Artur Rasizadə ilə ölkəmizdə səfərdə olan Suriya Ərəb Respublikasının naziri arasında görüz olub

img

30-06-2010 [05:56]


İyunun 30-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizdə səfərdə olan Suriya Ərəb Respublikasının neft və mineral ehtiyatlar naziri, Suriya-Azərbaycan hökumətlərarası komissiyasının həmsədri Sufyan Alaonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Suriyanın Azərbaycana dost və qardaş ölkə olduğunu diqqətə çatdıran Baş nazir Artur Rasizadə bildirmişdir ki, ölkələrimiz arasında əlaqələrin qədim tarixi var və bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün hazırda böyük imkanlar mövcuddur. Son vaxtlar Suriya ilə bütün sahələrdə, o cümlədən iqtisadi sahədə də əməkdaşlığın intensivləşdiyi, Bakıda keçirilmiş Suriya-Azərbaycan hökumətlərarası komissiyasının birinci iclasının buna əyani sübut olduğu nəzərə çarpdırılıb. Suriyanın neft və mineral ehtiyatlar naziri, Suriya-Azərbaycan hökumətlərarası komissiyasının həmsədri Sufyan Alao özlərinə ikinci vətən hesab etdikləri Azərbaycanda olduqlarından məmnunluğunu bildirib. Ölkəsinin Azərbaycan ilə əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu söyləyən qonaq, ötən ilin iyulunda Suriya Prezidenti Bəşşar əl-Əsədin Azərbaycana rəsmi səfərini və bu səfər çərçivəsində bir çox hökumətlərarası sazişlərin imzalandığını vurğulayıb. Gələcəkdə bundan əvvəl əhatə olunmayan sahələr üzrə də yeni sazişlərin imzalanması nəzərdə tutulub. Sufyan Alao Baş nazir Artur Rasizadəyə Azərbaycan Respublikası Dövlət Neft Şirkətində keçirdiyi görüş barədə məlumat verib, ölkəsinin Azərbaycan qazının Suriyaya nəqlində maraqlı olduğunu diqqətə çatdırıb. Azərbaycan və Suriya özəl şirkətlərindən ibarət şuranın yaradılacağını bildirən qonaq demişdir ki, məqsəd ikitərəfli investisiya qoyuluşlarını təmin etməkdir. Yaxın gələcəkdə Suriyada və Azərbaycanda sənaye məhsullarının sərgisinin keçirilməsi, həmçinin təhsil sahəsində əməkdaşlıq, kadr mübadiləsi və s. nəzərdə tutulub. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA