Azərbaycanda teleaparıcılar ləhcə ilə danızırlar

img

06-06-2010 [06:58]


[b]Türkiyədə təhsil alan azərbaycanlı tələbə Xocalı köçkünlərinin həyatından sənədli film çəkməyə hazırlaşır [/b] Sezen İsmayıl Türkiyənin nüfuzlu Başkənd Universitetinin Jurnalistika fakültəsində təhsil alır. Onunla söhbət zamanı Türkiyə və Azərbaycanın təhsil sistemləri arasında paralellər apardıq, yazılı və elektron KİV-in vəziyyətini müzakirə etdik. [b]- Türkiyədə təhsil almaq Sizə nə qazandırıb? Türkiyə təhsil sisteminin hansı üstün cəhətləri var? [/b] - Türkiyə təhsil sistemi sağlam əsaslar üzərində qurulub. Rüşvətxorluq, qohumbazlıq, yerlibazlıq kimi neqativ hallar Türkiyə təhsil sisteminə yaddır. Türkiyənin orta məktəblərində dərsi bilməyən uşağı küncdə saxlamırlar. Türkiyə təhsil sistemi şəxsiyyət yetişdirir. Tələbələr 80 yaşlı professorla mübahisə edə, onun fikri ilə razılaşmaya bilərlər. Bu hərəkətinə görə sonradan heç kim onu cəzalandırmır. Çünki Türkiyənin təhsil sistemində əsas meyar bilikdir. [b]- Artıq bir neçə reklam filminin müəllifisiniz. Bu imkan hər bir tələbə üçün yaradılırmı? [/b] - Türkiyədə tələbələrin özlərini təsdiq etməsi üçün hər cür şərait var. Jurnalistika fakültəsinin tələbələri birinci və ikinci kurslarda əsasən nəzəri biliklərə yiyələnirlər. Üçüncü-dördüncü kurslarda isə daha çox praktikaya üstünlük verilir. Hər bir universitetdə Jurnalistika fakültələrinin zəngin maddi-texniki bazası var. Biz öz istəyimizə uyğun olaraq konkret istiqamət müəyyənləşdirir və fəaliyyətə başlayırıq. Bizim fakültənin geniş imkanları var. Film çəkmək istəyən tələbə ona lazım olan avadanlığı universitetdən ala bilər. Hazırda mən sənədli film çəkirəm. Fakültəmizin balansında olan bütün avadanlıqdan axşam saat 6-ya kimi istifadə etmək hüququm var. Universitet rəhbərliyi tələbələrin yaradıcılığının məhsulu olan süjetlərin və sənədli filmlərin efirə çıxmasına köməklik göstərir. [b]- Son illər Türkiyədə çəkilən teleseriallar təkcə bu ölkədə deyil, hətta qonşu ölkələrdə də geniş tamaşaçı auditoriyası toplaya bilir. Sizə elə gəlmir ki, türk filmləri teleserialların kölgəsində qalıb? [/b] - Türkiyədə kino sənətinin zəngin ənənəsi var. Ötən əsrin altmış-yetmişinci illərində Türkiyədə bir ildə təxminən 300 film çəkilirdi. Milyonlarla insan hər gün işdən sonra kinoteatra gedib, bu filmləri seyr edirdi. Bilirsiniz ki, uzun illər Türkiyədə yalnız bir telekanal olub. Özəl telekanalların fəaliyyətə başlaması ölkədə kəskin rəqabət mühiti yaradıb. Teleserialların geniş vüsət alması həm də telekanallar arasında gedən rəqabətin nəticəsidir. [b]- Sizcə, son illər Azərbaycanda çəkilən filmlər və teleseriallar niyə uğur qazana bilmir?[/b] - Türkiyədə olduğu kimi, Azərbaycanda da kino sənətinin zəngin ənənələri var. Keçmiş sovet ölkəsində ilk səssiz film Azərbaycanda çəkilib. Sovet kino sənayesinin inkişafında "Sevil" adlı həmin filmin mühüm rolu var. Ötən əsrin ikinci yarısından sonra Azərbaycanda xeyli maraqlı bəddi film çəkilib. Bu gün mən internetdə müxtəlif proqramlar vasitəsilə sovet kinoları barədə axtarış verəndə, qarşıma daha çox Azərbaycan filmləri çıxır. Təəssüflər olsun ki, SSRİ dağılandan sonra bir çox sahələrdə olduğu kimi, Azərbaycanın kino sənayesində də tənəzzül dövrü başladı. Bu tənəzzülün hələ bir müddət davam edəcəyini söyləmək mümkündür. [b]- Türkiyə telekanalları ilə Azərbaycan telekanallarını müqayisə edəndə, hansı nəticəyə gəlirsiniz? [/b] - Təəssüf ki, gəldiyim nəticə ürəkaçan deyil. Gəlin, etiraf edək ki, Azərbaycan telekanalları bütün parametrlərə görə Türkiyə telekanallarından çox geri qalır. İki-üç gün əvvəl Azərbaycanın özəl telekanallarının birində efirə gedən xəbərlər proqramını seyr edirdim. Bəlkə də inanmayacaqsınız, xəbərlər proqramının aparıcısı ləhcə ilə danışırdı. Türkiyədə hər adam xəbərlər proqramının aparıcısı ola bilməz. Gözəllik əsas deyil. Əsas olan diksiyadır. Türkiyədə savadsız adamı efirə buraxmırlar. Azərbaycanda isə aparıcının savadından, diksiyasından çox, xarici görünüşünə önəm verirlər. Buna görə də Azərbaycan telekanalları özlərinə geniş tamaşaçı auditoriyası toplaya bilmir. [b]- Eşitdiyimə görə, yaxın günlərdə Azərbaycana gəlib, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən sənədli film çəkməyi düşünürsünüz... [/b] - Azərbaycan mənim vətənimdir. Azərbaycan xalqının üzləşdiyi problemləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq hər bir azərbaycanlı kimi, mənim də borcumdur. Yaxın günlərdə Azərbaycana gəlib, Xocalı köçkünlərinin taleyindən bəhs edən sənədli film çəkməyi planlaşdırıram. Filmin ssenarisi artıq hazırdır. İnanıram ki, erməni vandalizminin ifşasına mən də öz töhfəmi verəcəm. [b]Seymur VERDİZADƏ[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA