“Ermənistan provokasiyanı əvvəlcədən planlaşdırıb” - Generaldan KTMT-nin bəyanatına reaksiya

img

29-12-2016 [17:39]


Bu gün Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupunun Azərbaycan-Ermənistan dövlət sərhəddini pozmasına Azərbaycan müdafiə nazirinin sabiq müavini, istefada olan general-leytenant Çingiz Məmmədov münasibət bildirib.

Hərbi ekspert rəsmi Yerevanın provokasiyanı əvvəlcədən planlaşdırdığını bildirib:

"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Sankt-Peterburqda keçirilən son sessiyasında Ermənistan nümayəndə heyətinin təşkilatın üzvlərinin diqqətinin Dağlıq Qarabağ münaqişəsinə yönəldilməsi və qurumun Baş Katibi vəzifəsinə erməni təmsilçisinin seçilməsi cəhdlərinin boşa çıxmasından sonra KTMT üzv ölkələrinin diqqətini konfliktə cəlb etmək məqsədilə rəsmi Yerevan bugünkü provokasiyanı törədib.

Dövlət sərhədində baş vermiş insidentdən qısa müddət sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Baş Katibi Nikolay Bordyujanın hadisənin Azərbaycanın təxribatı kimi qiymətləndirməsi təəssüf hissi doğurur. Belə ki, təxribatın və tələsik müsahibənin verilməsi vaxtlarının təqribən üst-üstə düşməsi provokasiyanın Ermənistan tərəfindən əvvəlcədən planlaşdırıldığını qeyd etməyə əsas verir.

Ermənistan tərəfi planlı şəkildə və vaxtaşırı Dağlıq Qarabağa aidiyyəti olmayan bölgədə təxribatların törədilməsi barədə dezinformasiya xarakterli məlumatları yaymaqla münaqişənin miqyasını süni şəkildə genişləndirmək və təmsil olunduğu hərbi-siyasi təşkilatın digər üzvlərini də bu münaqişəyə cəlb etmək məqsədini güdür”.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA