23-05-2010 [06:01]
Bakı kəndlərində vəziyyət yenə də kritikləşib. Xüsusiylə də yerli əhalinin torpaqla bağlı problemləri ciddi narazlıq yaradıb. Körpü və yol çəkilişləri ilə bağlı plana düşən evlərə verilən kompensasiyalarla əlaqədar yaranan narazılıq isə vəziyyəti daha da gərginləşdirib. Məsələylə bağlı fikirlərini bizimlə bölüşən Xalq Hərəkatçıları Partiyasının sədri, Kəndlər Birliyinin rəhbəri Nəsir Ağayev də vəziyyətin təhlükəli həddə olduğunu deyir:
- Bakı kəndlərində vəziyyət pisdir, problemlər olduqca çoxdur. Əsas problem isə torpaqla bağlıdır. Çünki toraq əhalinin məskunlaşmasıdır, iqtisadiyyatdır, gələcəyidir. Azərbaycanda baş verən proseslərin əksəriyyəti isə öz əks-sədasını Bakı kəndlərində və Abşeron torpaqlarında göstərir. Azərbaycanın Qarabağ və Qarabağ ətrafında itirmiş olduğu torpaqlar, orda olan əhalinin burda məksunlaşması Bakı kəndlərində müəyyən demoqrafiq quruculuğa öz mənfi təsirini göstərib. Bakı kəndlərinin əksəriyyəti torpaq sarıdan iflas, böhran və dərin tənəzzül keçirməkdədir. Mən eştiməmişəm ki, başqa rayonun bir kəndinin sakini başqa kəndə gəlib torpaq götürsün. Amma bu gün Bakı kəndlərində Azərbaycanın 50 rayonundan nümunələr var. Elə götürək Buzovnanı, orada hər yerdən gələnlər məskunlaşıblar. Bəs yerli əhali? Bu gün yerli əhalidə böyük çaşqınlıq yaranıb. Yerli əhali iş yerlərini itirib. Bu keçid dövrü yerli əhalini iflasa, ancaq bəzilərini yüksəlişə gətirib çıxardı.
[b]- Bəziləri deyəndə, kimləri nəzərdə tutursunuz? Məmurları, yoxsa... [/b]
- Yüksək çinli məmurları və onların ətraflarını. Özü də bu adamlar vəzifələrdə elə oturublar ki, sanki bu nazirlik onlara verilən fərdi səlahiyyətdir. Bir şeyi başa düşmürlər ki, bu nazir kürsüsü onlara ona görə verilib ki, xalqın ehtiyaclarını ödəsinlər. İstər "Azəriqaz", istər ARDNŞ, istərsə də Nəqliyyat Nazirliyi öz maraqlarını güdür. Baxın, Kürlə Arazın daşması, kəndləri su basması bu nazirliklərin günahlarını üzə çıxardı. İndi günahlarını yuya bilmilər. Heç Xəzər dənizi də bunların günahını yuya bilməz. Çünki bunların iş metodu elə qurulub ki, başları ancaq "yeməyə" qarışıb və baş verə biləcək fəlakəti hesablaya bilmirlər. Ancaq ciblərini doldurmağı yaxşı hesablayırlar. Bunun nəticəsidir ki, bu gün Bakı kəndlərində torpaq fondu yoxdur, dağıdıblar.
[b]- Gəlin konkretləşdirək, Bakı kəndlərinin torpaq fondunu kimlər dağıdıb? [/b]
- Əlbəttə ki, məmurlar, səlahiyyət sahibləri. Abşeron rayonunun Məhəmmədi kəndində hər yeri satıblar. Özü də Məhəmmədi kəndinin sakinlərindən daha çox iş adamlarına satıblar, onlar da "göydələn"lər ucaldıblar. Bu "göydələn"ləri ucaldanların kim olduğunu hamı yaxşı bilir. Bunların hamısının başında da icra başçıları dayanır. Bunlar icazə verməsələr, kim orda daşı-daş üstə qoya bilər? Camaat 15 kv.m bərbərxana tikə bilmir, 50 dəfə polis, 20 dəfə prokurorluq, 500 dəfə də xırda məmurlar gəlirlər. Adamların cibindən 2 qramlıq nəşəni tuta bilirlər, amma bu boyda torpaqları kimin zəbt etməsini bilmirlər?
Buzovnanın dəniz kənarı ərazisi tamamiylə zəbt olunub. Hətta suyun içinə qədər gediblər. Burda hüquq-mühafizə orqanlarının rəhbrləri, yüksək vəzifə sahibləri də var. Onu da deyim ki, bu məsələdə korrupsiyanın ifrat forması özünü göstərir.
[b]- Bakı kəndlərində plana düşən evlərlə bağlı da narazılıqların olduğu bildirilir... [/b]
- Məndə olan məlumata görə, kənd sakinləri ilə aparılan danışıqlara əsasən, kompensasiyalar verilir. Eləsi var ki, torpağı zəbt edib, orda nəsə tikib, kiməsə rüşvət verib, qalıb. İndi gəlib onu sökəndə sənəd göstərməlidir, bəzilərinin isə sənədi yoxdur. Yoxsa, kimin sənədi varsa, dövlət onun pulunu verib. Hər şeyi olduğu kimi demək lazımdır.
[b]- Ancaq kompensasiyaların əhalinin evlərinə və əmlaklarına adekvat olmadığı bildirilir. Bu barədə nə deyə bilərsiniz? [/b]
- Buzovnada yolla, körpü ilə bağlı bir çox evlər, daşınmaz əmlaklar söküldü, hər hansı bir nrazılıq olmadı. Nə ilə bağlı idi, bilmirəm, amma razı qalmışdılar. Təbii ki, demirəm hamı razıdır, hamı ləbbeyk deyib. Bakı kəndlərinin camaatını torpaqları yoxdur. Elələri var ki, yeni ailə qurur, onlara torpaq sahəsi lazımdır, amma yoxdur. Bu problem nə vaxtsa şişib partlayacaq. Belə davam etsə, Bakı kəndlərində sosial partlayış gözlənilir. Burada elə bir ab-hava yaranıb ki, hər an partlayış ola bilər. Abşeron torpaqları hazırda yüz dəfə özündən artıq təzyiqə məruz qalıb. Hər tərəfdən bura axın var. Bakı kəndlərinin əksəriyyəti müəyyən təsərrüfat bölgüsü ilə mövcud olub. Maştağa ticarət mərkəzi, Buzovnada balıq, göyərti, Nardaranda bostançılıq, balıq, Bilgəhdə zəfəran, bağçılıq, Şüvəlan, Zirə əkinçilik, maldarlıqla məşğul olub. İndi isə əkin və örüş yerləri məhdudlaşıb. Satılan satılıb, tutulan tutulub, daha torpaq yoxdur. Demək olar ki, fərdi təsərrüfat məhv edilib. Vaxtiylə Bakı kəndliləri özlərini fərdi qaydada dolandırırdılarsa, Bakının bir milyon əhalisini meyvə, tərəvəz, ət məhsuları ilə təmin edirdilərsə, indi heç öz kəndlərini təmin edəcək səviyyədə deyillər.
[b]- Kəndlər Birliyi olaraq, bu problemlərlə bağlı hökumət qarşısında məsələ qaldırmısnızmı? [/b]
- Belə bir fikrimiz var. Amma elə ictimai təşkilatlar, elə qurumlar var ki, birbaşa bu məsələləri qaldırmalıdırlar. Onlar aqrar sənaye, yerli əhalinin işlə təmini, yerli əhalinin maarifləndirilməsi üçün addımlar atmalıdırlar. Ola bilsin ki, siyasi atmosferi gərginləşdirmək üçün hansısa şüar irəli sürsünlər. Lakin əslində, Bakı kəndlərində baş verən hadisələrin mahiyyətini anlamırlar. Bu hadisələrə düzgün münasibət lazımdır. Kabinetdə oturub, torpağı başa düşmək olmaz. Kabinetdə oturan nazirləri torpağa doğru qovmaq lazımdır. Necə ki, bunu adamlardan daha yaxşı Kürlə Araz elədi. Bu nazirlərin elədikləri səhvlər onları fəlakət baş verən yerə getmək məcburiyyətində qoydu. Bir gün Bakı kəndlərində də partlayış olacaq, sonra axtaracaqlar ki, nəyə görə belə oldu. Müəyyən məmurlar cinayətkar sistemi qurublar, xalqı cinayətə sövq edirlər. Kürlə Araz çayı minlərlə adamı evindən didərgin saldı. Amma bu vəziyyətin yaranmasında məsuliyyət daşıyan nazirlər, vəzifə sahibləri hələ də vəzifədədirlər, cəzalanmayıblar.
[b]- Nəsir müəllim, Nardaran kəndində də narazılıq var, hətta aksiya keçirmək niyyətindədirlər...
[/b]
[i]- (Tələsik)[/i] Əgər itirilmiş torpaqları geri qaytarmaq mümkündürsə, qoy keçirsinlər. Amma aksiya düşünülmüş qaydada olmalıdır. Bakı kəndlərində, eyni zamanda Azərbaycanda problem yetərincədir. Əgər milli maraqlar əsas götürüləcəksə, mən də onlara yardım edə, mövqeyimi bildirə bilərəm.
[b]- Qarşıdan parlament seçkiləri gəlir. Bakı kəndlərindəki bu gərginlik seçkiyə hansı formada təsir edə bilər? [/b]
- Bakı kəndlərində hazırda baş verən hadisələr seçkidə xaotik vəziyyət yarada bilər. Camaat elə bir vəziyyətdədir ki, seçki onları ümumiyyətlə, maraqlandırmır. Çünki seçim məsələsində xalqın iradəsi nəzərə alınmır. Bəli, müəyyən seçim olur, amma bu seçimi xalq eləmir.
Yerli məmurlardan, baş verən qanunsuzluqlardan bezən camaat Prezident Administrasiyasına saysız-hesabsız məktublar yazır. Kür çayı bir gündə neçə kubmetr axırsa, Prezident Administrasiyasına da o dərəcədə sürətlə şikayət məktubları "axır". Yerlərdəki məmurlar o qədər qanunsuzluq edirlər ki, bununla bağlı ciddi tədbirlər görülməlidir. Xalqın sosial tələblərini dinləməli, ictimai rəylə hesablaşmalıdırlar. Seçki ilində belə problemlərin olması isə daha pis nəticələnə bilər.
[b]- Deputatlığa namizəd olmağı düşünürsünüzmü? [/b]
- Namizəd olmaq yaxşı şeydir, ancaq mən əbədi namizəd olmaq fikrində deyiləm. Bəzən namizədliklər verilir, amma onlardan demokratiya pərdəsi kimi istifadə edirlər. Artıq bu fikirlər getmir, seçkini bir rəngi olmalıdır, o rəngi də xalq verməlidir. Çox təəssüf ki, xalqın özünün rəngi yoxdur. Bu xalq qəhrəmanını öldürüb, sonra ağlamağı xoşlayan xalqdır. Ona görə də xalqın nə edəcəyini demək çətindir. Öz namizədliyimə glincə, bunun üçün mənə ümumi rəy lazımdır. Bir neçə kəndlərimiz var, onlarla söhbətlər gedir. Çünki bu xına, daha o xınadan olmamalıdır. İstərdim ki, saxtakarlıq olmasın, amma hər şey gözlənilir.
[b]- Saxtakarlıq olacaqsa, hansı addımı atacaqsınız? [/b]
- Bunu hadisələrin özü müəyyənləşdirəcək. Bəlkə bizi həbsxana, ölüm, nahaq hücub gözləyir. Ona görə də hər gün mübarizədə olmaq lazımdır.
[b]Zaur ƏHMƏD[/b]