Manatın bahalaşması nə qədər davam edəcək? - Ekspertdən detallı şərh

img

09-02-2017 [11:24]


"Bir müddət öncə sərbəst üzən məzənnəyə keçid görüntüsü yaradılsa da, çox keçmədi ki, bundan da bəzi məqsədlər üçün istifadə olundu. Manatı sürətlə ucuzlaşdırıb, dolları baha satanlar istədiklərinə nail olduqdan sonra əks proseslərə rəvac verməyə başladılar. Əslinə bu proses sərbəst bazarda müstəqil iştirakçıların tələb və təkliflərinin tarazlığı şəraitində müşahidə olunsaydı, onu yalnız alqışlamaq olardı".

Mia.az xəbər verir ki, bu sözləri iqtisadçı Qubad İbadoğlu deyib. 

Q.İbadoğlu qeyd edib ki, son 1 ayda baş verənlər bütövlükdə iqtisadiyyatın deyil, ayrılıqda maliyyə-bank sahəsini idarə edənlərin şəxsi və korporativ maraqlarına xidmət etdi:

 "Onun sxemi də çox sadədir. Manatın sərbəst üzən məzənnə rejiminə keçidi adı altında ajiotaj yaradıldı, Neft Fondu dollarları baha qiymətə satıb, bu ilin 1-ci ayında qazandığı 550 milyon manata qədər vəsaiti dövriyyədən çıxararaq anbarlara doldurdu. Sonra bazardan yığdığı manatın bir hissəsini büdcəyə köçürdü, digər hissəsini isə gələcək transfertlər üçün ehtiyatda saxladı. Beləliklə də valyuta bazarında əksdollarlaşma effekti və manat qıtlığı yarandı. Bu, nədən baş verir? 

Təəssüf ki, valyuta bazarında yalnız iki oyunçu var. İkisi də dövlət təşkilatıdır, onlardan biri təklifi, digəri isə tələbi formalaşdır. Onların hər ikisi inhisarçıdır. Dövlət Neft Fondu dolların, Azərbaycan Mərkəzi Bankı isə manatın yeganə istehsalçısıdır. Onlar da öz fəaliyyətlərini iqtisadi qanunlarla deyil, inzibati üsullarla qurduğundan manatı istənilən vaxt ucuzlaşdırmaq və ya bahalaşdırmaq onlara heç bir çətinlik yaratmır".

İqtisadçı bildirib ki, son günlər manatın məzənnəsində müşahidə olunan bahalaşmaya gəlincə, bu, müvəqqəti xarakter daşıyır: 

"Çünki onu şərtləndirən başlıca amil manatla pul kütləsinin mərkəzləşdirilmiş qaydada ixtisarıdır. Beləliklə də idxal əməliyyatlarının genişlənməsini buxovlayan monetar siyasətlə bütövlükdə işgüzar fəallıq aşağı salınıb, alıcılıq qabliyyətini azalıb, nəticədə iqtisadiyyat bir az da kiçilib, istehlak bazarında mal çeşidləri bir az azalıb, hətta bır sıra dərman vsitələri və ərzaq məhsullarının qıtlığı da yaranıb. 

Birtərəfli düşüncənin göstərici olan hazırki məzənnə siyasəti ölkədə iqtisadiyyatın idarəolunmasına kompleks yanaşmanın olmamasını bir daha təsdiq edir. İxracın inkişafına çətinlik yaradan cari məzənnə siyasəti indiyə qədər ixraca dövlət dəstəyi istiqamətində həyata keçirilən tədbirlərin effektini bir az da azaldır". 

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA