Nazirlikdə nöqsanlar aşkarlandı - Yoxlamanın nəticələri Milli Məclisə göndərildi

img

11-03-2017 [15:12]


Hesablama Palatasının kollegiya iclasında 2015-ci il aprelin 1-dən 2016-cı il oktyabrın 1-dək olan dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağcabədi rayon şöbəsi üzrə gəlir və xərclərin, həmçinin şöbənin saxlanılması xərclərinin icrasına dair auditin nəticələri haqqında hesabat müvafiq qaydada təsdiqlənib.

Mia.az qurumun saytına istinadən xəbər verir ki, audit olunan dövr ərzində şöbənin "Yığım" hesabının mədaxili 52705720,6 manat, dövrün əvvəlinə qalığı da nəzərə alınmaqla məxarici isə 52801428,0 manat olub.

Araşdırma zamanı müəyyən edilib ki, məcburi dövlət sosial sığorta haqları üzrə mövcud potensialdan tam istifadə edilməyib, sığortaedənlər tərəfindən məcburi dövlət sosial sığorta haqqının hesablanması və ödənişində nöqsanlar olub, debitor borcların aradan qaldırılması istiqamətində şöbə tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər tam həyata keçirilməyib.

Pensiya təyinatı və ödənişi üzrə bəzi nöqsanlara yol verilib, bir sıra hallarda pensiya təyinatı üçün müraciət edən şəxslərin iş (sosial sığorta) stajları haqqında məlumatlar, o cümlədən 1992-2006-cı illərdə çalışdıqları müəssisənin məcburi dövlət sosial sığorta haqlarını ödəməsi barədə məlumatlar ətraflı araşdırılmadan və bir sıra zəruri sənədlər olmadan pensiya təyinatı aparılıb.

Müvafiq məlumatlara əsasən, 2015-ci il aprelin 1-dən ünvanlı dövlət sosial yardımın (ÜSY) Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) vasitəsilə həyata keçirilməsinə başlanılanadək 1841 ÜSY təyinatı aparılıb, ötən il oktyabrın 1-nə 1705 ÜSY işi üzrə ödənişlər davam edib, qalan 136 iş üzrə ödənişlər müxtəlif səbəblərdən dayandırılıb.

Müəyyən edilib ki, bir sıra hallarda ailənin sosial müavinətlərdən, əmək pensiyalarından və əmək haqlarından gəlirləri, həmçinin ailənin istifadəsində nəqliyyat vasitəsi olması haqqında ərizəçi tərəfindən məlumat verilməyib, müxtəlif səbəblərdən bağlanmış ÜSY hesabları üzrə bank qalıqları qalıb, 3 aydan artıq müddətdə alınmayan ÜSY məbləğləri üzrə müvafiq hesablara ÜSY ödənişi dayandırılmayıb.

VEMTAS-la ÜSY təyinatının araşdırılması zamanı mövcud qanunvericiliyin tələblərinə uyğun olmayaraq bir il müddətinə sosial yardım almaq hüququnu itirmiş ailələrə həmin müddət ötməmiş ÜSY təyin edildiyi, 3 aydan artıq müddətdə alınmayan ÜSY məbləğləri üzrə müvafiq hesablara ÜSY ödənişinin dayandırılmadığı müəyyən edilib.

Auditin nəticələri ilə bağlı Milli Məclisə məlumat verilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA