Məlum olduğu kimi, Prezident İlham Əliyevun 13 fevral 2017-ci il tarixli sərəncamı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılıb.
Prezidentin digər sərəncamı ilə isə keçmiş rabitə və yüksək texniologiyalar naziri Ramin Quluzadə yeni nazirliyin rəhbəri təyin olunub.
Ləğv edilən, daha dəqiqi, yeni nazirliyin bazasına qatılan Nəqliyyat Nazirliyinin sabiq rəhbəri Ziya Məmmədovsa işsiz qaldı.
Prezident bu barədə sərəncam verərkən isə, hökumətə iki ay vaxt qoyaraq, bu müddətdə yeni nazirliyin əsasnaməsini hazırlamağı həvalə edib. Qeyd edilən 2 ay müddəti isə aprelin 13-də bitib. Bu isə o deməkdir ki, yaxın günlərdən etibarən, yeni nazirlikdə müavinlərin, aparat rəhbərinin təyinatı da həyata keçirilə bilər.
Bəs, görəsən, yeni nazirliyin formalaşdırılması prosesi necə gedir? Hökumət və yeni nazirliyin rəhbəri Ramin Quluzadə prezidentin verdiyi müddətdə qoyulan tapşırıqları icra edə biliblərmi? Ümimiyyətlə, kimlərə yeni nazirlikdə vəzifələr veriləcək?
Bu və ya digər məqamlarla bağlı Mia.az-ı məlumatlandıran nazirliyin məsul şəxslərindən biri deyib ki, hazırda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əsasnaməsi üzərində tamamlanma işləri gedir:
"Bilirsiniz ki, yeni nazirlik Azərbaycanda dövlət idarəetmə strukturunu təkmilləşdirmək, habelə nəqliyyat, rabitə və yüksək texnologiyalar sahələrində dövlət siyasətini və tənzimlənməsini müasir dövrün tələblərinə uyğunlaşdırmaq və səmərəliliyi artırmaq məqsədilə yaradlıb.
Bu barədə verilən sərəncamda da yazılıb ki, Nazirlər Kabineti Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamənin layihəsini, habelə nazirliyin strukturu və işçilərinin ümumi say həddi barədə təkliflərini iki ay müddətində hazırlayıb Prezidentə təqdim edəcək.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması ilə əlaqədar müvafiq aktların uyğunlaşdırılması ilə bağlı təkliflər iki ay müddətində hazırlanıb, dövlət başçısına təqdim olunacaq. Lakin bu o demək deyil ki, aprelin 13-dən sonra təyinatlar həyata keçiriləcək.
Məncə, bu proses bir neçə da uzana da bilir. Çünki elə həmin sərəncamda o da vurğulanıb ki, yeni nazirliklə bağlı Nazirlər Kabineti normativ hüquqi aktlarının uyğunlaşdırılması üç ay müddətində təmin edib, Prezidentə məlumat verməlidir.
Bundan başqa, sərəncama əsasən Nazirlər Kabineti mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə beş ay müddətində Prezidentə məlumat verməlidir. Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması ilə əlaqədar uyğunlaşdırılmasını təmin edib, Nazirlər Kabinetinə məlumat verəcək.
Yəni göründüyü kimi, sərəncamın tam icra olunması üçün 5 ay müddət var. Bunun 2 ayı ötüb, qabaqda hələ 3 ay var. Ötən iki ayda isə yeni nazirliyin əsasnaməsi demək olar hazırlanıb, bır sıra detalları yuxarı dairələrlə razılaşdırılıb. Amma bildiyim qədəriylə, bəzi nüanslar var ki, onun üzərində fikir haşalanıb.
Bundan əlavə, sözsüz ki, hökumət və Prezident Administrasiyası hazırlanmış Əsasnamə ilə bağlı öz təklif və tələblərini əlavə edə bilərlər. Ona görə də hazırda ilkin variantda olan Əsasnamədəki məsələlər haqda dəqiq və detallı nələrisə əminliklə söyləmək mümkün deyil”.
Müsahibimiz bildirir ki, qarşıdakı həftələrdə əsasnamə üzərindəki işlər tamamilə bitəcək və ilkin variant Administrasiyaya, daha dəqiqi, Prezidentə təqdim olunacaq.
Məhz bundan sonra nazir Ramin Quluzadənin yeni müavinlərinin təyinatı gerçəkləşəcək:
"Məndə olan ilkin məlumata görə, bu dəfə nazirlikdə 4 müavin postu olacaq. 1-ci müavinlə yanaşı, 3 müavin və aparat rəhbəri postu yaradılacaq. 1-ci müavinin və aparat rəhbərinin səlahiyyətləri bəllidir. Qalan 3 müavinin hər biri isə nazirliyin funksiyalarına uyğun olaraq bölünəcək. Yəni 1 müavinin rabitə, 1 müavinin nəqliyyat, 1 müavinin isə informasiya texnologiyaları üzrə müəyyənləşdirilməsi və təyinatı nəzərdə tutulur”.
Müsahibimiz iddia edir ki, yeni nazirlikdə cəmiyyət üçün sürpriz sayılacaq müavin təyinatları da olacaq:
"Hazırkı müavinlərdən isə Əli Abdullayevin yenidən 1-ci müavin təyin ediləcəyi böyük ehtimalla yenidən həyata vəsiqə alacaq. Ancaq eyni halı ləğv edilən hər iki nazirlikdə müavin postu tutanlar haqda əminliklə demək olmur. Əlbəttə, aralarında bu posta can atanlar və bu istiqamətdə ciddi çabalar göstərənlər də var. Hətta müavinlərdən birinin hakimiyyətdaxili qruplarda önəmli rol oynayan komitə sədrlərinin birinin vasitəsi ilə yenidən təyinat almağa çalışdığı da sirr deyil. Ancaq bunun nə dərəcə fayda verəcəyini isə biz yox, zaman göstərəcək”.
Məlumatlı şəxs deyir ki, ləğv edilən Nəqliyyat Nazirliyindən bəzi peşəkar mütəxəssislər yeni nazirlikdə vəzifələrə təyinat alacaq:
"Bildiyimə görə, artıq bəziləri ilə bağlı təqdimat verilib. Sözsüz ki, bütün bunların rəsmiyyət qazanması Əsasnamənin təsdiq edilməsindən sonra baş verəcək”.
Məlumatlı şəxs sabiq nazir Ziya Məmmədovun Ramin Quluzadəyə müavin gətiriləcəyi barədə yayılan şaiyələrə də aydınlıq gətirib:
"Düzdür, belə şayiələr gəzir ki, Ziya Məmmədova tezlikllə vəzifə veriləcək. Ancaq mən inanmıram ki, o, sabiq nazirə yeni nazirlikdə vəzifə veriləcək. Bu, sensasion bir məsələ olar. Məncə, nə Ziya Məmmədov, nə də nazir Ramin Quluzadə bunu istəməz. Mənə görə, bu təyinatın gerçəkləmə ehtimalı mümkünsüzdür”.
Mia.az