daha dəqiq desək proqnozlaşdırmadakı qeyri-dəqiqliklə bağlıdır.  Hökumətin uzunmüddətli tarazlı və dayanıqlı büdcə strategiyasının formalaşdırması vacibdir. Belə siyasət formalaşarsa, növbəti il və orta müddətə büdcə siyasəti də bu strategiya əsasında qurula bilər və reallığa söykənmiş olar.  Sel nəticəsində regionlara dəymiş ziyanın aradan qaldırılması üçün ayrılmış vəsaitlərin istifadəsi üzərində maliyyə nəzarəti və vətəndaş nəzarətinin təmin olunması üçün Hesablama Palatası və vətəndaş cəmiyyəti qurumlarının səylərini artırması vacibdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA