28-05-2010 [10:58]
?Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll ilə bağlı danışıqlarda prinsipial mövqe tutub?. Bunu Azərbaycan Prezidenti İlham Əliyev 28 May - Respublika Gününə həsr olunmuş rəsmi qəbulda deyib. Onun sözlərinə görə, son illər ərzində gedən danışıqlar bunu bir daha göstərir. Dövlət başçısı bəyan edib ki, Azərbaycan prinsipial məsələlərdə bir addım geri atmayıb və onun mövqeyi beynəlxalq hüquq normalarına, beynəlxalq təşkilatların qərarlarına, qətnamələrinə əsaslanır. O bildirib ki, Azərbaycan ərazi bütövlüyünün bərpası üçün bütün imkanlardan istifadə edir.
Prezident İlham Əliyev deyib ki, qarşı tərəfin mövqeyi isə onların arzularına əsaslanıb və bu, münaqişənin həlli üçün heç cür əsas ola bilməz: ?BMT Təhlükəsizlik Şurasının qətnamələri, digər beynəlxalq təşkilatların qərarları və qətnamələri bizim mövqeyimizi gücləndirir. Bu münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Azərbaycanın işğal edilmiş bütün torpaqları işğalçılardan azad edilməlidir. Azərbaycan vətəndaşları, məcburi köçkünlər öz doğma, tarixi torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qayıtmalıdırlar. Dağlıq Qarabağda isə erməni və Azərbaycan icmaları yüksək muxtariyyət çərçivəsində, vahid Azərbaycan dövləti çərçivəsində yaşamalıdırlar. Bu, prinsipial mövqedir. Bu mövqe beynəlxalq hüquq normalarına və dünya birliyi tərəfindən qəbul edilmiş prinsiplərə əsaslanır.Bildiyiniz kimi, bu yaxınlarda İslam Konfransı Təşkilatı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox müsbət və tutarlı arqumentlərlə zəngin olan qətnamələr qəbul edibdir. Bu qətnamələr Azərbaycanın mövqeyini, yəni haqq-ədaləti tam şəkildə dəstəkləyir. Bir həftə bundan əvvəl Avropa Parlamenti tərəfindən bu məsələ ilə bağlı qəbul edilmiş qətnamə yenə də beynəlxalq hüquq normalarına əsaslanır və orada Ermənistan aqressor, yəni təcavüzkar dövlət kimi göstərilir. Açıq-aydın göstərilir ki, güc tətbiq etməklə heç bir ölkənin sərhədlərini pozmaq, status-kvo ilə barışmaq mümkün deyildir. Açıq-aydın göstərilir ki, bu vəziyyət - nə sülh, nə savaş davam edə bilməz, Azərbaycan torpaqları işğalçılardan azad edilməlidir. Bu son həftələr ərzində baş vermiş mühüm hadisələrdir. Bu, bizim mövqeyimizi daha da gücləndirir və bir daha göstərir ki, beynəlxalq birlik - istər İslam dünyası, istər Avropa Birliyi vahid mövqedən, yəni ədalətli mövqedən çıxış edir. Biz başa düşürük ki, bu qətnamələr və siyasi addımlar Ermənistanı çox böyük təşvişə salıbdır. Yəni Ermənistan təbliğatına çox böyük zərbələr endirilibdir. Onların belə isterik reaksiyası bunun əyani sübutudur. Əgər belə olmasaydı, Ermənistan rəsmiləri Avropa Parlamenti tərəfindən qəbul edilmiş qətnaməyə dair çox gülməli və əsassız şərhlər verməzdilər. Yəni, onlar deyirlər ki, bu qətnamə Madrid prinsiplərinə ziddir. Halbuki, bu, Madrid prinsiplərinə və beynəlxalq hüquq normalarına tamamilə uyğundur. Belə gülməli və qeyri-ciddi şərhlər təkcə onu göstərir ki, Ermənistan tərəfi doğrudan da təşviş içindədir. Onlar bu ağır vəziyyətdən çıxmaq üçün konkret addımlar atmalıdırlar?.
Prezident İlham Əliyev bir neçə gün əvvəl Dağlıq Qarabağda separatçı rejim tərəfindən keçirilmiş ?prezident seçkiləri?nə də münasibət bildirib: ?Bu yaxınlarda Dağlıq Qarabağda separatçı kriminal rejim tərəfindən keçirilmiş qanunsuz, qondarma ?seçkilər? və ?seçkilər?ə beynəlxalq birlik tərəfindən verilən qiymət bir daha onu göstərir ki, dünya birliyi separatizmi qəbul etmir, Dağlıq Qarabağı müstəqil qurum kimi qəbul etmir və etməyəcək. Minsk qrupunun həmsədr ölkələri, Avropa İttifaqı, İslam Konfransı Təşkilatı, qonşu dövlətlər, Avropa Şurası, bütün beynəlxalq birlik bu dırnaqarası seçkiləri pislədi, bir daha Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi və bunu açıq şəkildə bəyan etdi. Belə olan halda şübhəsiz ki, Azərbaycan öz prinsipial mövqeyini davam etdirəcəkdir. Bizim mövqeyimiz, bir daha demək istəyirəm ki, beynəlxalq hüquq normalarına əsaslanır və biz bu mövqedən bir addım geri atmayacağıq. Doğrudur, torpaqlarımız işğal altındadır. Bu işğal davam edir və Ermənistanın danışıqlarda qeyri-konstruktiv və riyakar davranışı onu göstərir ki, Ermənistan tərəfi sadəcə olaraq vaxt uzatmaq istəyir. Beynəlxalq vasitəçiləri aldatmaq istəyir ki, o, sanki danışıqlarda iştirak edir. Amma onların danışıqlarda iştirakının əsas səbəbi vaxt uzatmaqdır. Ancaq vaxt uzatmaqla onlar heç bir şeyə nail ola bilməyəcəklər. Çünki vaxt onların xeyrinə işləmir. Bölgədə gedən proseslər bir daha onu göstərir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll olunmadan bölgədə Ermənistanın iştirakı ilə heç bir əməkdaşlıqdan söhbət gedə bilməz, heç bir başqa məsələ öz həllini tapa bilməz. Ermənistan tərəfi çox ümid edirdi ki, Türkiyə-Ermənistan sərhədləri açılacaq, beləliklə, onlar üçün bir nəfəs borusu yaranacaq və Qarabağ məsələsi kənara qoyulacaq. Ancaq həyat və Türkiyə tərəfinin prinsipial mövqeyi onların bütün planlarını alt-üst etdi. Vəziyyət o həddə çatıb ki, bir neçə ay bundan əvvəl Ermənistan prezidenti hansısa xarici səfərdə çıxış edərkən söyləmişdi ki, o, Azərbaycan Prezidentini Türkiyə-Ermənistan sərhədlərinin açılmasına dəvət edəcək. Yəni, bu, çox yersiz və mənasız bir bəyanat idi. Çünki yəqin ondan başqa hamı artıq bilirdi ki, Türkiyə-Ermənistan sərhədləri Dağlıq Qarabağ prosesi nizama salınmadan açıla bilməz. Həyat onu bir daha göstərdi. Ona görə özündən bu qədər razı olmaq üçün, birincisi, əsas olmalıdır, ikincisi isə, hər kəs öz ayaqlarını yorğanına görə uzatmalıdır?.
Prezident bildirib ki, Dağlıq Qarabağ münaqişəsi rəsmi bizim siyasətimizin prioriteti olaraq qalacaq: ?Biz bütün səylərimizi səfərbər etmişik və edəcəyik ki, məsələni tezliklə, ədalətli, beynəlxalq normalara uyğun şəkildə həll edək, torpaqlarımızı işğalçılardan boşaldaq və Azərbaycanın ərazi bütövlüyünü bərpa edək. Biz istəyirik ki, bunu sülh yolu ilə edək və diplomatik səylərimizi gücləndiririk. Bununla bərabər, heç kim üçün sirr deyil ki, hərbi gücümüzü də gücləndiririk. Bu gün Azərbaycanda mövcud olan hərbi potensial bizə imkan verir ki, istənilən anda, istənilən vəzifəni uğurla və qısa müddət ərzində icra edək. Sadəcə olaraq biz istəmirik ki, hərbi yola əl ataq. Ancaq bu variant heç vaxt istisna olunmayıb və biz bu barədə öz fikirlərimizi bütün dövrlərdə açıq və səmimi bildirmişik. Mən heç şübhə etmirəm ki, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik və bunu etmək üçün kifayət qədər əsaslar var?