AMEA-nın müxbir üzvünə "Fəxri doktoru" adı verildi - Açıqlama

img

06-04-2017 [17:05]


AMEA Riyaziyyat və Mexanika İnstitutunun "Qeyri-harmonik analiz” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, professor Bilal Bilalova  3 aprel 2017-ci il tarixində Gəncə Dövlət Universitetinin (GDU) fəxri doktoru adı verilib.

Bu barədə Mia.az-a AMEA Riyaziyyat və Mexanika İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Fizika üzrə fəlsəfə doktoru Aynurə Cəfərova məlumat verib.

Xatırladaq ki, Bilal Telman oğlu Bilalov 02 yanvar 1963-cü ildə Azərbaycan Respublikası Qazax rayonunun Fərəhli kəndində anadan olmuşdur. 1986-cı ildə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) tətbiqi riyaziyyat fakültəsini bitirmiş, 1986-1989-cu illərdə MDU-nun əyani aspirant, 1989-cu ildə akademik Y.İ.Moiseyevin rəhbərliyi ilə "Bəzi xüsusi sistemlərin tamlığı və bazisliyi” mövzusunda MDU-da namizədlik dissertasiyasını müdafiə etmişdir. 1990-1993-cü illərdə Azərbaycan Texnologiyaları İnstitutunda assistent işləmişdir. 1993-1996-cı illərdə MDU-da əyani doktorant və orada 1996-cı ildə "Üstlü sistemlərin bazislik xassələri və onların ümumiləşmələri” mövzusunda fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini almaq üçün doktorluq dissertasiyasını müdafiə etmiş, həmin ildən AMEA Riyaziyyat və Mexanika İnstitutunda böyük elmi işçi, baş elmi işçi, 2001-ci ildən indiyə kimi "Qeyri-harmonik analiz” şöbəsinin müdiridir. 2009-cu ildən riyazi analiz ixtisası üzrə professor, 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilmişdir.

Professor Bilal Bilalovun əsas elmi fəaliyyət sahələri: approksimasiya nəzəriyyəsi; bazis nəzəriyyəsi; freym nəzəriyyəsi; wavelet analiz; operatorların spektral nəzəriyyəsi; analitik funksiyalar üçün sərhəd məsələsi; fazzi nəzəriyyəsi; tanınmanın riyazi metodlarıdır.

Professor Bilalov 190-dan çox elmi işlərin və üç monoqrafiyanın müəllifidir. O, 15 nəfər riyaziyyat üzrə fəlsəfə doktoru hazırlamış, elmi məsləhətçisi olduğu 2 tələbəsinin elmlər doktoru dissertasiyaları Ali Attestasiya Komissiyasına təqdim edilib.

Bilal Bilalov həmçinin Thomson Reuters agentliyinin Emerging Sources Citation İndex (ESCI) kataloquna daxil olan Azerbaijan Journal of Mathematics jurnalının baş redaktorudur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA