"Ehtiyatlarımız 5 dəfə çoxdur” - Prezidentdən süni qiymət artıranlara xəbərdarlıq

img

10-04-2017 [14:48]


"Bu ilin birinci rübündə Azərbaycanın valyuta ehtiyatları 1 milyard dollar səviyyəsində artıb. Bu gün valyuta ehtiyatlarımız 38,5 milyard dollardır. Bu, böyük rəqəmdir".

Mia.az xəbər verir ki, bunu Prezident İlham Əliyev bu barədə Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında məlumat verib.

"Biz keçən il valyuta ehtiyatlarımızı qoruya bilmişik. Baxmayaraq ki, neftin qiyməti kəskin səviyyədə aşağı düşüb, bu il nəinki qoruya bilmişik, birinci üç ayda biz əlavə 1 milyard dollar qazanmışıq”, - deyən dövlətimizin başçısı əmin olduğunu bildirib ki, il ərzində valyuta ehtiyatlarımızı artıracağıq.

Bunun çox önəmli məsələ olduğunu vurğulayan Azərbaycan Prezidenti deyib: "Hamıya aydındır ki, 2015-2016-cı illər böhran illəridir. Neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi, inşaat sektorunda keçən il yaşanan durğunluq istər-istəməz təbii ki, bizim iqtisadi inkişafımıza mənfi təsir göstərə bilərdi. Bəlkə də hər hansı bir başqa hökumət bunun çıxış yolunu ancaq valyuta ehtiyatlarının istifadəsində görə bilərdi. Ən asan yol da bu idi. Ancaq məsuliyyətli yanaşma və uzunmüddətli inkişaf planlarımız əlbəttə ki, bizim üçün başqa seçimi diktə edir. Bu, məsuliyyətli seçim idi, bu, xalqın maraqlarını hər şeydən üstün tutan seçim idi”.

Prezident bununla bağlı çox operativ tədbirlərin görüldüyünü, iqtisadiyyatımızın restrukturizasiyası ilə bağlı çox ciddi addımların atıldığını, biznesi, investisiyaları, ixracı stimullaşdırmaq istiqamətində müvafiq qərar və qanunların qəbul edildiyini diqqətə çatdırıb.

"Beləliklə, biz iqtisadi dayanıqlılığımızı qoruya və valyuta ehtiyatlarımızı artıra bildik. Neftlə zəngin olan ölkələrin demək olar ki, əksəriyyəti keçən il və bu il öz valyuta ehtiyatlarını itirirlər. Biz isə artırırıq”, - deyə Azərbaycan Prezidenti əlavə edib. 

Dövlət başçısı deyib ki, makroiqtisadi sabitliyin möhkəmləndirilməsi önəmli məsələlərdən biridir: "Süni qiymət artımına yol verilməməlidir”.
 
Prezident İlham Əliyev bildirib ki, dövlət büdcəsinin icrası uğurla gedir: "Bu ilki investisiya proqramlarının tam şəkildə icra olunması vacibdir. Ölkə üçün ən lazımlı layihələrə vəsait ayrılıb. Maliyyə vəziyyətimiz yaxşıdır. Valyuta ehtiyatlarımız xarici borcumuzdan 5 dəfə çoxdur”.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA