Əli Əliyev isa Qəmbəri iTV-də debata çağırır

img

01-06-2010 [11:26]


Vətəndaş və İnkişaf Partiyasının sədri (VIP) Əli Əliyev Azərbaycan İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTRYŞ) baş direktoru İsmayıl Ömərova müraciət edib. Müstəqil İnformasiya Agentliyinə daxil olan müraciətdə qeyd olunur ki, Ə.Əliyevi İ.Ömərovdan Müsavat başqanı İsa Qəmbərlə debata çıxmaq üçün efir imkanı yaradılmasını xahiş edib: ?Cənab baş direktor! Fəaliyyətə başlamasının 5-ci ildönümünü qeyd etməyə hazırlaşan İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTRYŞ) bu müddət ərzində ölkənin efir məkanında özünəməxsus yer tuta bilib. Bununla belə, Şirkətinizin informasiya siyasətində balanslı mövqe tutmaması və ölkənin siyasi qüvvələrinə münasibətdə ayrı-seçkiliyə yol verməsi haqlı narazılıqlar doğurur. Hər halda, Azərbaycanın dövlət büdcəsindən maliyyələşən İTRYŞ-nin fəaliyyətinə dair vurğulanan ciddi qüsurun aradan qaldırılacağına istiqamətlənmiş ümidlər hələ tam tükənməyib. Sizə belə bir müraciət ünvanlamağım da həmin gözləntidən qaynaqlanır. Diqqətinizə çatdırmağı lazım bilirəm ki, son dövrlərdə sədri olduğum Vətəndaş və İnkişaf Partiyasına (VİP) qarşı növbəti böhtan və qarayaxma kampaniyasına başlanılıb. Bu kampaniyanın arxasında dayanan Müsavat Partiyasının başqanı İsa Qəmbər və adıçəkilən təşkilatın bəzi təmsilçiləri nəzarətində olan media orqanlarının imkanlarından sui-istifadə edərək,VİP-ə və şəxsən mənə qarşı əsassız, reallığa heç bir uyğunluğu olmayan ittihamlar irəli sürürlər. Müstəqil mətbuat vasitəsilə həmin hücumlara yerində və layiqli cavablar verilsə də, İ.Qəmbər və partiyadaşları bizə qarşı çevirdikləri kampaniyaya ara vermək niyyətindən uzaq görünürlər. Bu deyilənləri əsas götürərək, cəmiyyəti qeyd olunan məsələlərlə bağlı məlumatlandırmaq, tərəflərdən hansının mövqeyini haqlı olduğunu göstərmək məqsədilə İctimai Televiziyanın (İTV) efirində mənim və İ.Qəmbərin arasında debatın təşkilinə şərait yaratmağınızı xahiş edirəm. Müraciətimə müsbət cavab veriləcəyinə ümid edir və öncədən təşəkkürümü bildirirəm?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA