"Qafqaz"ın tələbləri bu universitetə köçürüləcək - Nazirlikdən qərar

img

31-01-2017 [11:55]


Yanvarın 30-da Təhsil Nazirliyində növbədənkənar kollegiya iclası keçirilib.

Təhsil Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, kollegiyada Qafqaz Universitetinin ləğvetmə komissiyasının təqdim etdiyi təkliflər əsasında tələbə kontingentinin digər universitetlərdə yerləşdirilməsi məsələsi müzakirə olunub.

Müzakirələr nəticəsində irəli sürülmüş bir neçə təklif arasında qış imtahan sessiyasından sonra bütün tələbələrin bir universitetdə – Azərbaycan Respublikası prezidentinin 2016-cı il 8 noyabr tarixli sərəncamı ilə dövlət universiteti statusunda yaradılmış Bakı Mühəndislik Universitetində öz ixtisasları üzrə yerləşdirilməsi variantı qəbul edilib. Qərarda, həmçinin tələbələrin təhsil aldıqları tədris dilinin saxlanılması da vurğulanır.

Sözügedən təklifin qəbul olunması zamanı Qafqaz Universitetinin təsisçisi – Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin Azərbaycan Hökumətinə və Təhsil Nazirliyinə universitetin ləğvindən sonra qalan tədris kompleksinin bütün əmlakının dövlət nəfinə qəbul edilməsi və onun təhsil məqsədləri üçün istifadə olunması barədə müraciəti nəzərə alınıb.

Təhsil Nazirliyinin Kollegiyasının qəbul etdiyi qərarda digər ali təhsil müəssisələrində təhsillərini davam etdirmək istəyən tələbələrin müraciətlərinə yay tətili zamanı baxılacağı da qeyd olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA