Hökumət 2010-cu ilin büdcəsini 15 faiz artıracaq

img

16-06-2010 [03:08]


Azərbaycan hökuməti 2010-cu ilin büdcəsini 15 faiz artırmağa hazırlaşır. Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Nazim Məmmədovun verdiyi məlumata görə, büdcəyə ediləcək dəyişiklərdə gəlirlərin 15 faiz və ya 1 milyard 490 milyon manat, xərclərin isə 9 faiz və ya 1 milyard 11 milyon manat artırılması nəzərdə tutulur. Bununla da büdcənin gəlirləri 11, 5 milyard manata, xərcləri isə 12,3 milyard manata çatacaq. Nəticədə büdcənin kəsiri 478 milyon manat azaldılacaq. Gəlir artımının 490 milyon manatı Vergilər Nazirliyi, 1 milyard manatı isə Dövlət Neft Fondundan transferləri hesabına formalaşacaq. Bu məqsəd üçün ayrılacaq 608 milyon manatın 400 milyon manatdan çoxu ölkənin təhlükəsizlik və müdafiə qabiliyyətinin artırılması tədbirlərinə yönəldiləcək. Sel və daşqınların yaratdığı fəsadların aradan qaldırılması da büdcə xərclərində dəyişikliklərə səbəb olub. Bu il hökumət Kür və Araz çaylarında yaranmış təbii fəlakətin aradan qaldırılmasına və gələcəkdə belə halların qarşısının alınmasına 300 milyon manat ayıracaq. Hökumət sosial xərcləri isə 100 milyon manat artırmaq niyyətindədir. N.Məmmədov deyir ki, əlavə və dəyişikliklər nəticəsində büdcədə neftin baza qiymətinin 45 dollardan 60 dollara qədər artırılması istisna edilmir. Qeyd edək ki, 2010-cu il dövlət büdcəsinə əlavə və dəyişikliklərlə bağlı qanun layihəsinə Milli Məclisin iyunun 18-də keçiriləcək növbədənkənar iclasında baxılacaq. ANS TV

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA