Sahibkarların “Azəravtoyol”dan şikayətinə rəsmi reaksiya: - "Heç bir giriş-çıxış yolu bağlanmayıb, bağlana bilməz"

img

21-11-2016 [14:11]


"Azəravtoyol”un əməkdaşları magistral yol kənarlarında istehsal, iaşə və digər  xidmətlər üzrə fəaliyyət göstərən obyekt sahiblərinə qarşı yenidən "səlib yürüşü”nə başlayıblar.

Bunu "Reytinq”ə adlarının çəkilməsindən ehtiyat edən sahibkarlar deyib.

Onların sözlərinə görə, 15 günə yaxındır ki, "Azəravtoyol”un əməkdaşları yol kənarında fəaliyyət göstərən obyekt sahiblərindən "hesab” tələb edirlər:

"Qurumun əməkdaşları 15 gündür gedib-gəlib bizlərdən 5 min manat pul istəyirlər. Əks halda magistral yoldan obyektimizə çıxan yolu bağlayacaqlarınıl deyirlər. Oysa ki, bizlər bu obyekti tikən zaman "Azəravtoyol”un keçmiş rəhbərliyinə texniki şərt və digər problemlərin həlli üçün tələb olunan pulu vermişdik. İndiki rəhbərliyin adamları isə bizə deyir ki, keçmiş rəhbərliklə nə etmisiniz, bunun dəxli yoxdur.  Saleh Məmmədovun dəstəsi açıq şəkildə keçmiş rəhbərliyi, yəni Cavid Qurbanovu ittiham edərək, onun dövründə yoldan fəaliyyətdə olan obyektlərə ayrılan yolu kəsəcəklərini deyirlər. Bilmirik nə edək”.

Sahibkarların sözlərinə görə, Saleh Məmmədovun işçilərinin bu hərəkəti birbaşa ölkə rəhbərliyinə qarşı çıxmaqdır: "Prezident dəfələrlə ölkədə sahibkarlığın inkişafı, iş yerlərinin açılması və bu yöndə olan problemlərin aradan qaldırılmasını məmurlardan tələb edib. Ancaq belə görünür ki, Saleh Məmmədov üçün bunun heç bir əhəmiyyəti yoxdur. Əgər Saleh Məmmədov Cavdi Qurbanovun dövründən fəaliyyət göstərən istehsal və qeyri-istehsal obyektlərinin yolunu kəsəcəksə, bu, o deməkdir ki, həmin obyektlər fəaliyyətini dayandıracaq. Əgər yol kənarlarında minlərlə obyekt olduğunu nəzərə alsaq, o zaman bu, minlərlə ailənin də ac qalacağı deməkdir. Buna kim cavab verəcək? Bu aillərin etirazını necə söndürə biləcəklər? Belə dərəbəylik olar? Axı, hamının 5-10 min rüşvət verməyə də imkanıə yoxdur. Yoxdursa, demək ki, 100 minlərlə vəsait hesabına başa gələn obyekti batmalıdır?”.

Sahibkarlardan biri deyir ki, "Azəravtoyol”un əməkdaşları yol kənarında olan "zapravka”lardan isə 8-10 min tələb edirlər: "10-15 il əvvədən fəaliyyət göstərən yanacaqdoldurma məntəqəsinə gəlib, açıq rüşvət istəyən, əks halda ağır metallar və ya ekskvatorla qazıntı aparıb, yola çıxışı kəsməklə, hədələmək nə deməkdir? İnanmırsınızsa, Abşeron, Sumqayıt ətrafındakı obyektlərə gedin, soruşun, görəcəksiniz nələr baş verir…”.

Məsələ ilə bağlı Mia.az-a açıqlama göndərən "Azəravtoyol”dan bildirilib ki, şikayətdə açıq şəkildə qərəz, böhtan var:

"Məlumat üçün bildirək ki, hər-hansı bir sahibkar obyektinə giriş-çıxış yolu üçün mövcud qanunvericiliyə uyğun olaraq mütləq şəkildə "Azəravtoyol” ASC-ə müraciət etməlidir. Yalnız bundan sonra ona verilmiş texniki şərt əsasında və tikinti norma və qaydalarına uyğun sürət-keçid zolağı ilə təmin olunmuş giriş-çıxış yolu salınır.  

Texniki şərt alınmadan obyektlərə çəkilən yollar aşkar edildikdə həmin yollar bağlanılır. Onu da bildirək ki, texniki şərt əsasında və tikinti norma və qaydalarına uyğun sürət-keçid zolağı ilə təmin olunmuş heç bir giriş-çıxış yolu bizim əməkdaşlar tərəfindən bağlanmayıb və bağlana bilməz. Dərc etdiyiniz yazıda da sahibkarların guya texniki şərt ola-ola incidilməsi məsələsi hər-hansı bir fakta əsaslanmadan yazılıb və konkret olaraq sübut və dəlil göstərilməyib.

Xahiş edirik bütün bunları nəzərə alıb heç bir fakta əsaslanmayan yazınıza düzəliş edəsiniz və avtomobil yolları ilə bağlı hər-hansı məqalə verilməmişdən öncə "Azəravtoyol” ASC-nin Mətbuat katibliyi ilə əlaqə saxlayaraq məlumatları dəqiqləşdirəsiniz. Əks təqdirdə mövcud qanunvericiliyə uyğun olaraq addımlar atılacaq!".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA