Elmar Məmmədyarov alman həmkarı Qido Verstervelle ilə görüzüb

img

30-06-2010 [05:46]


Almaniya Federativ Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikası Xarici İşlər naziri Elmar Məmmədyarov 29 iyun tarixində alman həmkarı Qido Verstervelle ilə görüşüb. XİN mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, görüşdə ikitərəfli münasibətlər, regionda vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Xəzər hövzəsində enerji siyasəti və müxtəlif enerji layihələri ilə bağlı fikir mübadiləsi aparılıb. İki ölkə arasında siyasi və iqtisadi əlaqələrin dinamik inkişafından danışan Q.Vestervelle son illər Almaniya şirkətlərinin Azərbaycana artan marağını ölkəmizin ?etibarlı tərəfdaş olması və sərmayələr üçün əlverişli şərait yaratması? ilə izah edib. Nazir E.Məmmədyarov öz növbəsində Almaniya, eləcə də Avropa bazarının ?davamlı, mənfəətli və proqnozlaşdırıla bilən? olduğunu bildirib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat verən nazir E.Məmmədyarov Torontoda Minsk qrupunun üç həmsədr dövlətlərinin prezidentlərinin bəyanatının münaqişənin mərhələli həllini nəzərdə tutduğunu və reallığı əks etdirdiyini qeyd etmiş, bəyanatda yer tapmış münasibətin Azərbaycanın prinsip etibarilə qəbul etdiyi yeniləşdirilmiş Madrid prinsipləri ilə eyni olduğunu bildirib. Nabukko layihəsinin Federal hökumət tərəfindən dəstəkləndiyini bildirən nazir Q.Vestervelle hakimiyyətdəki koalision tərəfdaşların imzaladığı müqavilədə bu mövqeyin əks olduğunu vurğulamış, iki ölkənin xarici işlər nazirlikləri arasında enerji siyasəti sahəsində dialoqa dair anlaşma memorandumunun tezliklə imzalanması arzusunda olduğunu bildirmişdir. Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılmış, Azərbaycan və Avropa Birliyi arasında Şərq tərəfdaşlığı çərçivəsində qanunun aliliyi və demokratiya məsələlərinə toxunulub. Eyni tarixdə nazir E.Məmmədyarov Bundestaqda iqtidarda olan Xristian Demokrat İttifaqı/Xristian Sosial İttifaqı xarici siyasət məsələlər üzrə sözçüsü Filip Misfelder ilə görüşmüş, müvafiq işçi qrupun qarşısında çıxış edərək, sonra deputatların suallarını cavablandırıb. Növbəti, Azərbaycanın Almaniyadakı Səfirliyinin və Almaniyanın tanınmış Körber fondunun dəstəyi ilə təşkil edilmiş tədbirdə nazir E.Məmmədyarov Almaniyanın uzun illər Xarici İşlər naziri olmuş, tanınmış diplomat Ditrix Qenşerlə görüşmüş və tədbirdə iştirak edən qonaqların qarşısında nitqlə çıxış edib. Bundestaqın üzvləri və AFR XİN-in yüksəkrütbəli əməkdaşlarının qatıldığı tədbirdə Azərbaycanın müasir siyasi, iqtisadi və enerji siyasəti, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı suallar nazir E.Məmmədyarov tərəfindən cavablandırılıb. Günün sonunda nazir E.Məmmədyarov AFR Federal Kanslerinin Aparatında Federal Kanslerin xarici siyasət məsələləri üzrə müşaviri Dr. Xristof Hoysgen ilə görüşmüş və iki ölkə arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparmışdır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyi barədə ətraflı məlumat verən nazir həmçinin regional məsələləri də müzakirə edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA