İlham Əliyevdən Qarabağla bağlı mühüm açıqlama: "Ermənistan buna nail ola bilməyəcək”

img

10-04-2017 [15:08]


Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin həmişəki kimi diqqət mərkəzində olduğunu söyləyib. 

"Baxmayaraq ki, Ermənistan danışıqlar prosesini hər vəchlə dayandırmağa, onu boykot etməyə çalışır, ancaq buna nail ola bilmir və nail ola bilməyəcək”, - deyən Prezident vurğulayıb ki, Minsk qrupunun həmsədr ölkələri artıq bir neçə dəfə status-kvonun qəbuledilməz olduğunu bəyan ediblər. 

Dövlət başçısı əlavə edib ki, bu, əslində işğala son qoyulması deməkdir. Ermənistana, onun işğalçı siyasətinə Minsk qrupu tərəfindən təzyiq daha da güclənməlidir ki, onlar beynəlxalq normalara riayət etsinlər və işğala son qoysunlar.

"Bizim danışıqlar prosesindəki mövqeyimizdə heç bir dəyişiklik yoxdur, ola da bilməz. Ərazi bütövlüyü prinsipi danışıqlar mövzusu deyil və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir. Mən bütün beynəlxalq təmaslarda qeyd edirəm ki, bu məsələdə heç bir ölkə, yaxud təşkilat tərəfindən ikili standartlar özünü göstərməməlidir. Çünki bəzi hallarda biz bu ikili standartlarla üzləşirik. Postsovet məkanında mövcud olan münaqişələrə bəzən daha böyük diqqət göstərilir, yaxud da ki, o münaqişələrin həlli ilə bağlı daha dəqiq ifadələr işlənilir”, - deyə Azərbaycan Prezidenti qeyd edib.

Dövlətimizin başçısı vurğulayıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır:

"Dağlıq Qarabağda qondarma "referendum”un keçirilməsi ilə Ermənistan özünü bir daha biabır və ifşa etdi. Mən bir dəfə demişəm və bir daha demək istəyirəm ki, onlar orada nə qədər çox qanunsuz "referendum” keçirsələr, bu, bir o qədər çox bizim xeyrimizə işləyir. Çünki bütün qonşu ölkələrimiz, Minsk qrupuna həmsədrlik edən ölkələr, Avropa İttifaqı və bir çox ölkələr dərhal bu "referendum”u pislədilər. Bəyan etdilər ki, bu "referendum”u tanımırlar və Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir.

Əslində, bu "referendum”un keçirilməsi ilə onlar bütün ölkələri bu həqiqəti bir daha təkrar etməyə sövq etdilər. Əlbəttə ki, bütün beynəlxalq aləm bu "referendum”u qəbul etməməklə bizim ərazi bütövlüyümüzə və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin məhz bu prinsip əsasında həll edilməsinə öz dəstəyini göstərmiş oldular”.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA