"Vəziyyət barədə dərhal Prezidentə məruzə edilib" - Əliyevdən itkin düşən neftçilərlə bağlı göstəriş

img

15-12-2016 [15:29]


Xəbər verildiyi kimi, dekabrın 15-də səhər saat 05.00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək "Azneft” İB-nin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı neft yığım məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub. 

Mia.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin mətbuat xidməti açıqlama yayıb.

Açıqlamada bildirilib ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 10 nəfər işçisi itkin düşüb:

"Vəziyyət barədə məlumat dərhal Azərbaycan Respublikasının Prezidentinə məruzə edilib. Dövlətimizin başçısı təcili olaraq itkin düşmüş neftçilərin axtarışı ilə bağlı bütün müvafiq qurumların rəhbərlərinə göstəriş verib.

Hazırda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin helikopter və gəmiləri, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əməkdaşları, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin gəmiləri itkin düşmüş neftçilərin axtarışı ilə bağlı operativ xilasetmə işlərini həyata keçirirlər. Bu saata kimi 1 nəfərin cəsədi tapılıb.

İtkin düşmüş şəxslərin axtarışı ilə bağlı tədbirlər davam etdirilir. Vəziyyətlə bağlı məlumatlar mütəmadi olaraq dövlətimizin başçısına məruzə edilir".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA