Fəlakət zonasında 4 minə yaxın insan tibbi müayinədən keçib

img

24-05-2010 [12:03]


Son dövrlər Azərbaycanda müşahidə edilən intensiv yağışlar nəticəsində sel sularından əziyyət çəkən 4 minə yaxın insan tibbi müayinədən keçib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumatına görə, 150 nəfər hospitallaşdırılıb. Ümumilikdə 79 hamilə qadın qeydiyyata götürülüb ki, onlardan da 14-ü artıq dünyaya uşaqlarını gətiriblər. Dünyaya gəlmiş 8 qız və 6 oğlan uşağının, həmçinin anaların vəziyyəti yaxşıdır. Zahı qadınlardan 10-u bütün dərman, geyim, bezlər, xüsusi uşaq qidaları, hətta uşaq arabaları ilə də təmin olunaraq evə buraxılıblar. Öz evlərində lazımi şərait olmayan iki zahı qadın uşaqları ilə birgə tibb işçilərinin evlərində qalırlar. Qalan 4 zahı, eləcə də hamiləliyin son aylarında olan 10 qadın hələ də doğum evlərindədir. Ümumiyyətlə, çadır şəhərciyində 655 azyaşlı uşaq var. Onlardan 33-ü - 0,5 yaş arası, 482 uşaq isə 1-5 və 18 yaş arasındadır. Havaların və çadırların həddən artıq isti olması ilə əlaqədar profilaktik məqsədlərlə nisbətən zəif orqanizmli 22 uşaq yaradılmış tibbi məntəqələrində yerləşdirilib. 1 uşaq anadangəlmə sepsislə Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Pediatriya İnstitutuna göndərilib. 1 uşağın üzərində cərrahi əməliyyat aparılıb ki, onun da hazırkı vəziyyəti qənaətbəxşdir. Çadırda olan 33 şəkər xəstəsinə özünənəzarət aparatları paylanıb, 6 ruhi xəstə nevroloji şöbələrə yerləşdirilib. Sel və daşqından zərər çəkənlərin məskunlaşdığı yerlərdə infeksion xəstəliklərin yaranmasının və yayılmasının qarşısını almaq məqsədi ilə gigiyena və epidemiologiya mərkəzləri tərəfindən dezinfeksiya işləri də gün ərzində bir neçə dəfə aparılır. Fövqəladə vəziyyətlə əlaqədar təcili tibbi yardım maşınları, eləcə də təhlükə zonasına yaxın rayonların tibb işçiləri də səfərbər olunub. Səhiyyə Nazirliyi tərəfindən tibbi və sanitar qaydalar tam nəzarətdə saxlanır və bu qayda təhlükə aradan qalxanadək davam edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA