Bu il Azərbaycanda adambazına düzən aylıq gəlir 215 manata çatıb

img

15-07-2010 [11:25]


2010-cu ilin yanvar-iyun ayları ərzində əhali istehlak bazarından 6,3 milyard manatlıq istehlak malları almış və 2,0 milyard manatlıq pullu xidmətlərdən istifadə edib. MIA Dövlət Statistika Komitəsinin internet saytına istinadən xəbər verir ki, ötən ilin birinci yarısına nisbətən pərakəndə əmtəə dövriyyəsi 8,4 faiz, o cümlədən ərzaq məhsullarının satışı 7,6 faiz, qeyri-ərzaq mallarının satışı 11,1 faiz, pullu xidmətlərin həcmi 10,5 faiz artıb. 2010-cu ilin yanvar-may aylarında Azərbaycanda qeydiyyatda olan hüquqi və fiziki şəxslər dünyanın 126 ölkəsindəki tərəfdaşları ilə 10,6 milyard ABŞ dolları məbləğində idxal-ixrac əməliyyatları aparıb. Xarici ticarət dövriyyəsinin 8,2 milyard dollarını Azərbaycandan ixrac olunmuş mallar, 2,4 milyard dollarını ölkəmizə idxal edilmiş məhsullar təşkil etmiş, 5,8 milyard dollarlıq müsbət saldo yaranıb. 2009-cu ilin yanvar-may ayları ilə müqayisədə xarici ticarət dövriyyəsinin həcmi 1,5 dəfə, o cümlədən ixrac 1,8 dəfə, idxal 4,5 faiz artıb. İdxal-ixrac əməliyyatlarının 55,9 faizi Avropa, 36,4 faizi Asiya, 6,2 faizi Amerika, 1,4 faizi Afrika qitəsi ölkələrinin, 0,1 faizi isə Okeaniyanın payına düşmüşdür. Xarici ticarət əməliyyatlarının 25,4 faizi İtaliya, 7,9 faizi İsrail, 7,0 faizi Fransa, 6,2 faizi Rusiya Federasiyası, 5,3 faizi Ukrayna, 4,6 faizi Amerika Birləşmiş Ştatları, 4,4 faizi İndoneziya, 3,9 faizi Malayziya, 3,6 faizi Çin, 3,4 faizi Xorvatiya, 2,9 faizi Türkiyə, 2,5 faizi Hindistan, 1,9 faizi Sinqapur, 1,8 faizi Türkmənistan, 1,7 faizi Gürcüstan, qalan 17,5 faizi digər dövlətlərlə aparılıb. 2010-cu ilin birinci yarısında keçən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri 9,7 faiz artaraq 11,5 milyard manata çatıb. Hər bir nəfərə düşən gəlirlər isə 8,4 faiz artaraq 1290 manata (orta hesabla ayda 215,0 manata) çatıb. Gəlirlərin 70,0 faizi son istehlaka, 9,7 faizi vergilərin, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 18,6 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf edilib. Muzdla işləyənlərin orta aylıq əmək haqqı yanvar-iyun aylarında 5,0 faiz artaraq 315,2 manata çatıb. Sənaye, tikinti, nəqliyyat və s. sahələrdə işləyənlərin əmək haqqı daha yüksək olub və yanvar-may ayları ərzində sənayedə çalışanların orta aylıq əmək haqqı 457,5 manat, tikinti kompleksində işləyənlərin əmək haqqı 497,3 manat təşkil edib. Əhalinin gəlirlərinin artması onların ticarət şəbəkəsindən daha çox istehlak malları almasına və xidmətlərdən daha geniş istifadə etməsinə şərait yaradır. Məhz belə şəraitin yaranması nəticəsində ötən ilin birinci yarısına nisbətən pərakəndə əmtəə dövriyyəsi 8,4 faiz artaraq 6,3 milyard manata, pullu xidmətlərin həcmi isə 10,5 faiz çoxalaraq 2,0 milyard manata çatıb. Realizə olunmuş əmtəələrin 65,7 faizini ərzaq məhsulları, 34,3 faizini isə qeyri-ərzaq malları təşkil etmiş və onların satışı, müvafiq olaraq, 7,6 və 11,1 faiz artıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA