Ombudsman azərbaycanlı hərbi qulluqçunun cəsədinin qaytarılması ilə bağlı BQXK-nın prezidentinə müraciət edib

img

06-07-2010 [05:58]


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova azərbaycanlı əsir və girovların məsələsini daim diqqətdə saxlayır, onların hüquqlarının müdafiəsində səylər göstərərək əsirlikdən azad olunmasına çalışır. Ombudsman Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) dəfələrlə rəsmi müraciət edərək bir neçə hərbi əsirin Azərbaycan tərəfinə qaytarılmasının sürətləndirilməsində yardımçı olub. Ombudsman Aparatından MIA-ya verilən məlumata görə, 2010-cu il iyunun 18-dən 19-na keçən gecə Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Mübariz Ağakərim oğlu İbrahimovun Ermənistan Silahlı Qüvvələrinin hücumunu dəf edərkən erməni hərbçiləri tərəfindən qətlə yetirilməsi, lakin onun cəsədinin bu günədək Azərbaycan tərəfinə qaytarılmaması ilə bağlı Ombudsman BQXK-nın prezidenti cənab Yakob Kellenbergerə məktubla müraciət edib. Məktubda deyilir: ?Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində minlərlə Azərbaycan vətəndaşı əsir və itkin düşmüş, girov götürülmüşdür ki, onların əksəriyyətinin yeri hələ də məlum deyildir. Bütün bunlar beynəlxalq humanitar hüquq normalarının, o cümlədən beynəlxalq humanitar hüququn bir hissəsi olan Müharibə qurbanlarının müdafiəsinə dair 1949-cu il tarixli Cenevrə Konvensiyalarının pozulmasıdır. 1994-cü ildən atəşkəs haqqında razılıq əldə olunmasına baxmayaraq, Ermənistan tərəfi mütəmadi olaraq atəşkəs rejimini pozur, bu da öz növbəsində Azərbaycan tərəfindən insan itkiləri ilə nəticələnir. Belə hallar ATƏT nümayəndələrinin keçirdikləri monitorinq zamanı da müşahidə olunmuşdur. Bundan başqa, atəşkəs rejimi dövründə Ermənistan tərəfindən cəbhə xətti boyunca yaşayan dinc sakinlərin girov götürülməsi, onların sayının gizlədilməsi, azərbaycanlı mülki əhaliyə maddi ziyan vurulması (atəşə tutma, yaşayış binalarının, kənd təsərrüfatı texnikalarının dağıdılması və s.) kimi pozuntulara yol verilir. Son dövrlər isə cəbhə xəttində erməni hərbçiləri tərəfindən qətlə yetirilən Azərbaycan Silahlı Qüvvələri hərbi qulluqçularının cəsədlərinin vaxtında verilməməsi cəmiyyətdə böyük narazılıq və narahatlıq doğurur. Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Mübariz Ağakərim oğlu İbrahimov cəbhənin Tərtər rayonu istiqamətində Ermənistan Silahlı Qüvvələrinin hücumunu dəf edərkən qətlə yetirilib, lakin hələ də onun cəsədi Azərbaycan tərəfinə verilməmişdir. Bu isə onun ailə üzvlərinin ağır psixoloji sarsıntıya məruz qalmasına səbəb olub. Deyilənləri nəzərə alaraq, mandatınız çərçivəsində, beynəlxalq hüquq normalarına uyğun olaraq, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Mübariz İbrahimovun cəsədinin mümkün qədər qısa müddət ərzində Azərbaycan tərəfinə qaytarılmasında yardımçı olmağınızı Sizdən xahiş edirəm?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA