Leysan yağızları Şəkini bərbad vəziyyətə salıb

img

15-07-2010 [02:36]


İyulun 14-dən 15-nə keçən gecə Şəki rayonu ərazisində küləklə müşayiət olunan güclü leysan yağışları nəticəsində Şəki şəhərində və ətraf kəndlərdə sosial obyektlərə, infrastruktura və fərdi yaşayış evlərinə ciddi ziyan dəyib. Rayon Fövqəladə Hallar Komissiyasından bildiriblər ki, güclü sel suları şəhərin ?Yuxarıbaş? Tarix-Memarlıq Qoruğu ərazisində bütün küçələrdə, habelə M.F.Axundov və M.Rəsulzadə prospektlərində asfalt örtüyünü tamamilə dağıtmış, evlərə, mağazalara, həyətlərə daş-çınqıl, lil dolmuş, ciddi dağıntılara səbəb olmuşdur. Bəzi yerlərdə ağaclar tikililərin üstünə aşmışdır. Bundan əlavə, bir neçə minik avtomobili də yararsız hala düşüb. Bəzi kəndlərdə əhalinin təsərrüfatlarına ciddi ziyan dəymiş, kənddaxili yollar dağılıb. Elektrik dirəklərinin aşması və qaz xətlərinin dağılması nəticəsində Şəki şəhərinə elektrik enerjisinin və təbii qazın verilişi dayandırılıb. Rabitə xətlərinə də xeyli ziyan dəymiş, əlaqələr kəsilib. Oğuz istiqamətində avtomobil yolunda respublika əhəmiyyətli körpünün dayaqlarının bir hissəsi yuyulub. Güclü sel suları şəhərin Baş Su Hövzəsində ?Tövlə qayası? adlanan ərazidə Şəki şəhərini içməli su ilə təmin edən suötürücü qurğunu dağıdaraq, fəaliyyətini tamamilə dayandırıb. Yaranmış vəziyyətlə əlaqədar şəhər rəhbərliyi operativ tədbirlər həyata keçirir. Baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə kömək məqsədi ilə müvafiq dövlət qurumlarına da müraciət olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA