Sürücülük vəsiqələrinin verilməsində daha bir dəyişiklik - Yeni qaydalar

img

11-11-2016 [10:22]


Azərbaycanda sürücülük vəsiqələrinin verilməsində nöbvbəti dəyişiklik olacaq. 

Bu, «Yol hərəkəti haqqında» qanuna edilən dəyişikliklərdə nəzərdə tutulur. Dəyişikliyə görə, bundan sonra vətəndaşlara sürücülük vəsiqəsi veriləndə onun avtomat, yoxsa, mexaniki transmissiyalı maşınlar üçün olduğu göstəriləcək. Başqa sözlə, indiki sürücülük vəsiqəsi ilə həm avtomat, həm də mexaniki sürət qutusu olan maşınları idarə etmək olar.

Dəyişikliklərdən sonra isə bu qayda dəyişəcək – vətəndaş hansı növ avtomobili istəsə, həmin növ üzrə sürücülük vəsiqəsi olacaq. Amma mexaniki sürət qutusu ilə bağlı vəsiqə alanlar həm də avtomat qutulu avtomobilləri idarə edə biləcəklər. 

Dəyişikliklərə imtahan götürülən avtomobillərə videokamera qoyulması da əksini tapıb.


*** 

Milli Məclisin iclasında "Yol hərəkəti haqqında” qanuna 35-1 (Xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi) maddəsinin əlavə edilməsi barədə təklif müzakirə olunub.

Yeni maddənin I hissəsinə əsasən Azərbaycan vətəndaşı yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycanın qoşulduğu beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlılıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan ərazisində nəqliyyat vasitələrini ölkə ərazisinə daxil olduğu gündən bir ay ərazində idarə etmək hüququna malikdir.

Azərbaycan vətəndaşı ölkə ərazisində nəqliyyat vasitələrini həmin müddətdən artıq idarə etmək üçün sürücülük vəsiqəsini bu qanunun 35-ci maddəsinin VI-VIII hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir.

Maddənin II hissəsinə əsasən Azərbaycanda müvəqqəti olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlılıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan ərazisində nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir.

Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq üçün icazə aldıqda, ölkə ərazisində nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsini həmin icazəni aldığı gündən bir ay müddətində bu qanunun 35-ci maddəsinin VI–VIII hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir.

Maddənin III hissəsinə əsasən isə yuxarıdakı hissələrdə (I-II) nəzərdə tutulmuş hallarda sürücülük vəsiqəsi dəyişdirildikdə, xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi yeni sürücülük vəsiqəsi ilə birlikdə həmin şəxsə qaytarılır.

Digər dəyişikliyə əsasən, sürücülük vəsiqəsi alanlar imtahan verərkən onların idarə etmək istədikləri avtomobilin sürət qutusunun avtomat, yoxsa mexaniki olması nəzərə alınacaq. Həmçinin, təklif edilən dəyişikliyə əsasən, sürücülük vəsiqələri alarkən təcrübə imtahanlarının şəffaf keçirilməsinə nəzarət gücləndiriləcək.

Layihə səsə qoyularaq qəbul edilib.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA