AMEA-nın Şöhrət” ordenli həqiqi üzvü vəfat etdi

img

24-12-2016 [20:29]


Azərbaycanda fizika sahəsində mühüm xidmətləri olan görkəmli alim, "Şöhrət” ordenli, AMEA-nın həqiqi üzvü Maqsud Əliyev dekabrın 23-də 92 yaşında vəfat edib. 

Bu barədə Mia.az-a Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) məlumat verilib.
 
Xatırladaq ki, M. Əliyev 1924-cü il avqustun 27-də Tiflis şəhərində anadan olub. O 1941-1943-cü illərdə Tiflis Dövlət Universiteti fizika-riyaziyyat fakültəsinin tələbəsi olub, lakin 1943-cü ildə təhsilini yarımçıq qoyaraq, cəbhəyə yola düşüb.
 
Akademik 1950-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirib. M. Əliyev 1957-ci ildə fizika üzrə fəlsəfə dok­toru və 1966-cı ildə fizika üzrə elmlər doktoru elmi dərəcələrini, 1967-ci ildə pro­fessor elmi adını alıb. Onun yüksək ixtisaslı elmi kadrların hazırlanmasında alimin böyük xidmətləri olub. O, yarımkeçiricilər fizikası və onun tədris metodikası sahəsində 35 fəlsəfə doktoru, 7 elmlər doktoru yetişdirib.
 
M. Əliyev yarımkeçiricilər fizikası sahəsindəki və elmi kadrların hazırlanmasındakı böyük xidmətlərinə görə 1969-cu ildə fizika ixtisası üzrə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1980-ci ildə isə həqiqi üzvü seçilib.
 
Görkəmli alimlə vida mərasimi dekabrın 26-da saat 13.00-da AMEA-nın Əsas binasının Dairəvi akt zalında keçiriləcək.
 
Allah rəhmət eləsin!

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA