11-06-2010 [06:24]
Bu gün Azərbaycan Media Mərkəzində Vətəndaş Cəmiyyətinə Dəstək Koalisiyasının (VCDK) təşkilatçılığı ilə ?Parlament Seçkilərində Vətəndaş cəmiyyətinin rolu? mövzusunda dəyirmi masa keçirildi.
Koalisiyanın əlaqələndiricisi və DİUC həmsədri Razi Nurullayev dəyirmi masanın bu il keçiriləcək parlament seçkilərində vətəndaş cəmiyyətinin fəal iştirak etməsinin zəruri olduğunu bildirməklə yanaşı, azad və ədalət seçki mühitinin yaradılmasında Qeyri-Hökumət Təşkilatlarının verə biləcəyi tövhələrlə bağlı danışdı. O, parlamentdə vətəndaş cəmiyyətinin təmsilçilərinin daha geniş formada təmsilçiliyinin vacibliyinə diqqət yönəltdi.
Dəyirmi Masada VCDK-nın Şura üzvləri Fikrət Cəfərovun, Rufiz Qonaqovun və İlqar Hüseynlinin məruzələri dinlənildi.
VCDK Şura üzvü, İnsan Hüquqları və Demokratiyanın Təbliği İB-nin sədri Fikrət Cəfərov məruzəsində vətəndaş cəmiyyətinin seçkidə iştirakının mühüm əhəmiyyət kəsb etdiyini bildirdi. Onun sözlərinə görə, vətəndaş cəmiyyəti seçkilər prosesində müxtəli formalarda iştiraka nail olmaqla, parlament təmsilçiliyinə nail olmalıdır.
VCDK Şura üzvü, Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İB-nin sədri İlqar Hüseynli isə məruzəsində seçkilərdə müşahidəçiliklə bağlı geniş məlumat verdi. Dünyanın bir neçə qaynar bölgəsində seçkiləri müşahidə etdiyini deyən İlqar Hüseynli beynəlxalq təcrübəyə əsaslananaq Seçki Məcəlləsində müşahidəçiliklə bağlı bir sıra boşluqların olduğunu dedi: ?Məcəllədəki boşluqlar seçki müşahidəçiliyinin effektli olmasına imkan vermir?.
VCDK Şura üzvü, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov məruzəsində seçki prosesində vətəndaş cəmiyyətinin nümayəndələrinin namizəd kimi qatılmasının yolları barədə məlumat verərək bildirdi ki, hazırda parlamentdə deputatların 20-dən çoxunun QHT rəhbəri olmasına baxmayaraq, onların əksəriyyətinin QHT-lərlə bağlı məsələlərdə fəal olmadığını qeyd etdi. İstisna hal kimi millət vəkili Azay Quliyevin fəaliyyətini müsbət olaraq vurğuladı.
Daha sonra dəyirmi masa vətəndaş cəmiyətinin nümayəndələrinin fikir və təklifləri davam etdirildi.
Prezident Administrasiyasının yanında Strateji Araşdırmalar Mərkəzinin baş elmi işçisi Tahirə Allahyarova vətəndaş cəmiyyətinin seçki məsələlərində fəallaşmasının zəruri olduğunu dedi. O, vətəndaş cəmiyyəti nümayəndələrinin bu il gecikməsinə diqqət yönəldərək, ötən parlament seçkilərində siyasi partiyaların və vətəndaş cəmiyyətinin aprel ayından fəal işlərə başladığını dedi.
VCDK üzvü Fuad Bədirli çıxışında QHT-lərin seçki prosesində iştirakının konkret formalarının müəyyənləşməsini zəruri saydı.
VCDK Şura üzvü, DİUC həmsədri Oqtay Gülalıyev isə bu il ölkədəki seçki mühitinin ötən seçkilərlə müqayisədə daha ağır olduğunu, insanların sərbəst toplaşmaq azadlığının pozulduğunu dedi. O, bununla hakimiyyətin ölkədə seçkisiz mühit formalaşdırmaq istədiyini bildirərək, vətəndaş cəmiyyətinin bu prosesdə fəallığının daha da artırılmasının vacib olduğunu dedi.
Hüquq və İnkişaf İB-nin sədri Haviz Həsənov isə çıxışında hakim partiyanın bu günlərdə Seçki Məcəlləsinə əlavə və dəyişiklik olunması ilə bağlı verdiyi təkliflərə diqqət yönəldərək ölkədə çox pis bir tendensiyanın başladığını bildirdi. O, bununla bağlı olaraq vətəndaş cəmiyyəti adından hakimiyyətə etiraz bildirməsini istədi.
VCDK Şura üzvü, Rəfail Becanov da çıxışında vətəndaş cəmiyyəti nümayəndələrinin ölkədə azad və ədalətli seçki mühitinin yaradılması yönündə gördüyü işləri təqdirə layiq hesab edərək, bundan sonrakı addımların intensivləşdirilməsinə ehtiyac olduğunu dedi.
VCU-nun koordinatoru Rəsul Hüseynzadə bu il keçiriləcək parlament seçkilərində vətəndaş cəmiyyətinin hansı formalarda iştirak edə biləcəyi ilə bağlı fikirlər səsləndirdi.
Demokratik Seçkilərə Dəstək Mərkəzi İctimai Birliyinin sədri Çingiz Dadaşov hakimiyyətin seçki Məcəlləsinə etmək istədiyi əlavə və dəyişikliklə bağlı bildirdi ki, bu dəyişiklər qəbul olunacaq: ?Namizədlər seçki təbliğatı üçün nəzərdə tutulan vəsaitlər ləğv olunacaq?
Vətəndaş Cəmiyyəti İnstitutunun sədri Taleh Əliyev QHT nümayəndələrinin yaxın günlərdə Seçki Məcəlləsinə edilməsi palnlaşdırılan əlavə və dəyişiliklər etiraz olaraq aksiya keçirilməsini təklif etdi.
İqtisadi İnovavsiya Mərkəzinin sədri Məhəmməd Talıblı hakimiyyətin ölkədə seçkisiz bir mühit yaratmağa çalışdığını və buna hər bir vətəndaşın münasibətinin kəskin olmasınının vacibliyini dedi.
?Demokratiyanı Öyrənmə? İB-nin sədri Mirəli Hüseynov isə vətəndaş cəmiyyətlərinin daha çox həlli mümkün olan işlər üzərində çalışmasının zəruri olduğunu bildirərək, bununla bir çox böyük məsələlərin də həllinə nail ola biləcəyini qeyd etdi.
Tədbirin sonunda Razi Nurullayev yaxın vaxtlarda Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dəstək Şurasının dəstəyi ilə vətəndaş cəmiyyəti və seçkilər mövzusunda daha geniş tədbirin keçiriləcəyini bildirdi və QHT nümayəndələrinin bu tədbirdə konkret təkliflərlə gəlməsini istədi.